"Mayın 19-da Milli Məclisdə müzakirəyə çıxarılan məsələlər içərisində hər zaman ictimaiyyətin diqqət mərkəzində yer alan önəmli bir problem də vardır. Bu, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatıdır. Açığını deyim ki, dünyada mövcud olan bütün cinayətlər pisdir. Onların hamısı hər birimizin həyatını, sağlamlığını, malını, mülkünü təhdid edir. Lakin elə biabırçı və qəddar əməllər var ki, onlara adi gözlə baxmaq olmur. İnsan alveri də bu qəbildən olan cinayətlərdəndir. Adamların etibarından, çarəsizliyindən, kimsəsizliyindən, savadsızlığından sui-istifadə edərək, onları aldatmaq, quldarlıq dövründəki kimi həyatlarını alver, ticarət predmetinə çevirmək ən alçaq əməllərdir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
Partiya sədrinin sözlərinə görə, qlobal problem olan bu növ cinayətkarlıq, ölkəmiz müstəqilliyinə qovuşduqdan və sərhədlərimiz dünyaya açıldıqdan sonra bizə də gəlib çıxdı: "Yaxın illərə qədər paytaxtımız Bakıda, digər şəhərlərimizdə "mama rozalar"-ın fəaliyyəti, qanunsuz saxladıqları əxlaqsızlıq yuvalarında qadınların intim istismara cəlb edilməsi, uşaq əməyindən geniş istifadə olunması, yetimlərin dilənçiliyə sövq edilməsi hər kəsin yaxşı yadındadır. Mən hələ insan tacirlərinin minlərlə gənc qızları işə düzəltmək adı altında Dübaya, Türkiyəyə, Rusiyaya aparıb, onları fahişəliyə məcbur edildiklərini demirəm.
Təbii ki, milli dəyərlərimizə zidd olan belə hallar cəmiyyəti çox narahat edirdi. İnsan ləyaqətini alçaldan, şəxsiyyəti deqradasiya edən, adamları köləyə çevirməyə yönələn bu dəhşətli hüquqpozmalar dövlətimizi adekvat addımlar atmağa sövq etdi. Tezliklə insan alveri əleyhinə mübarizənin qanunvericilik bazası yaradıldı, ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşuldu. Məsələnin vacibliyini dəyərləndirən Prezident İlham Əliyev problemin həllini şəxsi nəzarətinə götürdü. Dövlət başçısının sərəncamı ilə daxili işlər orqanlarına əlavə səlahiyyətlər verildi, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator vəzifəsi təsis edildi. DİN-in strukturunda yeni baş idarə yardıldı. Görülən tədbirlər, həyata keçirilən proqramlar sözügedən cinayətlərin dinamikasında dönüş yaratdı. Ölkəmizdə artıq fərqli mənzərə vardır.
Bir siyasət adami kimi, bu sahədə qətiyyətli mübarizənin indidən belə də davam edəcəyinə inanıram. Ölkə rəhbərliyinin möhkəm iradəsi, lazımi qanun və mexanizmlərin mövcudluğu, daxili işlər orqanlarımızın ugurlu fəaliyyəti, vətəndaş cəmiyyəti institutlarının bu məsələlərdə kifayət qədər fəallığı və hakimiyyətlə əməkdaşlığı hər birimizidə bu əminliyi artırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB