"AİB ilə əməkdaşlıq sadəcə bir neçə layihələrin icrası ilə kifayətlənmir" RƏY-ÖZƏL

"Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında olan əməkdaşlıq 1999-cu ilən bəri uğurla davam edir. Onu qeyd etmək lazımdır ki, mövcud əməkdaşlıq sadəcə bir neçə layihələrin icrası ilə kifayətlənmir. Belə ki, tərəflər arasında regional əməkdaşlıq da yüksək səviyyədədir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, bundan əlavə, Asiya İnkişaf Bankının illik toplantısının 2015-ci ildə Bakıda keçirilməsi çox əlamətdar hadisə idi: "Hazırda Bankın Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumu həcmi 3 milyard ABŞ dollarından artıqdır ki, bu məbləğ də Azərbaycana infrastruktur sahəsinə investisiya qoymaqda kömək olmuşdur. Eyni zamanda, Bank Azərbaycanda dəmir yolu, yol tikintisi, su və kanalizasiya ilə bağlı digər layihələrə də dəstək verir. Avropanın enerji xəritəsini yenidən formalaşdıran Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasında da maliyyə yardımı göstərən Bank bu layihəyə kredit verən böyük beynəlxalq banklar arasında ilk sıralarda idi".

Politoloq düşünür ki, geniş miqyaslı bütün bu dəstək amilləri tərəflər arasında əməkdaşlığın yüksək səviyyəsindən xəbər verməklə yanaşı, eyni zamanda belə böyük beynəlxalq bankın Azərbaycanı etibarlı tərəfdaş kimi görməsindən irəli gəlir: "Tərəflər suvarma və təhsillə əlaqədar icra olunacaq yeni layihələr üzərində əməkdaşlığı uğurla davam etdirir. Azərbaycanın inkişafı üçün prioritet təşkil edən özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək məsələləri ilə bağlı da Bankın gələcəkdə də ölkəmizə dəstək verməsi əməkdaşlığı yeni və müsbət bir istiqamətə yönəldəcək".

Azərbaycanın hazırda qeyri-formal məşğulluqla mübarizə apardığını xüsusi vurğulayan Ş. Həsənova bu istiqamətdə ciddi tədbirlərin görüldüyünü diqqətə çatdırıb: "Neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, Azərbaycan çevik qərar qəbul edərək büdcəni yeni reallıqlara uyğunlaşdırmağa nail oldu. Bankın prezidenti Masatsuqu Asakava Azərbaycanın Ümumdünya Səhiyyə Təçkilatına COVID-19-la mübarizə fonduna 10 milyon ABŞ dolları, eyni zamanda bu istiqamətdə ehtiyacı olan Qoşulmama Hərəkatına üzv dövlətlərinə 5 milyon ABŞ dolları ianə etməsinə, ayrılıqda bir sıra ölkələrə yardım etməsinə görə təşəkkür etdi və bu addımları çox yüksək dəyərləndirdi. Asakava pandemiyanın gətirdiyi çətinliklərə baxmayaraq ölkəmizin qısa zaman kəsiyində sosial tədbirləri, biznesi dəstəkləməsini vurğulaması düşünürəm ki, cənab Prezidentin bu çətin və sınaq günlərində apardığı yorulmaz fəaliyyətinə beynəlxalq arenada verilən ən yüksək dəyərlərdən sadəcə biridir. Bundan sonra da tərəflər əvvəlki uğurlu təcrübəyə əsaslanaraq yeni işləri yüksək səviyyədə icra edəcəklər".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə