“Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır” ÖZƏL-MÜNASİBƏT

Azərbaycanın koronavirusa qarşı mübarizə təcrübəsi bir daha sübut etdi ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır. Bu sözləri SİA-ya müsahibəsində politoloq Yusif Bağırzadə deyib.

Politoloq qeyd edib ki, dövlətin karantin rejimi üçün qarşısına qoyduğu əsas hədəf vətəndaşlarımızın sağlamlığının qorunmasıdır.

“Prezident İlham Əliyev xüsusən qeyd edib ki, Azərbaycan üçün vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması iqtisadi aktivliyin davam etdirilməsindən daha üstündür. Ölkə başçısının göstərişi və rəhbərliyi ilə məhz vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması istiqamətində tədbirlər gücləndirildi və nəticə olaraq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan pandemiyanın təsirlərinin minimallaşdırılması istiqamətində ən effektli mübarizə aparan ölkələrdən biri elan edildi.
Dünyanın ən aparıcı, ən güclü səhiyyə sisteminə malik ölkələrdəki vəziyyət göz önündədir və yüz minlərlə xəstə, minlərlə ölü, mağazalarda ərzaq qıtlığı və sair hallar bir reallıqdır. Görünən odur ki, hətta ən çox inkişaf etmiş ölkələr belə bu çətinliklər qarşısında aciz qalıblar. Belə bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində istər Cənab Prezidentin, istərsə də Mehriban xanımın rəhbərliyi altında görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər.

Bu, bir tərəfdən ölkə rəhbərliyinin siyasi iradəsi, digər tərəfdən dövlətin iqtisadi gücü sayəsində mümkün olur. Mövcud reallıq Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşılamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirdi. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib və göstərməkdədir.

Ölkə rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir ki, bu da təbii olaraq vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır.

Məhz bu cür genişmiqyaslı tədbirlərin nəticəsidir ki, insanlarımızın sosial müdafiəsi getdikcə daha da gücləndirilir. Bütün bunlar dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir.

Pandemiya ilə çətin mübarizə şəraitində belə ölkə rəhbərliyi biz vətəndaşları unutmadı, həmişəki kimi, yenə də bizlərin yanında olduğunu, problemlərimizi öz problemləri kimi qəbul etdiyini sübut etdi. Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevanın da qeyd etdiyi kimi çox qısa bir vaxt ərzində səhiyyə sistemi təhlükəli epidemiyaya qarşı effektiv müqavimət strategiyası işləyib hazırladı. Şəhərlərin və kəndlərin həyat təminatı obyektlərinin işçiləri təxirəsalınmaz məsələləri həll etdi. Kiçik və orta biznesə dəstək, habelə əhaliyə sosial yardım məqsədilə dövlət tərəfindən dəyəri 3 milyard manatdan çox olan proqram paketləri hazırlanıb həyata keçirdi. Məhz bu cür fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycanın ən ucqar bölgəsində yaşayan aztəminatlı vətəndaşından tutmuş, sahibkaılna, ölkədə və xaricdə təhsil alan tələbələrinə qədər cəmiyyətin müxtəlif təbəqələrindən ölkə başçısının və birinci vitse prezidentin ünvanına çoxsaylı təşəkkür məktubları daxil olur. Bütün bunlar Azərbaycanda xalqın ölkə rəhbərliyinə olan inamının ən bariz göstəricisidir”, deyə Yusif Bağırzadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə