YAP-ın İcra Katibliyində qanvermə aksiyası keçirilib REPORTAJ

YAP-ın İcra Katibliyində qanvermə aksiyası keçirilib REPORTAJ

Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində qanvermə aksiyası keçirilib. SİA-nın xəbərinə görə, aksiyada Yeni Azərbaycan Partiyasının Bakı şəhəri üzrə rayon təşkilatlarının fəalları, aktiv gənclər iştirak ediblər.

YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman olduğu kimi bu dəfə də humanitar aksiyaya ev sahibliyi edir və qana ehtiyacı olan insanların yanında olduğunu vurğulayır: “ Təbii ki, bu aksiyaya çağırış Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsüdür. Bizim də borcumuz bu çağırışa cavab verib insanların yanında olmaqdır”.

Yeni Azərbaycan Partiyasının xalqın yanında olduğunu deyən A.Əliyeva ötən ilin sentyabr ayında da partiya tərəfindən qanvermə aksiyasının keçirildiyini xatırladıb: “Bu kimi aksiyalar mütəmadi olaraq hıyata keçirilir. Düşünürəm ki bugünkü aksiyada iştirak edən könüllülər bir çox ailəyə sevinc bəxş edəcək, insanların həyatlarını davam etdirmələri üçün öz töhfələrini vermiş olacaqlar”.

Aksiya iştirakçısı Nəcəf Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman dövlətimizin və vətəndaşlarımız üçün xeyrli olan layihələr həyata keçirir: “Bu layihələrdən biri də bu gün keçirilən qanvermə aksiyasıdır. Biz partiyanın fəalları, gəncləri olaraq aksiyanı dəstəkləyir və könüllü olaraq aksiyada iştirak edirik. Sevindirici haldır ki, partiyamız hər zaman talassemiyalı və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərə öz dəstəyini göstərir”.

Qanvermə aksiyanın böyük əhəmiyyət kəsb etdiyini deyən partiya fəalı Ənvər Haqverdiyev bu cür aksiyaların keçirilməsinin milli vəzifə olduğunu söyləyib: “Azərbaycan Birinci vitse-prezidenti və Yeni Azərbaycan Partiyasının sədrinin I müavini Mehriban xanım Əliyevaya belə bir təşəbbüs irəli sürdüyünə və insanları qanvermə aksiyasına dəvət etdiyinə görə təşəkkür edirəm. Bugünkü aksiyanı yüksək qiymətləndirirəm və hesab edirəm ki, aksiya qana hertiyacı olanlar üçün çox faydalı olacaq”.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının müdir müavini Namirə Abbasova da Yeni Azərbaycan Partiyası İcra Katibliyində təşkil olunan qanvermə aksiyasını yüksək dəyərləndirib. Onun sözlərinə görə, partiyanın hər il belə aksiyalar təşkil etməsi çox humanist addımdır: “Toplanan qan talassemiya, hemofiliya, digər qan xəstəliklərindən əziyyət çəkən insanlara veriləcək. Verilən qanlar laboratoriyalarda yoxlanılacaq. Yaşı 18-65 olan sağlam insanlar qan verə bilərlər. Burada insanlar qan verməmişdən əvvəl həkim müayinəsindən keçirilirlər. İnfeksion xəstəliklər keçirmiş, şəkərli diabet, zob, ürək çatışmazlığı olan, əməliyyat keçirmiş insanlar qan verə bilməz”.

Qanvermənin müsbət cəhətlərindən söz açan N.Abbasova vurğulayıb ki, təzyiq yüksəkdirsə qan verdikdən sonra bu normallaşır, qan yaradan orqanların fəaliyyəti yüksəlir, ürək fəaliyyətinə müsbət təsir edir: “Ən əsası, insanlar özlərini xoşbəxt hiss edirlər ki, qan verməklə qana ehtiyacı olan insanlar üçün yardım göstərirlər” .

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə