Qabil Hüseynli: “ABŞ da Türkiyəyə Fransanın etdiyi jesti edə bilər”

Qabil Hüseynli: “ABŞ da Türkiyəyə Fransanın etdiyi jesti edə bilər”

Aprel ayının 24-də bütün dünyanın diqqəti 1915-ci il erməni iddiaları ilə bağlı ABŞ prezidenti Barak Obamanın çıxışına yönələcək. Obama nə deyəcək: "soyqırımı", "böyük fəlakət", yaxud daha yumşaq bir ifadə. Ekspertlər hesab edir ki, ABŞ prezidentinin bu il də "soyqırımı" ifadəsini işlətməsi real deyil və Obama əvvəlki illərdəki davranışını təkrarlayacaq.

 

Politoloq Qabil Hüseynli də belə düşünür ki, Obama bu il də erməniləri sevindirməyəcək. SİA-ya açıqlamasında ekspert bildirib ki, ermənilərin gözləntilərinin əksinə olaraq ABŞ prezidenti daha yumşaq ifadə işlədə bilər. İndiki geosiyasi vəziyyətin Türkiyənin ABŞ ilə strateji tərəfdaşlığını daha da zəruri etdiyini qeyd edən Q.Hüseynli bildirib ki, Orta Şərqdə baş verənlər Vaşinqtonun Ankaraya ehtiyacını artırıb. Fransa Senatının Konstitusiya Komissiyasının uydurma "erməni soyqırımı"nı inkar edənlərə cəza verilməsi haqqında qanun layihəsini rədd etdiyini xatırladan politoloq Fransanın Türkiyəyə bir jest etdiyini deyib və qeyd edib ki, ABŞ-da belə bir jest edə bilər.

 

Barak Obamanın 2012-ci ildəki seçki kampaniyasında erməniləri ələ almaq üçün "erməni soyqırımı"nı tanıyacağı ilə bağlı vəd vermə ehtimalına gəlincə, Q.Hüseynli bildirib ki, seçkiqabağı vədlərlə dövlətin maraqları bir-birindən fərqlənir: "Mümkündür ki, Barak Obama növbəti prezident seçkisində də belə bir vəd versin. Prezident seçildikdə isə qərarları tək qəbul etmir. Prinsipial xarici siyasətlə bağlı məsələlər birgə şəkildə dərin dövlət deyilən dövlət tərəfindən qəbul olunur və prezident tərəfindən ifadə olunur. Güman etmirəm ki, istər Barak Obama, istər ondan sonra gələn prezidentlər Türkiyə ilə strateji əməkdaşlığı pozmamaq məqsədi ilə "soyqırımı" ifadəsi işlətsin".

Bütün xəbərlər Facebook səhifəmizdə