Şura məlumatlandırma sessiyalarına başlayıb

Şura məlumatlandırma sessiyalarına başlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə maliyyələşdirdiyi layihələrin həyata keçirilməsinin effektivliyinin artırılması üçün layihə rəhbərləri və mühasibləri üçün layihələrin idarə olunması və hesabatların təqdim edilməsi mövzularında məlumatlandırma sessiyalarına başladı.

Qurumdan SİA-ya verilən xəbərə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpası və erməni təcavüzündən zərər çəkənlərin hüquqlarının beynəlxalq səviyyədə qorunması təşəbbüsləri istiqamətində maliyyələşdirilən 17 layihə rəhbəri və mühasibləri qarşısında çıxış edən Şuranın icraçı direktoru Fərasət Qurbanov və katibliyin əməkdaşı Etibar Kərimov layihənin idarə olunması prosedurları ilə bağlı təlimatlar verdilər, layihənin icrası üçün vacib olan bir sıra məqamları vurğuladılar.

Şuranın baş mühasibi Tofiq Həsənov sessiya iştirakçılarını QHT-də mühasibat uçotunun təşkili və Milli Mühasibat Uçotu Standartlarının tələbləri haqda məlumatlandırdı. Görülən işlər haqqında aralıq və yekun hesabatların tərtibi, eləcə də QHT-lərin Maliyyə Nazirliyinə təqdim etdiyi illik hesabatlar haqqında geniş fikir mübadiləsi aparıldı.

Analoji məlumatlandırma sessiyaları Şuradan maliyyələşdirilən regional QHT layihələrinin rəhbərləri və mühasibləri üçün Şirvan və Gəncə şəhərlərində də keçirildi. Şura əməkdaşları Mirzə Zahidov, Emin Məmmədov, Həsən Səmədov və Şahin Məhərrəmov sessiya iştirakçılarını layihələrin idarə olunması və hesabatların tərtib edilməsilə bağlı təlimatlandırdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə