Əli Əhmədov: “Azərbaycanda radikalçılığa, aqressivliyə yer yoxdur”
Bir sıra qüvvələr Azərbaycanın az sayda gənclərini öz ətrafına toplayaraq ölkədə xaos yaratmağa çalışırlar. SİA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi (YAP) Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Azərbaycan xalqının radikal müxalifətin hərəkətlərinə kifayət qədər sərt reaksiya göstərdiyini deyən YAP funksioneri bildirib ki, həmin partiyaların sıralarından kütləvi istefalar bu qüvvələrə olan etirazın bariz nümunəsidir: "Bu partiyalar dərk etməlidirlər ki, xalq onların səylərinə nəinki biganədir, eyni zamanda kəskin etirazını bildirirlər. Azərbaycandakı ictimai siyasi sabitliyi hər bir vətəndaş yüksək qiymətləndirir. Azərbaycanın hər bir vətəndaşı dinc şəraitdə yaşadığına görə, ölkədə yaradılan sabitliyə borcludur. Müxalifətin radikal qanadının ardıcıl sürətdə aksiyalar keçirmək cəhdlərinin iflasa uğradının şahidi oluruq. Axırıncı dəfəki aksiya cəhdi zamanı nə qədər adamın iştirak etməsinin şahidiyik. Bir neçə gənci aldadaraq kütləvi aksiya keçirmək təbii ki, mümkün deyil. Bunu aksiya adlandırmaq mümkün olmaz. Bir neçə nəfərin hesabına Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmaq mümkün deyil. Əksinə onların pozuculuq fəaliyyəti xalqın onlara olan ikrah hissini daha da artırır. Ona görə də onların sıraları seyrəlir".
Ə.Əhmədov bildirib ki, radikal müxalifətçilik öz ideologiyasını kəskin surətdə dəyişməyə məhkumdur: "Əgər onlar bu reallığı dərk etməsələr, Azərbaycan cəmiyyətinin onlara olan münasibəti daha da kəskinləşəcək. Onların sıralarında qalan az sayda adamlar da onların sıralarını tərk edəcəklər. Onların ətrafına topladıqları gənclər də səhv yolda olduqlarını dərk edəcəklər. Azərbaycanda radikalçılığa, aqressivliyə yer yoxdur. Azərbaycan vətəndaşları inkişafımıza xidmət edən rahat, sabit əmin-amanlıq şəraitində yaşamaq istəyirlər".
Müxalifətin birliyi məsələsinə gəlincə, YAP icra katibi bunun mümkünsüz olduğunu bildirib: "Ən azından ona görə ki, müxalifət anlayışı rəngarəngdir. Müxalifət adı altında Azərbaycanda çox müxtəlif siyasi ideologiyalara söykənən partiyalar və ya partiya adlandırıla biləcək qruplar var. Ona görə də onların birliyinin yaradılması mümkün deyil. Partiyaların bəziləri mərkəzçi, bəziləri sağçı və ya solçu, bəziləri radikallıq azarına tutulublar. Belə olan halda müxalifətin birliyini təmin etmək mümkün deyil. Azərbaycanın siyasi reallığı bunu birmənalı şəkildə sübuta yetirib. Bu qüvvələrin başında duranlar öz qüvvələrinə uyğun gəlməyən iddialara sahibdirlər. İddiaçılıq həmin partiyaların bir araya gəlməsini kifayət qədər çətinləşdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB