“Müxalifətin fəaliyyəti milli mənafelərimizə açıq düşmənçilikdir”
Bəlli olduğu kimi, aprelin 14-də Prezident İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə Cənab Prezident ölkədəki iqtisadi durumdan, koronavirusun iqtisadiyyata təsirlərindən danışıb və müxalifətin dağıdıcı və düşmən mövqedə olduğunu bildirib. Söhbət etdiyimiz müsahiblərimiz Prezidentin müxalifətlə bağlı fikirlərinin əsaslı olduğunu bildirdilər. “Səs” qəzetinə açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov bildirdi ki, Cənab Prezident indiyə kimi bəzi özünü siyasi müxalifət adlandırıb, əslində Azərbaycan dövlətçiliyinə qarşı savaş açanlar haqqında belə kəskin ifadə işlətməmişdi. Nədən, bilirsiniz? Çünki ölkə başçısı seçildikdən sonra hər zaman hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağını bəyan eləmişdi: “Hər zaman, bütün vədlərində sadiqlik nümayiş etdirən və digər xarakterik cəhətləri ilə yanaşı bu yüksək keyfiyyəti ilə də xalqın birmənalı sevgisini qazanan biri olaraq bu vədinə də daim əməl etmiş və heç vaxt bu yolundan dönməmişdir. Baxmayaraq ki, özlərini siyasi müxalifət kimi qələmə verib, xaricdəki anti-Azərbaycan qüvvələrin istəklərini icra edirdilər, yenə ölkə başçısı onları da ölkə vətəndaşı olaraq digərlərindən fərqləndirməmiş, qanunun verdiyi bütün hüquqlarını daim müdafiə etmişdir”.
T.Novruzovun sözlərinə görə, müxalif siyasət dəllallar vəziyyəti hansı həddə çatdırdılar ki, səbir və dözümü, təmkini ilə dünya siyasilərinin də diqqətini cəlb edən ölkə başçısı bu bəyanatı səsləndirməyə məcbur oldu: “Məncə Cənab Prezident sözün əsil mənasında indiyə qədər görünməmiş təmkin nümayiş etdirərək, hətta şəxsinin ünvanına şər, böhtan deyən bu məxluqlara əhəmiyyət belə vermirdi. Ancaq indiki fəaliyyətləri, koronovirusun dünyanı lərzəyə saldığı bir zamanda sərgilədikləri mövqe sadəcə özünə deyil, ümumən dövlətçiliyimizə, milli mənafelərimizə açıq düşmənçilik fəaliyyətidir ki, ölkənin, dövlətin, milli mənafelərimizin, vətəndaşların sosial həyatinin qarantı olan bir Dövlət Rəhbəri kimi artıq buna seyrçi qala bilməzdi və qalmadı. Gərəkdir ki, bu qüvvələr ciddi düşünsünlər və qiymət versinlər ki, bu qədər təmkin göstərən Prezident necə oldu ki, bu fikirləri səsləndirməyə məcbur oldu? Bir daha deyirəm, Prezident şəxsinə ünvanlanan böhtanları, bəzən hətta təhqirlərlə müşahidə olunan üzdəniraq çıxışları görməzdən gələ bilərdi, lakin söhbət xalqın və dövlətin mənafelərindən gedirsə, bu mənafelərin müdafiəçisi kimi ona laqeyd qala bilməzdi”.
Təşkilat sədr onu da bildirdi ki, həmin qüvvələr bundan sonrakı fəaliyyətlərində bu mesajın ciddiliyini və tədbirlərə əl atılmasının labüdlüyünü qəbul etməli, əməllərində ciddi korrektə etməlidirlər: “Son illərin islahatları sübut edir ki, Prezident iqtidar, müxalifət olmasından asılı olmayaraq ölkənin mənafelərinə zidd fəaliyyət göstərən hər kəsi, hər bir qurumu yerində oturtmaqda qətiyyətlidir. Aparılan kadr islahatları, neçə-neçə etimaddan sui-istifadə edən yüksək çinli məmurlarla bağlı atılan ən ciddi addımlar da bunun dönməzliyindən xəbər verir. Belə olan təqdirdə, müxaliflik institutundan da sui-istifadə edənlərin yerlərinin göstərilməsi labüddür və həmin qüvvələr bunun fərqində olmağa borcludurlar. Prezidentin bu cür müxalifətçiliklə bağlı sərt mövqe ortaya qoymasında kimisə yox, özlərini təqsirkar bilsinlər və məncə bu fakt onların ifşası yolunda qətiyyətli addımların başlanğıcıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB