"Beynəlxalq qurumlarla sıx əməkdaşlıq ölkəmizin nüfuzunu artırır" ŞƏRH-ÖZƏL
“Ötən gün Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında keçirilən videokonfransda Azərbaycanda pandemiya ilə mübarizə və iqtisadiyyatla bağlı çox geniş məlumat verildi. Prezident İlham Əliyev ölkəmizdə pandemiyaya qarşı əldə edilən uğurlarla bağlı geniş açıqlama verərək bildirdi ki, Azərbaycan bir çox ölkələrdən fərqli olaraq pandemiyaya qarşı uğurlu mübarizə aparır və nəticələri göz qarşısındadır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Həm Avropa Yenidənqurma və İnkişaf Bankının, həm də Ümüdünya Səhiyyə Təşkilatının rəhbərinin Azərbaycanda həyata keçirilən, icra olunan addımları yüksək qiymətləndirdiyini deyən deputat söyləyib ki, bütün bunlar beynəlxalq təşkilatların ölkəmizin qlobal pandemiyaya qarşı verdiyi töhfələrə dəyərinin göstəricisidir.
O bildirib ki, Azərbaycan qlobal səviyyədə bu mübarizəyə 5 milyon ABŞ dolları vəsait ayırmaqla yanaşı, dünyada pandemiyaya qarşı mübarizəyə qoşularaq öz həmrəyliyini göstərən nadir ölkələrdəndir: “Bununla yanaşı, Azərbaycanın daxilində aparılan tədbirlər bu gün ölkəmizin hər bir vəziyyətdə ciddi addımlar ataraq xalqın və dövlətin xeyrinə çıxış yolu tapmasında uğur qazanacağını göstərir”.
A.Badamov vurğulayıb ki, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında keçirilən videokonfrans zamanı ölkəmiz tərəfindən görüləcək layihələrə Avropa Yenidənqurma və İnkişaf Bankının iştirakı məsələsi də müzakirə olunub: “Eyni zamanda Azərbaycanda icra olunacaq layihələrdə Bankın yaxından iştirakı, onların ekspertlərinin proseslərə rəyinin verilməsi məsələsi təklif olundu. Düşünürəm ki, Azərbaycan dünyanın bir parçası olaraq, həm beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir və bu sıx əməkdaşlıq ölkəmizin inkişafına və dünyada nüfuzunun artmasına gətirib çıxardır”.
Azərbaycanın pandemiya ilə mübarizə istiqamətində atdığı addımların bir çox ölkələr üçün nümunə olduğunu deyən deputat qeyd edib ki, bunu həm Avropa Yenidənqurma və İnkişaf Bankının, həm də Ümümdünya Səhiyyə Təşkilatının rəhbəri dəfələrlə təkrarlayıb: “Bu gün Azərbaycan pandemiyanın iqtisadiyyata təsirlərinin minimum endirilməsi istiqamətində çox ciddi addımlar atır, “Tədbirlər Planı” hazırlanaraq icrasına başlanıb. Burada həm iqtisadi, maliyyə sabitliyinin qorunub saxlanması, həm məşğulluq məsələləri, həm də insanların sosial müdafiəsi istiqamətində dövlət dəstəyi ilə bağlı tədbirlər öz əksini tapıb. Məhz bu tədbirlərin həyata keçirilməsi ölkədə post-pandemiya dövründə də iqtisadi fəallığın bərpa olunmasına imkan verməklə yanaşı, maliyyə sabitliyin qorunmasını şərtləndirir, ölkədə məşğulluq probleminin olmaması istiqamətində öz töhfəsini verir. Düşünürəm ki, bu tədbirlər Azərbaycanın pandemiya sınağından uğurla çıxmasına imkan verəcək. Hər bir görülən işin arxasında böyük maliyyələr durmasına baxmayaraq, Azərbaycan bütün dövlət resurslarını pandemiyanın təsirlərinin minimuma endirilməsinə çalışır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB