"Amerika xalqı şokda, Trampın məsələsi xırda tacirlikdir" ÖZƏL - AÇIQLAMA

"Bu siyasət Amerika xalqı üçün vərdiş edilmiş, öyrəşilmiş deyil. Bu idarəçilik Amerika əhalisi üçün uyğun deyil. Yəni, xalq psixoloji baxımdan şokdadır". Bu sözləri SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, siyasi məsələlər üzrə ekspert Mübariz Əhmədoğlu Amerika Birləşmiş Ştatlarında son vaxtlar baş verən hadisələri və Prezident Donald Trampın bunkerə yerləşdirilməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, adətən ölkə prezidentləri müharibə dövründə, göydən endirilə biləcək bomba ehtimalına qarşı və ya bu təhlükə ilə qarşı-qarşıya gələn zaman bunkerə (yeraltı sığınacaq) yerləşdirilirlər: "Axşam ABŞ Prezidenti Donald Tramp öz iqamətgahında, Eğ Evdə bunkerə yerləşdirildi. Bu o deməkdir ki, yəni, xalq və ya kütlə hücum edib Eğ Evin hasarlarını aşıb, Mərkəzi Sistemi yarıb Trampı öldürə bilər. Hazırda, ABŞ üçün xaos sözü vəziyyətə uyğundur, hətta, mən deyərdim ki, indiki situasiya üçün xaos sözü yüngül səslənir.

ABŞ-da daxili vəziyyətin qarışdırılmasında Rusiyanı günahlandırırlar, hətta, Çinə də istinad edənlər var. Lakin, mən belə başa düşürəm ki, ABŞ daxili vəziyyəti qarışdıran elə Donald Trampın özünün siyasətidir. Amerika xalqının öyrəşdiyi ənənəvi Prezident siyasətini Donald Trampda görmürlər. Prezident hər məsələyə tacir prinsipi ilə yanaşır. Məsələn: ABŞ niyə Ümumdünya Səhiyyə Təşkilatına ildə 500 milyon dollar ayırmalıdır? Donald Trampın məntiqi budur. Lakin, Amerika Ümumdünya Səhiyyə Təşkilatına 500 milyon maddi vəsait ayırmaqla dolayı yolla 2-3 milyard dollar pul qazanır. Trampın məsələsi isə xırda tacir məsələsidir. 5 manat pul vermişəmsə, onun əvəzinə 5 manat 50 qəpik qazanmalıyam. Digər tərəfdən Trampın kürəkəni də yəhudidir və burada yəhudilərə çox xüsusi bir münasibət mövcuddur. Bu siyasət Amerika xalqı üçün vərdiş edilmiş, öyrəşilmiş deyil. Bu idarəçilik Amerika əhalisi üçün uyğun deyil. Yəni, xalq psixoloji baxımdan şokdadır".

Siyasi ekspertin fikrincə, sosial şəbəkələrdə bununla bağlı aktivlik artdı, lakin, Tramp sosial şəbəkələri bağladı, indi isə sosial şəbəkələrdə olan aktivlik azalıb və hərəkət aktivliyi küçələrə və meydanlara çıxıb: "Digər tərəfdən qaradərili Corc Floydun ölümü ilə bağlı Trampın mövqeyi də düzgün olmadı. Tramp polisə haqq qazandırdı. Həmin qaradərili beş dəqiqə polisin ayağının altında yalvararaq can verdi. Donald Trampın isə bu hərəkət heç vecinə də deyildi. O, polisin hərəkətinə haqq qazandırdı. Bu da onu göstərir ki, həm demokratiyaya münasibətdə Tranpın mövqeyində qüsur var, həm də Trampın yanaşması ümumiyyətlə Amerikanın siyasi düşüncəsinə yeni yanaşmadır, əhali və xalq bunu qəbul etmək istəmir".

Mübariz Əhmədoğlu qeyd edib ki, yenə də bütün bu proseslərin tezliklə bitməsi bütün dünya üçün daha məqsədəuyğundur, çünki, hökmən dünyada bir stabil lider dövlət olmalıdır: "Biz uzun müddət iki qütblü dünyada, yəni, dünyada iki lider dövlətin mövcud olduğu dövrə şahid olmuşuq: Sovet İttifaqı və ABŞ-ın yanaşı lider olduğu dövrlərə. Onlardan biri, yəni qütblərdən biri dağılandan sonra uzun müddət dünyada xaos yaşandı. Son vaxtlarda dünyada müəyyən sabitləşmə gedirdi. Bir yandan da Donald Tramp ABŞ Prezidenti olaraq Amerika kimi fövqəl dövləti sıradan çıxartı. Bu dünyada çox böyük xaos yaradacaq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə