“Son video konfrans “Milli Şura” üçün rəzalət idi” ÖZƏL-ŞƏRH

“Son video konfrans “Milli Şura” üçün rəzalət idi” ÖZƏL-ŞƏRH

Azərbaycan dövlətinə, xalqına radikal, xəyanətkar mövqe bəsləyən, özlərini “Demokratik Qüvvələrin Milli Şurası” adlandırılan və əsasən xarici ölkələrdə yaşayan, xarici düşmən qüvvələrinə bağlı olan, eyni zamanda Azərbayana qarşı düşmənçilik siyasəti aparan marginal qrup növbəti dəfə özünü ifşa etdi. Bu sözləri SİA-ya müsahibəsində politoloq Yusif Bağırzadə deyib.

Politoloq qeyd edib ki, “Milli Şura”nın Koordinasiya Mərkəzinin son video konfransı sözün əsl mənasında rəzalət idi və həmin rəzalətdən sonra nəinki istefa verən iki şəxs, elə başda Gültəkin Hacıbəyli olmaqla hamı istefa verməli idi.

“Nə qədər etiraf etməsələr də onlar da gözəl anlayırlar ki, özlərini rüsvay ediblər. Bircə video konfransla cəmiyyətin ciddi qınağına tuş gəliblər və özlərinin əsl mahiyyətlərini ortalığa qoyublar. Bunun nəticəsidir ki, konfransda iştirak edən insanların bir-birinə qarşı münasibəti, dialoq zamanı istifadə etdikləri qeyri-etik ifadələr cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılanır.

Özünü ziyalı, siyasətçi hesab edənlər çıxıb əxlaqi, milli, mənəvi, insani dəyərlərə zidd olan iyrənclikləri kimlərəsə xoş gəlmək üçün müdafiə edirlərsə onlardan cəmiyyətə hər hansı bir fayda gözləməyə dəyməz. Bu gün özlərini demokratik qüvvə sayıb meydana atılanların illərdir ki, eyni ittihamlarla, eyni sözlərlə xalqı necə aldatdığının şahidiyik.

Anti-Azərbaycançı şəbəkənin maliyyə dəstəyi ilə ölkədə ictimai-siyasi sabitliyi pozmaq onların apardıqları "siyasət"in ana xəttini təşkil edir. Bir-birini ittiham, şantaj edərək satqın, xəyanətkar adlandıran dağıdıcı müxalifət partiyalarının funksionerləri heç vaxt nəyəsə nail ola bilməyiblər və bundan sonra da nəyəsə nail olmaları mümkün deyil.

Tutduqları yol bəlli, apardıqları siyasət və gördükləri işlər ictimaiyyətin gözü önündədir. Son prezident seçkisində iflasa uğrayan bu şəxslərə elə əsl qiyməti fevralın 5-də Heydər Əliyev Mərkəzində regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxış edən Cənab Prezident İlham Əliyev verdi. Dövlət başçısı bildirdi ki, Azərbaycanda daxili vəziyyət çox sabitdir. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlikdir, xalqın görülən işlərə dəstəyidir, inamıdır”, deyə Yusif Bağırzadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə