"Milli Şura adlanan qrup xalqın dəstəyindən məhrumdur" ÖZƏL-MÜNASİBƏT
"Bir neçə gündür sosial şəbəkələrdə Milli Şuranın onlayn iclaslarının görüntüləri yayılmaqdadır. Bu sərbəst platforma iqtidara özlərini real alternativ qüvvə kimi sırımaq istəyən şəxslərin olduqları kimi görünmələrinə əla şərait yaradıbmış. Nələr yoxdu bu görüntülərdə - söyüş, qeybət, millətin müəyyən kəsiminin zövqünü aşağılamaq və s. Haqq qazandırılası heç nə yoxdur. Söyüş söymək, başqalarının hissləri ilə oynamaq, onları təhqir etmək, qeybət insana yaraşmayan sifətlərdir və bu, məsələnin daha çox mənəvi tərəfidir". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.
Onun sözlərinə görə, məsələnin siyasi tərəfi üzərində daha çox dayanılmalıdır: "O baxımdan ki, bu qurumda cəmləşənlər guya ciddi siyasətlə məşğul olan, bütün günü hakimiyyəti tənqid edib, onun yerinə gəlmək iddiasına düşmüş şəxslərdir. İllərdir görüntü yaradırlar ki, ciddi proqramlar üzərində işləyiblər və ölkənin gələcəyi ilə bağlı müəyyən yeni baxışlara malikdirlər, hakimiyyətə gəlsələr, indikindən daha yaxşı işlər görəcəklər. Amma elə illərdir ki, bunu necə edəcəklərini sanki sirr saxlayırlar. Reallıqda konkret heç bir ağlabatan proqrama malik olmasalar da müəyyən qədər bu görüntünü yarada bilirdilər də.
Milli Şuranın iclasından yayılan görüntülər, ilk növbədə bu sirr pərdəsini qaldırıb. Aydın olur ki, əsas müxalif qüvvə olduqlarını deyənlər öz iclaslarında qeybətlə, dürlü-dürlü söyüşlər söyməklə, həmçinin millətin hansı seriala (Bir millət ki, “Eşkiya dünyaya hökmdar olmaz”a baxır getsin... - Gültəkin Hacıbəyli) baxması kimi “ciddi” işlərlə məşğul imişlər. Eyni zamanda, ölkənin problemlərini müzakirə etmək əvəzinə, sosial şəbəkələrdə fırtına əsdirməyin yollarını axtarırmışlar. Çayxana söhbətlərinin onlayn versiyası, başqa heç nə!
Söyüşlərin üzərindən keçib görüntülərdəki bir neçə məqam üzərində qısaca dayanmaq yerinə düşər. Milli Şuranın başbiləni Cəmil Həsənli 2025-ci ildə həm prezident, həm də parlament seçkilərinin olacağını deyir. Və bu zaman sabiq millət vəkili, vaxtilə mövcud hakimiyyətin ən fəal müdafiəçisi olan Gültəkin Hacıbəyli “Siz niyə belə pessimistsiniz. Mən hazırlaşıram uzaqbaşı sentyabrda hakimiyyətə gəlim”-, deyə etirazını bildirir.
Saul olunur - Bu komanda iləmi gəlmək istəyirsiz hakimiyyətə?!
Proqramınız olduqca zəngindir: “Eşkiya dünyaya hökmdar olmaz” serialına baxmaq qadağan olunacaq, söyüş, qeybət və s. idarəçilikdə ana xətt təşkil edəcək. Təsəvvür etmək çətin deyil ki, iclasda söyüş söyən şəxs hansısa vəzifə sahibi olanda necə davranacaq.
Başqa bir məqam. İclasın müəyyən bir yerində İbrahim İbrahimliyə söz verilir və “Deyəsən yatıb onu qıdıqlamaq lazımdır” deyilir. Həqiqətən, bir-birinizi qıdıqlayın, bəlkə ayıldınız, bir balaca dəyişdiniz, bu millət qarşısında müxalifət kimi məsuliyyət daşıdığınızı dərk etdiniz. Bəlkə...
Sonuncu məqam. Əli Kərimlinin telefonunun iclasda deyildiyi kimi, “Deyəsən Əli bəyin “zaryadkası” qurtardı” ifadəsidir. Əli bəyin həqiqətən siyasi baxımdan “zaryadkası” bitib. Yanlış siyasət nəticəsində tərəfdarlarını itirən AXCP sədri indi, sadəcə bir qrup adamla qeybət etməklə məşğuldur. Onun və milli şuradakıların isə iki hədəfi var imiş- sosial şəbəklələrdə fırtına yaratmaq, digər müxalifətçiləri aşağılayıb gözdən salmaq. Həqiqətən bunu yaxşı bacarırsınız...
Milli Şurada cəmləşənlər bu ağılla, illərdir dəyişməyən düşüncə ilə hakimiyyətə rəqib olmaqdan çoxdan uzaqlaşıb, yayılan görüntülər bunun əyani isbatıdır.
Ən sonda danılmaz faktdır ki, Milli Şura adlanan qrup xalqın dəstəyindən məhrumdur. Hər hansı sosial qayğıların, siyasi çətinliklərin çözümü ilə bağlı real heç bir proqrama malik olmayan Milli Şura şər-böhtanla özlərinin də dediyi kimi, sosial şəbəkələrdə fırtına əsdirməyə güc veriblər. Axırıncı "fırtına" isə o qədər güclü olub ki, özlərini unudublar və olduğu kimi görünməyə başladıqlarının fərqinə belə varmayıblar...".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB