Gürcüstanın investisiya imkanlarına dair təqdimat keçirilib

Gürcüstanın investisiya imkanlarına dair təqdimat keçirilib

Bu gün Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Gürcüstanın investisiya imkanlarına dair təqdimat keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Gürcüstan tərəfdən rəsmi şəxslər, Azərbaycan tərəfdən isə rəsmi şəxslərlə yanaşı kənd təsərrüfatı, qida sənayesi, tikinti, turizm, bankçılıq və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın iş adamı iştirak edib.

 

Tədbirdə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanda əlverişli biznes və investisiya mühitinin yarandığını bildirib. O, özəl sektorun sürətlə inkişaf etdiyini vurğulayaraq qeyd edib ki, hər iki ölkə rəhbərliyinin birgə səyləri nəticəsində Azərbaycan-Gürcüstan əlaqələri yüksək inkişaf səviyyəsinə çatıb.

 

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Arçel Kekeliya ölkəsinin biznes və investisiya mühiti haqqında tədbir iştirakçılarına məlumat verib. Tədbir iştirakçıları Bakı Biznes Mərkəzində ölkənin sosial-iqtisadi inkişafı istiqamətində əldə olunmuş nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. Sərgi, eləcə də burada nümayiş olunan ölkə təqdimatı, interaktiv məlumat lövhəsi, Azərbaycan məhsullarının elektron kataloqu, ölkəmizin investisiya mühiti və biznes imkanlarına həsr olunan məlumat toplusu maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə