Prezidentə təbrik məktubları–ali nüfuzun və liderlik faktorunun bariz sübutu ANALİTİK

Bu amil eyni zamanda Onun şəxsinin, istərsə də ölkəmizin beynəlxalq nüfuzunun ali dərəcədə qiymətləndirilməsinin göstəricisidir

Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasətdə mühüm uğurlar qazanan, regionda və dünyada nüfuzu artan Azərbaycanın inkişaf modelinə beynəlxalq maraq artmaqdadır. Azərbaycanın inkişafı ölkə vətəndaşlarının rifah halının yüksəlməsi ilə bərabər, həm də regional və qlobal əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, dünyanın nüfuzlu ekspertləri, siyasi xadimləri, ayrı-ayrı nəşrlər Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti, eləcə də dinamik islahatlar siyasətini yüksək qiymətləndirir, bu addımların möhtəşəm olduğunu vurğulayırlar. 28 May Respublika Günü ilə bağlı istər xarici ölkə rəhbərləri, istərsə də nüfuzlu təşkilat və qurumlar tərəfindən dövlətimizin başçısına ünvanlanan təbrik məktublarında da bu faktorlar vuğulanır və qeyd edilir ki, Azərbaycanda aparılan mütərəqqi siyasət amili digər ölkələr tərəfindən dəstəklənir və alşıqlanır.

Digər tərəfdən, Azərbaycanın dinamik inkişafında, beynəlxalq münasibətlərdə fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasında, habelə digər məsələlərdə öncül yerlərdən birini tutmasının vurğulanması da sübut edir ki, Prezident İlham Əliyev tərəfindən reallaşdırılan mütərəqqi siyasət həm də nümunə etalonu olaraq qiymətləndirilməkdədir.

Bu baxımdan, nüfuzlu siyasi dairələrin Azərbaycana bu qədər diqqət ayırması, ölkəmizin uğurlarını yüksək qiymətləndirməsi və nəhayət, Prezident İlham Əliyevin siyasətinin dəstəklənməsi istər Onun şəxsinin, istərsə də ölkəmizin beynəlxalq nüfuzunun ali dərəcədə qiymətləndirilməsinin göstəricisidir. Daha dəqiq desək, bu reallıq həm də Prezident İlham Əliyevin dünyanın nüfuzlu siyasi liderlərindən biri olduğunu bir daha təsdiq edir.

Dinamik iqtisadi inkişaf Azərbaycanın milli gücünü artıran faktor kimi

Beləliklə, ilk növbədə qeyd etmək lazımdır ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin ən effektiv nəticələrindən biri Azərbaycanın mütəmadi səciyyə daşıyan dinamik iqtisadi inkişafıdır. Belə ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da milli inkişafın fundamental komponenti kimi çıxış edir.

Ölkəmizdə aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini təmin edib. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi də deyilənləri əks etdirir.

O cümlədən, qlobal pandemiya dövründə belə, sosial layihələrin icrası, müxtəif obyektlərin açılışı, eləcə də, vətəndaşların rifah halının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar da diqqətdən yanınmır. Əbəs deyil ki, Azərbaycan dövləti COVİD-19 pandemiyasından əziyyət çəkən bir sıra ölkələrə humanitar yardımlar göstərir və bu amil eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki gücünü, qüdrətini təsdiq edir.

Göründüyü kimi, ölkəmizdə həyata keçirilən mütərəqqi social-iqtisadi tədbirlər respublikamızın daha da güclənməsini təmin edib. Bu gün hər bir sektorda iqtisadi inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət faktoru dayanır.

Səmərəli sosial siyasət vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edir

Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".

İctimai-siyasi sabitlik ölkəmizin inkişafına təkan verən strateji faktordur

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional daxili və xarici siyasət kursunun qanunauyğun nəticəsidir ki, bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır. Ölkəmizdə bütün sahə və sektorların dinamik inkişafına təkan verən mühüm amillərdən biri olmaq etibarilə ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyin strateji qarantı qismində çıxış edir. Belə ki, birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir. Digər tərəfdən, seçki prosesi, onların reallaşdırılma vasitələri və demokratiklik səviyyəsi baxımından da Azərbaycan olduqca yüksək səviyyədə qiymətləndirilir. Əlbəttə, bütün bunlar vətəndaşların siyasi həyatda daha azad və layiqli şəkildə iştirakına spesifik töhfələr verməkdədir. Nəticə etibarilə, vətəndaş-dövlət münasibətləri bütün sahə və sektorlarda ən yüksək səviyyədə təmin edilməkdə və arzulanan nəticələri verməkdədir. Siyasi-hüquqi islahatların mütəmadi qaydada və prinsipiallıqla davam etdirilməsi milli təhlükəsizliyin təmin olunmasına önəmli töhfələr verməklə yanaşı, demokratik inkişafı sürətləndirməkdə və ictimai-siyasi sabitliyin əsaslarını möhkəmləndirməkdədir.

Azərbaycan demokratik inkişaf yolunda qətiyyətlə irəliləyir

Ölkəmizin daxili siyasət kursunun əsaslarına diqqət yetirərkən tərəddüdsüz qeyd etmək olar ki, Azərbaycan demokratik inkişaf indeksinə görə yüksək səviyyədə qiymətləndirilən ölkələr sırasında yer alır. Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir. Odur ki, bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer almaqdadır. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən başlıca amil isə mütəmadi surətdə sistem-struktur islahatlarının həyata keçirilməsidir. Məhz bütün bunların qanunauyğun nəticəsidir ki, Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları Azərbaycanın demokratiya yoluna sadiq qaldığını və demokratikləşmə prosesini sürətləndirdiyini bəyan etməkdədirlər.

Ölkəmiz beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verən aktor kimi tanınır

Ölkəmizin xarici siyasət kursunun əsaslarından bəhs edərkən vurğulamaq gərəkdir ki, Azərbaycan regional və qlobal təhlükəsizliyin təmin olunması işində özünəməxsus rol oynamaqdadır. Dövlətimiz beynəlxalq təhlükəsizliyin təmin olunması, regional və qlobal təhdidlərin qarşısının alınması istiqamətində dünya siyasətinin müstəqil aktorları ilə çoxtərəfli, bərabərsəviyyəli əməkdaşlıq etməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasətlə Azərbaycan Cənubi Qafqaz bölgəsinin, Avrasiya regionunun və bütövlükdə dünyanın hərbi-siyasi, iqtisadi, ekoloji, demoqrafik və enerji təhlükəsizliyinin təmin olunmasında aktiv surətdə iştirak edir. Bunlarla yanaşı, Azərbaycan bir sıra istiqamətlərdəki rasional fəaliyyəti ilə qlobal təhlükəsizliyin təmin olunmasında önəmli rol oynayır. Bir sözlə, bütün bu strateji istiqamətlərdəki fəaliyyətinə və töhfələrinə görə Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunması işində vacib tərəfdaş aktor kimi qəbul edilməkdədir.

Azərbaycan beynəlxalq dialoq mərkəzinə çevrilib

Bütün bunlarla yanaşı, Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə, siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunun ən böyük təsdiqi, qeyd etdiyimiz kimi, 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini qarşılıqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır.

Azərbaycanın qlobal mərkəzə çevrilməsini göstərən ən bariz cəhətlərdən biri ölkədə çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsidir. Bu cür beynəlxalq tədbirlərdə dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə nüfuzlu siyasi xadimi, ayrı-ayrı sahələr üzrə ekspertləri, həmçinin mətbuat nümayəndələri bir araya gələrək müxtəlif məsələlər üzrə dialoq, fikir mübadiləsi aparır, qərarlar qəbul edirlər. Bu kimi mühüm hadisələr Azərbaycanın qlobal iqtisadiyyatda artan rolunun beynəlxalq səviyyədə qəbul olunması deməkdir.

Onu da qeyd edək ki, Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır. Azərbaycanın mədəniyyətlərin inteqrasiyasına verdiyi töhfələrdən xəbər verir. Bu tədbirlərin həyata keçirilməsində dövlət başçısının siyasətinə ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da dəstək olur.

Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istər multikultural,istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Azərbaycan xalqının keçmişindən gələn dözümlülük, xoşgörü kimi xüsusiyyətlər multikulturalizm, bərabərlik, tolerantlıq prinsipləri şəklində dövlətin siyasətində əksini tapır. Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Bununla əlaqədar olaraq, ölkəmiz dünya sivilizasiyalarının qovşağı və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır. Həmçinin dünyada "sivilizasiyaların toqquşması" prosesinin cərəyan etdiyi, müxtəlif ölkələrdə cəmiyyətdaxili parçalanmalar nəticəsində dini, etnik zəmində konfliktlərin yaşandığı bir vaxtda Azərbaycan sabit və tolerant mühiti ilə diqqət çəkir. Təsadüfi deyil ki, bu gün tolerantlığın Azərbaycan modeli dünyada nümunə ola biləcək səviyyədə qiymətləndirilir.

Bütün bu reallıqlardan bir daha nəticə çıxararaq belə bir qənaətə gəlmək olar ki, bu günlərdə xarici dövlət başçıları və nüfuzlu beynəlxalq təşkilatlar rəhbərləri tərəfindən 28 May Respublika Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanlanan təbrik məktublarının hər birində qeyd edilən faktlar Azərbaycan dövlətinin və xalqının əldə etdiyi uğurlu tərəqqini təsdiq edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə