"Korrupsiya cinayəti ölkəmizin iqtisadi, siyasi əsaslarına ciddi zərbə vurur" ÖZƏL-MÜNASİBƏT
"Ölkəmizdə korrupsiyaya qarşı aparılan mübarizənin daha da sərtləşdirilməsi bu sosial bəlanın yerli və mərkəzi hakimiyyət orqanlarında ayrı-ayrı vəzifə sahiblərinin dövlət vəsaitlərini təyinatından yayındırması, talaması və mənimsəməsi ilə bağlıdır. Bu cinayət əməlləri ölkəmizin iqtisadi, siyasi əsaslarına ciddi zərbə vurur, milli təhlükəsizliyimizi təhdid edir. Dövlət aparatını belə cinayətkarlardan təmizləmək üçün ölkə başçısı İlham Əliyevin nümayiş etdirdiyi möhkəm iradə göz qabağındadır". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
Partiya sədri bildirib ki, Prezident bütün son çıxışlarında açıq mətnlə bəyan edir ki, dövlətin, xalqın malını mənimsəyən hər bir kəs ciddi cəzalandırılacaqdır: "Mayın 13-də dövlətimizin rəhbəri Kəlbəcər rayon icra hakimiyyətinin yeni təyin edilmiş başçısını videoformatda qəbul edərkən bir daha vurğuladı ki, kim tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirsə, rüşvətdən, yalandan, talançılıqdan, korrupsiyadan uzaq durmalıdır.
Düşünürəm ki, bu məsələdə siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının, geniş ictimaiyyətin
ölkə başçısına dəstək vermələri sevindirici haldır. Lakin hakimiyyətin digər qolları da bu istiqamətdə fəaliyyətlərini Prezidentin addımlarına uyğunlaşdırmalıdır. Bununla bağlı vətəndaşlarımızın Milli Məclisdən gözləntiləri daha böyükdür. Bildiyiniz kimi,bizim Ana Qanunumuz - Konstitusiyamıza görə, ölkəmizin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidentinin təqdimatı əsasında qanunvericilik hakimiyyəti tərəfindən təsdiq olunur.Bu mühüm Maliyyə Aktının icrasına nəzarət səlahiyyəti də Milli Məclisə məxsusdur. Bu məqsədlərlə Milli Məclisə hesabat verən büdcə-maliyyə nəzarət orqanı olan Hesablama Palatası yaradılmışdır. Ali maliyyə nəzarəti həyata keçirən Hesablama Palatası büdcə vəsaitlərinin məqsədyönlü və təyinatı üzrə xərclənməsini hər an nəzarətdə saxlamalı və bundan ötrü, qanunla müəyyən edilmiş qaydada audit və yoxlamalar aparmalı və Milli Məclisə hesabat verməlidir.
Korrupsiya ilə mübarizə kontekstində son aylarda yerli və mərkəzi hakimiyyət orqanlarında DTX tərəfindən bir sıra yüksək vəzifəli dövlət məmurlarının, o cümlədən, 5 rayonun icra hakimiyyəti başçılarının, Mədəniyyət nazirinin müavininin saxlanılması və barələrində həbs qəti-imkan tədbiri seçilməsi göstərdi ki, onların törətdikləri cinayətlər, əsasən,büdcə vəsaitlərinin talanması ilə bağlıdır. Bu isə Hesablama Palatasının fəaliyyətinin ciddi şəkildə gücləndirilməsini, Konstitusiya ilə bu orqana verilmiş səlahiyyətlərin daha dolğun yerinə yetirilməsini gündəmə gətirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB