"Son illərdə icra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlətin sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Bu baxımdan Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, cənab Prezident İhlam Əliyevin rəhbərliyi altında aparılan islahatların əyani təzahürüdür: "Bu layihə sosial təminat sahəsində inqilabi bir yenilikdir ki, bu sahə üzrə də Azərbaycan liderlik nümayiş etdirir. Bu mərkəzlər eyni zamanda cənab Prezident tərəfindən uğurla həyata keçirilən gənclər siyasətinə də bilavasitə xidmət edir. Belə ki, DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir. Gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün onlara geniş imkanlar yaradılır. Belə ki, gənclər nazir, icra başçısı kimi mühüm vəzifələrə təyin olunurlar. Bu isə onu göstərir ki, bu gün cənab Prezident tərəfindən gənclərə böyük etimad var".
Politoloq söyləyib ki, məsələyə geniş kontekstdən yanaşdıqda, hər bir hakimiyyət sütununun əldə etdiyi uğurların əsasında geniş və qlobal miqyasda fəaliyyət göstərməyi bacaran, keçmişlə gələcəyin analizini sistemli şəkildə apara bilən, siyasi savada və müxtəlif xarici dil biliklərinə malik olub ölkəsinin haqlı səsini beynəlxalq kürsülərdən dünyaya çatdırmağı bacaran dinamik, aktiv, milli-mənəvi dəyərlərə sadiq gənclərin olması vacibdir: "Gənclərlə çoxsaylı görüşlər keçirən ölkə başçımız da həmişə onları bilik əldə etməyə, yaxşı oxumağa, yaxşı peşəkar olmağa və öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərməyə səsləyir. Bu etimada sadiq olan biz gənclər də bilik, peşəkarlıq, yenilik, müasirlik kimi ən yüksək meyarlara cavab verməyə çalışırıq. Eyni zamanda, biz gənclər sadəcə xoş günlərdə deyil, çətin günlərdə də, bütün xoşagəlməz hallarda da cənab Prezidentimizin yanındayıq, Ümummilli lider Heydər Əliyev siyasətinə və bu siyasi kursun layiqli davamçısı İlham Əliyev cənablarına sadiqik. Bizə göstərilən etimadın fərqindəyik və bu etimada dərin sədaqətlə bağlıyıq".
Ş. Həsənova qeyd edib ki, gənclər müstəqil Azərbaycanın ilk qığılcımları, sinəsində vətənpərvərlik hissi olan, Qarabağ ağrı-acısını lap körpəliyindən ağ vərəq kimi beyinlərinə həkk edən bir nəsildir: "Dövlət idarəçiliyində savad və peşəkarlıqla bərabər bu xüsusiyyətlər də olduqca əhəmiyyətlidir. Axı səngərdə döyüşən zaman əsgərə ən son məqamda savadı yox, məhz canından keçməyə hazır olacaq cəsarəti lazım gəlir. Bu baxımdan hər bir gənc kadrın qəlbində böyük Azərbaycan sevgisinin olması əsas şərtlərdəndir. Bununla yanaşı, bir faktı da unutmaq olmaz ki, Azərbaycan mühafizəkar, böyük-kiçik məsələsinə önəm verən bir cəmiyyətdir. Biz gənclər bu məsələyə xüsusi həssaslıqla yanaşmalıyıq. Çünki bizim də dövlət idarəçiliyində böyüklərimizin təcrübəsindən öyrənəcəyimiz çox şey var".
O vurğulayıb ki, DOST mərkəzlərinin xidmət məqsədindən əlavə başqa yararlı məqsədləri də var: "Belə ki, mərkəzlərdə 130 nəfərdən çox işçi və “Könüllü DOST” proqramı üzrə 50 könüllünün çalışması nəzərdə tutulur ki, bu da əhalinin məşğulluğunun artırılması işinə xidmət edəcək. Bütün dünyada durğunluğun hökm sürdüyü bir zaman kəsiyində əhalinin məşğulluğunun artırılması, yenə dövlətin prioritet istiqamətlərindən biridir. Bundan əlavə, nəzərə alsaq ki bu mərkəzlərdən 5-i Bakıda, 26-sı isə regionlarda olacaq o zaman düşünürəm ki, bu mərkəzlər bilavasitə region əhalisinin, gənclərinin məşğulluğunun artırılmasına da töhfə verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB