"Özümüzün və başqalarının həyatını təhlükə qarşısında qoymağa haqqımız yoxdur” ÖZƏL-MÜNASİBƏT

“Alimlər koronavirus pandemiyasını “gözə görünməyən düşmən” adlandırırlar. Bir çox bəlalar kimi, koronavirus da qəfil gəldi. Hazırda mövcud olan statistika sübut edir ki, dünyanın heç bir ölkəsi koronavirus bəlasını dəf etməyə qadir deyil”. Bunu SİA-ya Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, pandemiya qurbanlarının sayı hər ötən gün artır: “Sizinlə ünsiyyətdən bir az əvvəl son 24 saatın statistikasını nəzərdən keçirdim. Ötən sutka təkcə Braziliyada 1124 nəfər koronavirusdan ölüb. Ortada olan bu qorxunc statistika dövlətləri ehtiyatı əldən verməməyə vadar edir. Azərbaycan koronavirusla mübarizədə uğur qazanmış ölkələrdəndir. Vaxtında atılan addımlar, görülən profilaktik tədbirlər ölkəmizdə koronavirusdan kütləvi ölüm hallarının baş verməsinin qarşısını aldı. Azərbaycanla müqayisədə Ermənistanda koronavirusdan ölüm halı 5-6 dəfə çoxdur. Bu üstünlüyü qorumaq həm də insanlarımızı qorumaq deməkdir. Operativ Qərargah tərəfindən qəbul edilən yeni qərarlar insanların sağlamlığına xidmət edir. Ümid edirəm ki, insanlar yeni qərarları anlayışla qarşılayacaq, verilən tövsiyələrə əməl edəcəklər. Həm özümüzün, həm də başqalarının həyatını təhlükə qarşısında qoymağa haqqımız yoxdur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə