"Sosial problemlər Azərbaycan dövlətinin daim diqqətində olub” ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Prezidenti cənab İlham Əliyev sosial cəhətdən təminata ehtiyacı olan insanların problemlərinin həllində çox həssasdır". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması, onların işlə, sosial müavinətlə təmin edilməsi və s. məsələlər Azərbaycan dövlətinin daim diqqətində olub: "Bu baxımdan ölkə başçısı məcburi köçkünlərin problemlərinin ardıcıl şəkildə öz həllini tapmasını vurğulamaqda haqlıdır. Bəlkə də Azərbaycan dünyada yeganə ölkələrdən biridir və bəlkə də birincisidir ki, bu qədər ağır yükün altına girir, vətəndaşlarına heç bir qarşılıq gözləmədən təmənnasız mənzil şəraiti yaradır, onların çadırlardan və yaxud da uçuq-sökük daxmalardan çıxıb normal işıqlı, müasir tələblərə cavab verən evlərdə yaşamasını təmin edir. Özü də bu az bir rəqəm deyil. Azərbaycan 10 milyon əhalisi olan bir ölkədir. Burada həmin əhalinin 1 milyondan artığı qaçqın və məcburi köçkün vəziyyətindədir. Təbiidir ki, Azərbaycan kimi kiçik bir dövlətin bu qədər böyük həcmdə işin altına girə bilməsi də ayrıca söhbətin mövzusudur. Amma bütün bunlara baxmayaraq biz görürük ki, Prezident İlham Əliyev başda olmaqla dövlətimiz həqiqətən də bu ağır yükün altına çiynini verir və həmin yükü də ləyaqətlə daşımaqdadır. Düşünürəm ki, Azərbaycan vətəndaşları, xüsusilə də qaçqın və məcburi köçkün soydaşlarımız bu məqamı xüsusi olaraq diqqətə almalıdırlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə