"Ən böyük maneə Qarabağın statusu ilə bağlıdır” ÖZƏL-MÜNASİBƏT

"Ən böyük maneə Qarabağın statusu ilə bağlıdır” ÖZƏL-MÜNASİBƏT

“Görünən odur ki, biz yaxın vaxtlarda Ermənistanda Dağlıq Qarabağla bağlı müxalifət-iqtidar danışığının şahidi olacağıq”. Bunu SİA-ya politoloq Zaur Məmmədov Paşinyanın Dağlıq Qarabağla bağlı verdiyi son açıqlamasını şərh edərkən qeyd edib.

Ətraf rayonların qaytarılmasından sonra bölgədə sülhün təmin olunması ilə bağlı Rusiyanın təklifinin hər iki ölkə tərəfindən sual doğurduğuna diqqət çəkən politoloq bildirib ki, bu, Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsidir. Bəllidir ki, bununla bağlı Azərbaycan və Ermənistan tərəfi razılıq verməyəcəklər: “Paşinyan bir neçə gün öncə Mnatsakanyanın dediyini ifadə edib. Mnatsakanyan bildirmişdi ki, biz ətraf rayonların qaytarılmasına bir şərtlə razı olarıq ki, Qarabağın yekun statusu həll edilsin. Yəni faktiki olaraq söhbət Qarabağın ermənilərə verilməsindən və yaxud müstəqilliyindən gedir.

Təbii ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı öz qəti mövqeyini hər zaman bildirib. Azərbaycan tərəfi daim bildirib ki, Dağlıq Qarabağın yekun statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mərhələlərin birində həllini tapacaq. Azərbaycanla Ermənistan arasında mübahisənin ən böyük səbəbi də budur.

Bir yandan da Paşinyanın bu açıqlaması bir daha göstərir ki, Lavrov danışıqlar masasında baş verən hadisələri dəqiqliklə bildirib. Bu mərhələli həll planıdır. İndiki məqamda masa üzərində olan ətraf rayonların qaytarılmasıdır ki, Paşinyan bunu dolayısı yolla boynuna alıb. O bildirib ki, bu məsələni parlament fraksiyası ilə müzakirə etməyə hazıram.

Onsuz da Paşinyan bu ilin yanvar ayında Qafanda çıxışı zamanı bildirmişdi ki, Dağlıq Qarabağ erməniləri masa üzərində olan mərhələli həll variantından məlumatlıdırlar. Bundan əvvəl Ermənistan hakimiyyəti, yəni Serj Sərkisyan bunu müzakirə edib və onlar öz fikirlərini bu həll variantına görə bildirməlidirlər. Görünən odur ki, biz yaxın vaxtlarda Ermənistanda Dağlıq Qarabağla bağlı müxalifət-iqtidar danışığının şahidi olacağıq.

Digər tərəfdən məsələ burasındadır ki, ətraf rayonların qaytarılmasından sonra bölgədə sülhün təmin olunması ilə bağlı Rusiyanın təklifi hər iki ölkə tərəfindən sual doğurur. Bu rus sülh məramlılarının bölgəyə yerləşdirilməsidir. Bəllidir ki, bununla bağlı Azərbaycan və Ermənistan tərəfi razılıq verməyəcəklər. Amma əgər beynəlxalq sülhməramlılardan söhbət gedərsə, bu artıq müzakirə olunacaq məsələyə çevriləcək.

Düşünürəm ki, bununla bağlı hər iki tərəf razılığını verəcək. Amma bir daha qeyd edim ki, Azərbaycan və Ermənistan arasında ən böyük maneə Qarabağın statusu ilə bağlıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə