"Hakimiyyətlə cəmiyyətin həmrəyliyi daha da möhkəmləndirilməlidir" ÖZƏL-MÜNASİBIT

"Hakimiyyətlə cəmiyyətin həmrəyliyi daha da möhkəmləndirilməlidir" ÖZƏL-MÜNASİBIT

"Pandemiya səbəbindən tətbiq edilən sərtləşdirilmiş karantin rejiminin xeyli yumşaldılması ilə əlaqədar hökümətin verdiyi qərar bir-iki gündən sonra qüvvəyə minəcəkdir. Hazırki epidemioloji-statistik göstəricilərin hələ də ürəkaçan olmadığı, virusa yoluxanların sayında son günlər yenidən artım meyillərinin müşahidə olunduğu bir vaxtda bu addım təəccüblü göründüyü kimi,həm də başa düşüləndir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, görülən böyük işlər, həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində, ölkəmizdə koronavirusla bağlı vəziyyəti nəzarətə almaq mümkün olub: "Lakin reallıq budur ki, infeksiya üzərində qələbədən danışmaq çox tezdir. Mütəxəssislərin rəyinə görə, sözügedən virusa effektiv təsir edəcək vaksin kəşf edilənə qədər biz koronovirusla birgə yaşamağa məhkumuq. Bu bir həqiqətdir. Amma o da bir gerçəklikdir ki, insanlar uzun müddət sərt izolyasiya həyatı yaşaya bilməzlər. Bunun hansı sosial, iqtisadi, maliyyə, psixoloji və s. fəsadlara ,problemlərə yol açdığını hər birimiz öz həyatımızda əyani şəkildə görürük. Doğrudur, gün-güzəranımızı əvvəlki axarına,ritminə qaytarmaqdan hələ söhbət gedə bilməz. Öyrəşdiyimiz həyata qovuşmaq üçün müddəti bəlli olmayan kontrollu bir yaşam tərzinə alışmalıyıq. Ekspertlərin fikrincə, pandemiyanın yeni dalğaları da istisna deyil. Bunu Ümümdünya Səhiyyə Təşkilatının xəbərdarlıqları da təsdiqləyir.

Ancaq,bütün bunlarla yanaşı, təşvişə düşməyə də əsas yoxdur. Əvvəla,ona görə ki, dövlətimiz bu cür böhranlı vəziyyətləri idarə etmək üçün xeyli təcrübə toplayıb. İkincisi, səhiyyəmizin imkanları kifayət qədər artırılıb. Qısa müddət ərzində yeni klinikalar istifadəyə verilib,lazımı avadanlıqlar,ləvazimatlar alınıb, dərman və preparatların ehtiyatı yaradılıb. İlk dəfə olaraq, tibbi maskalar, qoruyucu kombinezonlar, gözlüklər, dezinfeksiya vasitələri istehsal edən milli müəssisələrimiz fəaliyyətə başlayıb. Üçüncüsü,virusla mübarizənin episentrində olan fədakar həkimlərimiz, tibb personalımız olduqca zəngin təcrübə və yeni biliklər əldə etmişlər.

Epidemioloji şəraitin gedişatı indidən belə, əsasən, insanların davranışından, öz həyatı və cəmiyyət qarşısındakı məsuliyyətinin dərk etmə səviyyəsindən asılı olacaqdır. Sosial məsuliyyət, sosial məsafə, sosial izolyasiya, sosial və şəxsi gigiyenaya-bizim həyatımızın,yaşayışımızın prinsiplərinə çevrilməlidir. Başlıcası isə, toplumun hər bir fərdi ölkədə tətbiq edilən bütün qaydalara tabe olmalı, hakimiyyətlə cəmiyyətin həmrəyliyi daha da möhkəmləndirilməlidir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə