"Sosial müdafiənin təmini dövlətimiz üçün hər zaman prioritet olub" AÇIQLAMA - ÖZƏL

"Sosial müdafiənin təmini dövlətimiz üçün hər zaman prioritet olub" AÇIQLAMA - ÖZƏL

"Vətəndaş məmnunluğunun təmin edilməsində, sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsində Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla sosial islahatlar proqramının əsas hədəfi kimi yaradılan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi bu sahədə nümunəviliyi ilə seçilir. “ASAN xidmət”dən sonra Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə innovativ xidmət növünün - DOST layihəsinin vətəndaşların ixtiyarına verilməsi ölkəmizdə sistemli şəkildə həyata keçirilən sosial siyasətin artıq ənənə halını aldığının göstəricisidir". Bu fikirləri SİA-ya açıqlamasında Mİlli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O bildirib ki, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 3 saylı DOST mərkəzinin vətəndaşların ixtiyarına verilməsi davamlı olaraq həyata keçirilən həmin siyasətin məntiqi nəticəsidir.

Ölkə Prezidentinin yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Dövlət Televiziyasına müsahibəsini xatırladan deputat söyləyib ki, Prezident İlham Əliyevin də söylədiyi kimi koronavirus pandemiyasının sərhədləri aşıb, keçdiyi ilk gündən Azərbaycan özünün gücü hesabına gözəgörünməz “düşmən”in öhdəsindən gəlməyə qadir olduğunu dünyaya nümayiş etdirib: " Prezident İlham Əliyev müsahibəsi zamanı qeyd etdi ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir. Əks təqdirdə, biz səkkiz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməzdik. Əks təqdirdə, Qoşulmama Hərəkatının yekdil qərarı ilə, 120 ölkənin qərarı ilə sədr seçilməzdi. 2019-2021-ci illərdə Qoşulmama Hərəkatının sədri kimi fəaliyyət göstərən ölkə, dünya birliyinin məsuliyyətli üzvü kimi Azərbaycan diqqəti ümumi evimizin- planetimizin üzərinə qara kabus kimi çökən bəlanın öhdəsindən dünya ölkələrinin qarşılıqlı dəstək və birgə səyləri ilə gəlməyin yollarına yönəldib".

N.Həmzəyev qeyd edib ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə əldə etdiyi müsbət təcrübəni digər dövlətlərlə də bölüşməyə hazırdır: "Məhz indiki çətin və ağır dönəmdə Azərbaycanın özünü uğurla təsdiqləməsi, bütün problemləri aşması, dünyaya nümunə olması ölkə Prezidenti İlham Əliyevin uzaqgörənliyi və vaxtında verilmiş qərarları sayəsində əldə edilib. Bütün bunlar bir daha sübut edir ki, vətəndaşlarının sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi Azərbaycan dövləti üçün hər zaman prioritet məsələ olub".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə