“Xalqımız Heydər Əliyevin Azərbaycan üçün etdiklərini daim xatırlayacaq” AÇIQLAMA

“Xalqımız Heydər Əliyevin Azərbaycan üçün etdiklərini daim xatırlayacaq” AÇIQLAMA

"Heç kim Heydər Əliyevin Azərbaycan üçün etdiklərini dana bilməz". Bu sözləri SİA-ya açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı jurnalist, Türkiyə Jurnalistlər Birliyi Ankara şöbəsinin başqanı, gazeteanka.com informasiya portalının baş redaktoru Oktay Hacımusalı deyib.

Oktay Hacımusalı Ulu öndər Heydər Əliyev şəxsiyyətinin müstəqil Azərbaycanın varlığının əsas memarı olduğunu, onun Azərbaycan üçün, Azərbaycanlılar üçün gördüyü işlərin əsla unudulmayacağını, hər zaman böyük sayğı və qürur ilə xatırlanacağını bildirib.

Jurnalist ən yaxın tarixdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu öndərin ölkəni xaos və anarxiyanın cəngindən xilas edərək işıqlı günlərə daşıdığını xüsusi ilə vurğulayaraq bununla da dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının könlündə özünə taxt qurduğunu sözlərinə əlavə edib: "O vaxtlar ölkənin düşdüyü durumu hər birimiz yaxşı xatırlayırıq. Böyük bir imperiya dağılmış, yerində isə on beş yeni dövlət yaranmışdı. Azərbaycanda vəziyyət daha mürəkkəb idi. Həm ölkədə hökm sürən hərcmərclik, həm Qarabağda ermənilərin hərbi təcavüzləri qarşısında aciz duruma düşən o dönəmin iqtidarı faktiki ölkəni idarə edə bilmirdi. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə Ulu öndər Naxçıvandan Bakıya gəldi. İqtidarda olduğu müddətdə Heydər Əliyev həyata keçirdiyi strategiyası ilə təkcə böyük şəxsiyyət olduğunu sübut etmədi, eyni zamanda daxilində olan enerji, səbr, dözüm və cəsarətlə Azərbaycanı dağılmaqdan xilas etdi, daxildə sabitliyi bərpa edərək xarucdə də ölkə haqqında müsbət imic formalaşdırdı. Siyasi- ictimai, sosial – iqtisadi platformalarda görülən əməli işlər deməyə imkan verir ki, hər bir azərbaycanlının təhtəlşüurunda Ulu öndər Heydər Əliyevin özünəməxsus obrazı var və onun ölkə qarşısında xidmətləri əsla və əsla unudulmayacaq.

Nə yaxşı ki, Tanrı Ulu öndəri Azərbaycana bəxş edib və nə yaxşı ki, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının üz tuta biləcəyi bir Azərbaycan var. Və bu Azərbaycan onun yaratdığı, qurduğu və hazırkı dövlət başçımız İlham Əliyevin uğurla inkişaf etdirdiyi şah əsəridir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə