"Ölkədə islahatlar müvəffəqiyyətlə davam etdiriləcək" ÖZƏL-MÜNASİBƏT

"Ölkədə islahatlar müvəffəqiyyətlə davam etdiriləcək" ÖZƏL-MÜNASİBƏT

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin baş prokuror Kamran Əliyevi videoformatda qəbulu zamanı söylədiyi fikirlər cəmiyyətimizin sağlamlaşdırılması ölkəmizin inkişafı, əhalinin sosial rifah halının yaxşılaşdırılması, insana qayğı, diqqət və xidmət baxımından çox əhəmiyyətlidir və hər bir məmurun, vəzifə sahibinin, eləcə də vətəndaşın vəzifələrini müəyyən edir. Bu sözləri SİA-ya müsahibəsində Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, qanunçuluğa əməl etmək, korrupsiyanı aradan qaldırmaq, neqativ halların kökünü kəsmək prezident seçildiyi ilk gündən Cənab İlham Əliyevin həyat amalına çevrilmişdir və bu sahədə çox mühüm tədbirlərin həyata keçirilməsi bunu deməyə əsas verir.

“Elə bir görüş, müşavirə, toplantı olmaz ki, orada Cənab Prezident qanunun aliliyinə istinad etməmiş, korrupsiyaya qarşı mübarizədən, qayda-qanuna əməl olunmasından söz açmamış olsun. Çünki, ölkədə qanunun aliliyi təmin olunmadan heç bir islahatdan, əhalinin sosial rifahının yaxşılaşmasından danışmaq mümkün deyil. Məhz buna görə də ölkə başçısı müvəffəqiyyətlərimizin əsasını qayda-qanunun gözlənilməsində, sabitliyin qorunub bərqərar edilməsində görür və baş prokurorun qəbulu zamanında da bu amillərə böyük önəm verildi.

Bu gün Azərbaycanın sürətlə inkişaf etdiyi bir dövrdə bütün sahələrdə, məhkəmə hüquq sistemində, icra və qanunvericilik orqanlarında, həyatımızın mühüm sahələrində islahatların aparıldığı əhalinin sosial rifahının yaxşılaşdırılması üçün lazımi tədbirlərin görüldüyü vaxtlarda qanunvericiliyin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır və Cənab Prezidentin də bunu öz çıxışında dönə-dönə xatırlatması səbəbsiz deyildir. Əhalinin islahatların keçirilməsinə, onlara göstərilən sosial qayğıya müsbət münasibət bildirdiyi bir vaxtda bəzi vəzifə sahiblərinin qanunları pozması, rüşvət alması, insanlara ayrılan sosial müavinətlərə, yardımlara göz dikməsi, sahibkarları incitməsi, özünü təkəbbürlü, əlçatmaz kimi aparması inkişafımıza əngəldir, cəmiyyətə ləkədir və əlbəttə belə hallar ölkə rəhbərini narahat etməyə bilməz.

Cənab Prezidentin apardığı islahatlara, sosial sahədə görülən tədbirlərə, pensiyaların, müavinətlərin, yardımların ildən-ilə artırılmasına, sosial xidmətlərə kölgə salmaq, qanunlara əməl etməmək, tapşırılan vəzifəni yerinə yetirməmək, verilmiş səlahiyyətlərdən çikin məqsədlər üçün istifadə etmək yolverilməzdir əsl mənada xalqa düşmənçilikdir. Sözsüz ki, belə halların qarşısı ölkədə qətiyyətlə alınır və son aylarda həbs edilən bir çox vəzifə sahiblərinin aqibəti buna sübutdur. Cənab prezident bütün çətinliklərə baxmayaraq bundan sonra da ölkədə islahatların müvəffəqiyyətlə davam etdiriləcəyini, sosial vəziyyətin yaxşılaşdırılacağını və qayda-qanunun hər bir vasitə ilə təmin ediləcəyini bəyan edir və həyata keçirdiyi tədbirlərlə insanların sağlamlığının, təhlükəsizliyinin təminatçısı olduğunu göstərir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə