"Azərbaycan fəal siyasətini davam etdirir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan fəal siyasətini davam etdirir" ÖZƏL-MÜNASİBƏT

Dövlət başçısı Cənab İlham Əliyevin sədrliyi ilə artıq bir neçənci dəfədir ki, videokonfranslar keçirilir və bu bir daha ondan xəbər verir ki, Azərbaycan fəal siyasətini davam etdirir. Bu sözləri SİA-ya müsahibəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri qeyd edib ki, Türk Şurasının videokonfransında da təşəbbüskar yenə də Azərbaycan, Cənab prezident İlham Əliyev olub və məlumdur ki, biz Türk Şurasına sədarətlik edirik və üstəgəl də ilk dəfə beynəlxalq aləmdə dövlət liderləri məhz koronavirus pandemiyasına qarşı mübarizəni müzakirə ediblər.
“Təsadüfi deyil ki, həmin videokonfransa Ümumdünya Səhiyyə Təşkilatının sədri də qoşulmuşdu və Azərbaycanın koronavirusa qarşı mübarizəsini təqdir etmişdi. İndi isə bəli Qoşulmama Hərəkatı dövlət başçıları və baş nazirlərinin yenə də Azərbaycanın sədrliyi ilə növbəti videokonfransı keçirildi. Əlbəttə, bəziləri deyə bilər ki, indiki dövrdə təmas mümkün deyil və məsələlər müzakirə olunmamalıdır. Amma, Azərbaycan bir daha sübut etdi ki, hətta indiki ağır şəraitdə belə müzakirələr aparılmalıdır, aktual mövzular müzakirə olunmalıdır. Qoşulmama Hərəkatı BMT-dən sonra üzvlərinin sayına görə ikinci böyük təşkilatdır. Burada inkişaf etmiş ölkələr var, inkişaf etməkdə olan ölkələr var və koronavirus bu ölkələrin hər birini vurub. Ona görə də burada da birgə mübarizə məsələləri müzakirə oluna bilər və Azərbaycan bu dövlətlərlə də öz təcrübəsini bölüşməyə hazırdır. Bu baxımdan videokonfransın son dərəcə əhəmiyyətli olduğunu düşünürəm. Bundan başqa həmin dövlət başçılarının çıxışlarını da videokonfrans vasitəsilə izlədim mən və şahidi oldum ki, onlar da Azərbaycana dəstəklərini ifadə etdilər. Azərbaycan bir daha göstərdi ki, bu videokonfranslar vasitəsilə Türk Şurasında da, Qoşulmama Hərəkatında da sədrliyini axıra qədər yerinə yetirməyə hazırdır”, deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə