Pənah Hüseynin sözü yerə qaldı və...

Pənah Hüseynin sözü yerə qaldı və...

Əksər müxalifət partiyaları bir araya gələ bilmədilər

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin müxalifətdə olan bir sıra partiyalarla toplaşıb, perspektivlər barədə müzakirələr aparmaq təklifi ilə çıxış etsə də, bir sıra müxalifət partiyalarının rəhbərləri həmin müzakirələrdən müxtəlif bəhanələrlə qaçıblar. SİA xəbər verir ki, AXP sədri mətbuata verdiyi müsahibəsində bu kimi məsələlərə toxunub və onun dediklərindən bilavasitə aydın olur ki, əks-düşərgə ümumiyyətlə, hər hansı müxalifətdaxili təşəbbüsə müsbət baxmaq istəmir. Yalnız 9 partiyanın toplaşa bildiyi toplantıda isə hər zaman olduğu kimi, yekdil rəyə gəlinə bilinməyib.

Dəfələrlə sübuta yetirilib ki, ənənəvi müxalifət düşərgəsində hər hansı partiya sədrinin önə çıxaraq təklif verməsi təşəbbüsü dərhal onun liderlik iddiasında olması ilə əlaqələndirilir. Daha dəqiq desək, həmin iddia digər partiya sədrləri tərəfindən qısqanclıqla qarşılanır və bu səbəbdən, düşərgədə hər hansı konsolidasiyadan, yaxud fikirlərin üst-üstə düşməsindən danışmağa dəyməz. Bəs P.Hüseyn bununla bağlı hansı fikirdədir?

Pənah Hüseyn: "Dəvət etdiyimiz partiyalardan bu və ya digər səbəblərdən üçü iştirak etmədi"

AXP sədrinin fikirlərini nəzər salsaq görərik ki, o əslində öz müsahibəsində ittihamlar irəli sürüb və toplantıya qatılmayan partiya sədrlərini sətiraltı suçlayıb. O, əvvəlcə 12 partiya ilə razılaşdırıldığını deyərək, sonradan 3 partiyanın "müxtəlif səbəblərdən" toplantıya gəlmədiklərini belə deyib: "Bizim dəvət etdiyimiz partiyalardan bu və ya digər səbəblərdən üçü iştirak etmədi. Bizə deyildi ki, həmin vaxt başqa işləri olub..."

Bəs hansı partiyalar P.Hüseynin sözlərini yerə alıb, yaxud əvvəlcə vəd versələr də, sonradan fikirlərini dəyişiblər? Məsələn, Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMP) sədri Hacıbaba Əzimov özünü təmizə çıxarmaq üçün, toplantıya qatılmasa da, guya oradakı fikirlərə müsbət yanaşdığını bildirib. Klassik Azərbaycan Xalq Cəbhəsinin (KXCP) sədri Mrmahmud Mirəlioğlu və Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ayrı-ayrılıqda iclas keçirəcəklərini bəhanə edərək, AXP sədrinin təklifinə mədəni şəkildə rədd cavabı veriblər.

AXP sədri: "Müsavat Partiyası və AXCP də bu məsələdə öz mövqelərində bir korrektə eləsinlər"

AXCP və Müsavata gəlincə isə, P.Hüseyn bu partiyaların daim şəxsi mənfəətlərinə xidmət etmələrini, digər müxalifət partiyalarına yuxarıdan aşağıya baxdıqlarını, yaxud, özlərini düşərgənin "lider partiyası" kimi ictimai rəyə sırıdıqlarını deməsə də, bunu dolayı yolla etiraf edib. "Açıq demək lazımdır, bir qayda olaraq AXCP və Müsavat bu cür formatlarda irəli sürülən təşəbbüslərdə və hazırlanan sənədlərdə son illərdə iştirak eləmir. Əlbəttə, mən şəxsən çox istərdim ki, Müsavat Partiyası və AXCP də bu məsələdə öz mövqelərində bir korrektə eləsinlər.", AXP sədri bildirib.

Daha bir maraqlı məqam, P.Hüseynin təşkil etdiyi toplantıya İlqar Məmmədovun sədri olduğu REAL partiyasının, Əli İnsanovun yaratdığı "Haqq və Ədalət" partiyasının, həmçinin Qubad İbadoğlunun rəhbərlik etdiyi Demokratiya və Rifah Hərəkatının da qatılmamaları ilə bağlıdır.

Görünən isə budur ki, AXP sədri P.Hüseynin sözü yerə qalıb və hətta onun təşəbbüsü ilə toplantıya qatılan 9 müxalifət partiyası ümumi rəyə gələ bilmə belə, bunu bütövlükdə müxalifət düşərgəsinin birgə toplantısı kimi adlandırmaq olmaz. Daha doğrusu, artıq düşərgənin bundan sonra ümumiyyətlə, eyni mövqedən çıxış etməsini də gözləməyə dəyməz. P.Hüseynin əslində şikayət xarakterli fikirlərindən də məhz bu cür qənatə gəlmək olar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə