Radikal düşərgədə qarşılıqlı ittihamlar bitmir
Sirr deyil ki, ənənəvi müxalifət düşərgəsində qarşılıqlı ittiham və savaşlar ardıcıllıq xarakteri daşıyır və onların hər birinin arxasında dayanan gerçəklik düşərgədə üstünlüyü əldə etmək cəhdləridir. Belə ki, AXCP - “Milli Şura” cütlüyündən tutmuş Müsavat və REAL partiyalarına, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən “Osmanqızı” və “Azərbaycan saatı” və s. kanallarına kimi o qədər yalan danışılır, qeybətlər edilir ki, artıq ictimai rəy də baş verənlərdən iyrənir, ürpəşir. Yəni radikal müxalifət düşərgəsində qarşılıqlı hücumlar artdıqca, onların iç üzləri daha çox ifşa olunmağa başlayır.
O da bəllidir ki, radikal düşərgədə söz sahibi olmaq üçün savaşan ənənəvi düşmənlər AXCP və Müsavatdır. Daha dəqiq desək, zaman-zaman Müsavat partiyası ilə AXCP arasında savaşların baş verməsinin, qarşılıqlı ittihamların səsləndirilməsinin şahidi olmuşuq, bu gün də eyni vəziyyət davam edir. Həm də o bəllidir ki, sözügedən savaşlar isə bir qayda olaraq hər hansı siyasi-ictimai proseslər ərəfəsində qrant təşkilatları tərəfindən maliyyələşmə elanı verilərkən start götürür.
AXCP-nin müsavatçılara qarşı hücumları səngiməsə də, cavabları da gecikmir
Misal üçün, xatırlada bilərik ki, bir müddət əvvəl Müsavat partiyası Səbail rayon təşkilatının sədri Zakir İsmayıl “Facebook” hesabında cəbhəçiləri nəzərdə tutaraq yazmışdı ki, partiyanın gücü yalnız həbsdə olan üzvlərin sayı ilə müəyyən edilməz. “Yaxşı lider yalnız özünü yox, rəhbərlik etdiyi təşkilatın üzvlərini də qorumağı bacarmalıdır”, deyə müsavatçı funksioner “gülləni” AXCP sədri Əli Kərimliyə tərəf atıb.
Məhz bundan sonra AXCP-nin finksionerləri və trolları haqlı ittihamlara qarşı özlərini və Ə.Kərimlini necə deyərlər, təmizə çıxarmağa cəhd göstəriblər. Nəticədə söyüş və təhqirlər bir-birini əvəzləyib. Hətta müsavatçı fəal Vüsal Həsənov onları təhqir edən cəbhəçilərə sual edib ki, “Müsavat hakimiyyətə gələcək deyəndə, hansısa təşkilatın və ya partiyanın başına niyə daş düşür?”. Göründüyü kimi, radikal düşərgə təmsilçiləri yalnız utopik xəyalları ətrafında bir-birlərini ittiham və təhqir etməklə gündəmdə qalmağa səylər göstərirlər. Amma boş yerə...
Beləliklə fakt həm də budur ki, AXCP ilə Müsavat partiyası arasında davam edən sonsuza qədər savaş davam edəcək.
Daha bir savaş REAL “cəbhəsində”
Müxalifət düşərgəsində özünü “novator” kimi təqdim edən REAL partiyası ilə də AXCP arasında da qalmaqallar mövcuddur. Bütün proseslər isə realçıların sədri İlqar Məmmədovun seçkiləri boykot edənləri erməni əlaltısı adlandırmasından sonra başlamışdı. Buna sərt cavab verən Ə.Kərimli REAL-a və onun rəhbərliyinə qarşı troll hücumlarına start verərək, vəziyyəti daha da gərginləşdi ki, həmin gərginlik hazırda da davam edir.
Xatırladaq ki, məhz ilk hücum isə ABŞ-da yaşayan müxalifyönlü jurnalist İsmayıl Cəlilovun rəhbərlik etdiyi “Düz danışaq” kanalında İ.Məmmədovun müsahibəsi zamanı baş tutmuşdu.
Ardınca isə AXCP Ali Məclisinin üzvü Nicat Abdullazadənin, Ayaz Məhərrəmlinin, AXCP GK sədri Emil Səlimovun və başqalarının iştirakı ilə Natiq Cəfərliyə “Azad söz”ə müsahibəsi zamanı troll hücumu oldu.
İ.Məmmədovun və N.Cəfərlinin sonrakı “öldürücü” zərbələrinə cavab olaraq AXCP total hücuma keçdi və daha çox REAL-ı təhqir etdi, ələ saldı. AXCP tərəfdən REAL-a olan hücumlara “Milli Şura”nın və AXCP-nin baş trolları - Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Sevinc Osmanqızı, Qənimət Zahid, İbrahim İbrahimli, İlham Hüseyn və başqaları da qoşuldular. Məsələn, G.Hacıbəylinin “faşist” adlandırdığı İ.Məmmədovu S.Osmanqızı “Facebook” səhifəsində kinayəli status yazaraq köhnə tullantı kimi qələmə verməklə təhqir etdi.
Nəticədə İ.Məmmədov da status paylaşaraq yazdı ki, S.Osmanqızı faktiki olaraq AXCP-nin mətbuat katibi funksiyasını yerinə yetirir. Bunu biləndən sonra o, S.Osmanqızı ilə əlaqələrini kəsib. Xatırlatma: “Əməkdaşlığı kəsdim, çünki mənim bir partiya sədrinə deməyə sözüm varsa, birbaşa özünə deyərəm, mətbuat xidmətinə yox”.
Yeri gəlmişkən, daha bir maraqlı məqamı yada sala bilərik ki, Əli Kərimlinin, cəbhəçi trolların, S.Osmanqızının və başqalarının İ.Məmmədovu, N.Cəfərlini hədəfə almasından sonra bu kampaniyaya Q.Zahid də öz “töhfəsini” verdi. “Azərbaycan saatı”nda canlı efirdə olarkən, “Milli Şura”nın koordinasiya mərkəzinin üzvü İbrahim İbrahimli İ.Məmmədovu və N.Cəfərlini “uşaq”, “tərbiyəsiz” və “gerizəkalı” adlandırmaqla təhqir etdi. F.Qəhrəmanlı isə REAL sədrini daha ağır şəkildə “siyasi yetim” adlandırdı.
Əli Kərimli-Sevinc Osmanqızı-Qənimət Zahid üçlüyü onları tənqid edən müxalifətyönlü jurnalist və bloggerləri də hədəfə alırlar
Ən səs-küylü qarşıdurmalardan biri də Ə.Kərimli-S.Osmanqızı-Q.Zahid üçlüyü ilə ABŞ-da yaşayan müxalifyönlü jurnalist, REAL partiyasına dəstək göstərən “Düz danışaq” kanalının rəhbəri İ.Cəlilovla qarşı baş verir. Nəticədə “Facebook” səhifəsində 2 status paylaşan İsmayıl Cəlilov Əli Kərimlini və cəbhəçiləri nəzərdə tutaraq yazıb ki, “200 dislike qoymaq naminə yenə də özünüzü biabır etdiniz. Trollara bayraqdarlıq edənin özü troldur. Özü də yekəsi. Siyasi mübarizəyə bax da...”
İsmayıl Cəlilov, eyni zamanda, “Osmanqızı” və “Azərbaycan saatı” kanallarının fəaliyyətini də tənqid və ifşa edib. “Facebook” hesabında paylaşdığı statusda yazıb ki, Azərbaycan dilində yayımlanan kanalların böyük əksəriyyəti botlar, proqramlar işlədir: “Süni sürətdə izləyiş və abunəçi saylarını şişirdirlər, özlərini olduqlarından daha da populyar göstərməyə cəhd edirlər. Kanaldan kanala qonan botlar qrupu var.
Bu botlar hər biri öz tərəfdarı saydıqları kanalda əvvəlcədən proqramlanmış şüarlar və şərhlər yazır, kanaldan kanala keçir və izləyiş saylarını, şərh saylarını artırırlar. Özü də özlərinə savadlı, təcrübəli jurnalist deyənlər də bu oyunları oynayırlar, onlar ayrıca utanmalıdır”.
Nəticə isə belədir - hazırda müxalifət düşərgəsində nüfuz savaşı gedir. Faktlardan da görünür ki, bu savaşların və qarşıdurmaların episentrində AXCP sədri Ə.Kərimli dayanıb. Görünür ki, onun maraqlarına və planlarına kim mane olursa, o, hədəfə çevrilir, trol hücumlarına məruz qalır, təhqir və təhdid edilir. Özü, müavinləri, “Milli Şura”nın koordinasiya mərkəzinin üzvləri REAL və Müsavatı, Q.Zahid və S. Osmanqızı isə onları tənqid edən mühacirləri, bloqgerləri, jurnalistləri hədəfə alıblar. Deyəsən, “bu xəmir hələ çox su aparacaq” və “çömçə də öz başlarında çatlayacaq”...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB