"“Amnesty İnternational” pandemiyadan alət kimi istifadə etməyə çalışır" Anar Məmmədov

"Azərbaycan dövlətinin davamlı inkişafı, müstəqil və qətiyyətli siyasət yürütməsi xüsusən də son aylarda koronavirusla mübarizə tədbirləri bəzi beynəlxalq təşkilatlarda siyasi qıcıq yaradır. Onlar daim ölkəmizə, onun nüfuzuna yönəlik ikili standartlarla çıxış etməklə, eyni zamanda, islamofobiyanın genişlənməsinə də rəvac verirlər. Artıq inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutan Azərbaycanda sosial – iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər onun qüdrətini daha da artırmaqdadır. Demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycan bu istiqamətdə mühüm uğurlara imza atır. Bu uğurların əsasında isə ilk növbədə ölkədə mövcud olan ictimai – siyasi sabitlik dayanır. Əfsuslar olsun ki, bizim uğurlarımızın miqyası genişləndikcə bəzi ermənipərəst dairələr də ölkəmizin nüfuzuna xələl gətirmək üçün əks hücuma keçirlər. Bu kimi qərəzli təşkilatların önündə isə "Amnesty İnternational" adlı beynəlxalq təşkilat gəlir". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, bu gün "Demokratiya çətiri" altında pərdələnən "Amnesty İnternational" adlı bir təşkilat koronavirus (COVID-19) pandemiyasından alət kimi istifadə etməyə çalışır və "qara piar" kampaniyasına başlayıb. Təəssüf hissi ilə qeyd edilməlidir ki, belə antiazərbaycançı təşkilatlar öz ölkələrindəki insan haqları problemlərindən diqqəti yayındırmaq, beynəlxalq ictimai rəyi məşğul etmək üçün Azərbaycan kimi ölkələri hədəf alırlar. Ancaq hər dəfə məqsədləri, niyyətləri ürəklərində qalır. Odur ki, onların qarayaxma planları yeni bir proses deyil.

"Amnesty İnternational" kimi ermənipərəst təşkilatın yaydığı bəyanata görə Azərbaycan hakimiyyəti müxalifətyönlü və vətəndaş fəallarına, müstəqil jurnalistlərə qarşı genişmiqyaslı təqib kampaniyasına başlamaq üçün COVİD-19 pandemiyasından istifadə edib. Hökumətin koronavirusa qarşı mübarizə tədbirlərini tənqid edənlər təqiblərə məruz qalıb. Lakin bu sırada bir məqam yaddan çıxarılır ki, Azərbaycan insan hüquq və azadlıqlarının qorunması yolunda inamla addımlayır. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi mərasimindəki nitqində dediyi kimi: "Biz bundan sonra da Azərbaycan xalqının və dövlətinin humanizm, insanpərvərlik ideallarına və prinsiplərinə, demokratiyaya, qanunun aliliyinə, insan hüquqlarına və əsas azadlıqlara hörmət bəslənməsinə əsaslanan dəyərlərə sadiqliyini nümayiş etdirəcəyik". Odur ki belə qərəzli bəyanatlar, ikili standartlar prinsipi, "qara piar" kampaniyası heç bir nəticə verməyəcək, qərəzli çağırışların heç bir effekti olmayacaq. Çünki nəyəsə etiraz edəndə ilk öncə onun səbəbini ortaya qoymalısan. Onların ortaya qoyduğu səbəbləri isə bizlər görürük və müəyyən edirik ki, bütün bunlar tamamilə əsassız və mənasızdır, çünki ölkəmizdə bütün hüquq və azadlıqlar qorunur, heç kim öz siyasi fəaliyyətinə və siyasi baxışlarına görə təqibə məruz qalmır. Karantin rejimi ərəfəsində isə həbs olunanlar birbaşa qanun pozuntusuna yol verdiklərinə görə məsuliyyətə cəlb olunmuşdular.

"Unutmaq olmaz ki, Azərbaycan hüquqi dövlətdir və kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Əgər kimsə bu gün müxalifət düşərgəsində təmsil olunub, özünü toxunulmaz sayırsa bu, tamamilə yalnış münasibətdir. Belə bir zamanda isə ermənipərəst kampaniya aparanların özləri də bilirlər ki, müvəffəqiyyətli bir nəticə əldə edə bilməyəcəklər. Bu, sırf düşmənin xarakteri və xislətidir. Biz bu təşkilatların keçmişdə belə çirkin hərəkətlərinin dəfələrlə şahidi olmuşuq. Bu gün də belə cəhdlərin şahidi oluruq. Ümumiyyətlə, onlar Azərbaycanın uğurlara imza atmasını həzm edə bilmirlər. Əgər onlar həqiqətən də insan hüquq və azadlıqlarının qorunmasına görə narahat olsaydılar o zaman Ermənistanın işğalçılıq siyasəti nəticəsində milyona yaxın insanın hüquqlarının pozulduğunu dilə gətirib, Ermənistan dövlətinə qarşı formal çağırış edərdilər. Odur ki, adıçəkilən bu təşkilatın hər hansı bəyanatı Azərbaycan üçün meyar sayıla bilməz. Bəyanatın məzmunundan açıq şəkildə anlamaq olur ki, kimlərinsə həbsini siyasiləşdirib divident qazanmaq istəyənlər yenidən öz əməlləri ilə xalqın iradəsinə qarşı çıxırlar. Belə ki "Amnesty İnternational"ın ermənipərəst mövqeyi və anti-Azərbaycan dairələrin sifarişini yerinə yetirdiyi dəfələrlə sübüt olunub. Bu təşkilat haqqında artıq belə bir qəti rəy formalaşıbdır ki, o, islamofobiya xəstəliyinə yoluxmuşdur və insan haqları məsələsini əsassız şəkildə bəhanə edərək müsəlman ölkələrinə qarşı kampaniya aparmaq missiyasını yerinə yetirməklə məşğuldur"-deyə, deputat qeyd edib. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə