Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 100 il ötür

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 100 il ötür

Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalının və Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun 100-cü ildönümüdür.

SİA xəbər verir ki, 1920-ci il aprelin 27-də səhər Rusiyanın XI Qırmızı Ordusunun dəmiryol döyüş sahəsinin rəisi M.Q.Yefremovun 72 min nəfərdən ibarət hərbi hissələri müharibə elan etmədən Azərbaycan Xalq Cümhuriyyətinin dövlət sərhədini keçdi və Bakı üzərinə irəliləməyə başladı.

Həmin gün Azərbaycan bolşevikləri Cümhuriyyət hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum verib. Ultimatumu özünü "Sovet Azərbaycanının Qırmızı Donanmasının komandanı, mühəndis" kimi təqdim edən Çingiz İldırım imzalamışdı: "Tələb edirik ki, hakimiyyəti dərhal yoldaş Nərimanovun başçılıq etdiyi Sovet Fəhlə-Kəndli Hökumətinə təhvil verəsiniz. Bu halda Qırmızı Donanma milliyyətindən asılı olmayaraq, Bakı şəhərinin bütün əhalisinə sülh və sakitlik təminatı verir. Cavab iki saat ərzində göndərilməlidir. Əks halda, atəş açılacaq".

Cümhuriyyət Parlamentinin həmin gün saat 20:45-də başlayan iclası 3 saat davam edib. İclasda çıxış edən Məhəmməd Əmin Rəsulzadə XI Qızıl Ordunun Anadoluya yardıma getmədiyini və Azərbaycanı işğal etməyə gəldiyini bildirsə də müzakirələrdən sonra Azərbaycan parlamenti altı şərt irəli sürərək, hakimiyyəti kommunistlərə təhvil verdi:

1) Azərbaycanın müstəqilliyi qorunub saxlanılacaq; 2) AK (b)P-nin qurduğu hökumət müvəqqəti olacaq; 3) Hökumət idarələrindəki qulluqçular öz vəzifələrində qalacaq; 4) Parlament üzvlərinin həyat və mülkiyyətinin toxunulmazlığı təmin ediləcək; 5) Azərbaycanda siyasi partiyaların tam sərbəst fəaliyyəti təmin ediləcək; 6) Azərbaycan ordusu saxlanılacaq.

1920-ci il aprelin 28-də bolşeviklər “müstəqil” Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığını elan etdilər. Elə həmin gün Müvəqqəti İnqilab Komitəsi yeni hökumətin - Azərbaycan SSR Xalq Komissarları Sovetinin aşağıdakı tərkibini təsdiq etdi: N.Nərimanov - XKS-nin sədri və xalq xarici işlər komissarı; Ç.İldırım - xalq hərbi-dəniz işləri komissarı; H.H.Sultanov - xalq daxili işlər komissarı; Ə.H.Qarayev - xalq əmək və ədliyyə komissarı; Q.M.Musabəyov - xalq əkinçilik, ticarət, sənaye və ərzaq komissarı; M.D.Hüseynov - xalq maliyyə komissarı; D.X.Bünyadzadə - xalq maarif və dövlət nəzarəti komissarı; C.Vəzirov - xalq poçt, teleqraf və yollar komissarı; A.Ə.Əlimov – xalq səhiyyə və himayə komissarı.
Bu, Azərbaycanın sovet hökumətinin ilk kabineti idi.

Həm ultimatumda, həm də digər danışıqlarda milli hökumət üzvlərinin təhlükəsizliyinə təminat verilsə də, bu vədlərə əməl edilməyib, AXC hökumətinin üzvlərinə qarşı repressiyalar, “qırmızı terror” başlayıb. Milli hökumət üzvlərinin bir qismi, o cümlədən M. Ə. Rəsulzadə isə mühacirətə getmək məcburiyyətində qalıb.

Maraqlıdır ki, SSRİ dövründə 27 aprel deyil, 28 aprel tarixi Azərbaycanda sovet hakimiyyətinin qurulduğu tarix kimi bayram edilib.

Azərbaycanda sovet hakimiyyəti 71 il davam edib. 30 avqust 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə qəbul edilib.

18 oktyabr 1991-ci ildə isə Azərbaycan parlamenti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktını qəbul edib və bu Akt 29 dekabr 1991-ci ildə ümumxalq referendumu ilə təsdiq edilib.

Hər iki sənədə əsasən, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-hüquqi varisi elan olunub. Cümhuriyyətin himni, gerbi və bayrağı da olduğu kimi qəbul edilib.

2 mart 1992-ci ildə Azərbaycan BMT-yə daxil olmaqla beynəlxalq aləmin tamhüquqlu üzvünə çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə