Azay Quliyev: “İctimai təşəbbüslər özəl sektor tərəfindən dəstəklənmir”

Azay Quliyev: “İctimai təşəbbüslər özəl sektor tərəfindən dəstəklənmir”

"Təəssüflər olsun ki, bu gün bəzi şirkətlər QHT-lərə verdikləri layihələrdə yalnız bir şərt irəli sürürlər: nə edirsiniz edin, bizi təbliğ edin, bizim reklamımızı aparın". SİA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.

Məlumata görə, Şura sədri təəssüflə qeyd edib ki, QHT-lər bununla bağlı fikirlərini özəl sektor təmsilçilərinə dəfələrlə çatdırmalarına baxmayaraq, bu sektor üçün sosial sərmayə anlayışı, sosial sərmayə prinsipi, vətəndaş cəmiyyətinin inkişafı tamamilə arxa plandadır: "Hesab edirəm ki, problemin həlli ilə bağlı çox ciddi işlər görülməlidir".

Millət vəkilinin sözlərinə görə, artıq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bununla bağlı "Korporativ Sosial Məsuliyyət" haqqında qanun layihəsi hazırlayır. Şura bununla əlaqədar Prezident Administrasiyasını da məlumatlandırıb. A.Quliyev deyib ki, Milli Məclisin də diqqəti bu məsələyə cəlb edilib: "Düşünürəm ki, "Korporativ Sosial Məsuliyyət" qanununun hazırlanması çox önəmlidir. Belə bir qanunun qəbulu sözügedən problemin hüquqi həllinə gətirib çıxara bilər. Həqiqətən də bu gün ölkədə özəl sektorun vətəndaş cəmiyyətinin inkişafında payı cüzidir. Bəlkə də bu əmsal rəqəmi sıfırın altındadır".

Şura sədri vurğulayıb ki, aparılan müşahidələr və tədqiqatlar onu deməyə əsas verir ki, mühüm ictimai əhəmiyyət kəsb edən təşəbbüslər və layihələr özəl sektor tərəfindən dəstəklənmir.

Bütün xəbərlər Facebook səhifəmizdə