Minnətdarlıq məktubları vətəndaş məmnunluğunun təzahürüdür TƏHLİL

Minnətdarlıq məktubları vətəndaş məmnunluğunun təzahürüdür TƏHLİL

Azərbaycan Prezidentinə hələ də minnətdarlıq məktubları gəlməkdə davam edir və bu heç də təsadüfi deyil. Ölkə vətəndaşı Cənab Prezidentin diqqət və qayğısı ilə əhatə olunduğunun fərqində olduğu üçün öz səmimi hisslərindən doğan təşəkkürünü və minnətdarlığını da ifadə edir və bunu bilavasitə ölkə başçısına ünvanlayır. Bu məktublara nəzər saldıqda bir sıra maraqlı məqamların da şahidi oluruq ki, belə məqamlar hər kəsi düşündürür və göründüyü kimi bu məktublar Azərbaycan vətəndaşının ölkə başçısına olan inamının, güvəninin, vətəndaşla ölkə rəhbərinin birliyinin təzahürüdür.

Cənab Prezidentə ünvanlanan məktubların bir çoxunda “Siz bizi bizdən artıq düşünürsünüz” ifadəsinə rast gəlirik. Bu ifadə hər kəsi düşünməyə vadar edir və görəsən, hansı səbəbdən vətəndaş belə bir nəticəyə gəlib? Bu sual ətrafında düşünərkən dərhal xatırlayırıq ki, həqiqətən də ölkə vətəndaşlarının əksəriyyəti ÜST tərəfindən pandemiya kimi qiymətləndirilən vəziyyəti ciddiyə almadığı zaman, öz sağlamlığını, özünün, ailə üzvlərinin, yaxınlarının, əzizlərinin həyati təhlükəsi barədə düşünmədiyi zaman dövlət başçısı bu barədə onlardan əvvəl və onların əvəzinə düşünüb. Hər kəsin belə özünə göstərmədiyi qayğını vətəndaşlarımız ölkə başçısından gördülər. Vətəndaşa öz evində rahat oturmaq tövsiyyəsi, tapşırığı fonunda əmək haqları da təmin olunursa, bu özü diqqət, qayğı nümunəsidir. Belə bir diqqət və qayğı heç şübhəsiz valideyin qayğısı ilə müqaisə olunandır ki, bunu da Azərbaycan vətəndaşları, cəmiyyətimiz layiqincə qiymətləndirir və bu qiymətləndirmə ölkə başçısına ünvünlanan minnətdarlıq məktublarında özünü biruzə verir.

İndi planetin mənzərəsi heç də əvvəlkinə bənzəmir və gözəgörünməz düşmənlə mübarizəyə, müharibəyə qalxan dünya bu müharibənin fonunda bir növ elə bil hərbi rejimdədir. Belə bir şəraitdə, məhz virusla müharibə şəraitində hər bir dövlət ayrılıqda bir hərbi hissəyə bənzəyir ki, bu halda dövlətlərin başçıları da hərbi komandanı xatırladır. Lakin heç də bu Ali Baş Komandanların hamısı itgilərin daha az olması üçün eyni dərəcədə keşikdə deyil və bu mənada Azərbaycan Prezidenti müqaisəyə gəlməzdir. İndi heç kim üçün sirr deyil ki, daha az itgilər verilməsi üçün ölkə başçımız hər kəsdən daha çox qayğı göstərir və ölkə vətəndaşlarının həyatının keşiyində olmaqla sözügedən müharibənin ön cəbhəsindədir. Bu baxımdan Qarabağ qazisi, müharibə veteranı Nazim Paşayevin ölkə başçısını Azərbaycanın həm Prezidenti, həm generalı, həm də səngərdə dayanan bir əsgər kimi dəyərləndirməsi başadüşüləndir və xüsusi bir diqqətə layiqdir.

Ölkə başçısının rəhbərliyi ilə reallaşdırılan tədbirlər, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, tibbi məsələlərin həlli ilə əlaqədar qərarlar, məhz pandemiya ilə əlaqədar 2,5 milyard manatın ayrılması, ehtiyaclı insanlara birdəfəlik yardımlar və saysız-hesabsız sosial qayğılar təsdiq edir ki, Azərbaycan vətəndaşının güman yeri Azərbaycan Prezidentidir. Bu eyni zamanda ondan xəbər verir ki, vətəndaşların etimad bəsləyəcəyi, güvənəcəyi də elə ölkə başçısıdır. Cəmiyyətimiz onu da yaxşı bilir ki, ümid yeri Cənab Prezident özüdür və bunu etiraf da edənlər var. Əbəs yerə deyil ki, minnətdarlıq məktublarında vətəndaşlar, “Çox sağ olun ki, Sizə bəslənən ümidləri və güvəni hər zaman doğruldur, xalqımıza ruh yüksəkliyi bəxş edirsiz” deyə bildirirlər.

Minnətdarlıq məktublarında ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışına münasibət də birmənalıdır. Beləki, minnətdarlıq ifadə edənlər “Sizin “Biz birlikdə güclüyük” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaq”, deyə ifadə edənlər əslində ölkə başçısı ilə bir yerdə olduqlarını aydın şəkildə təsdiq edirlər. Bu həm də xalqımızın öz rəhbəri ilə bir olduğunun, onun yanında olduğunun ən parlaq nümunəsi, isbatıdır. Eyni zamanda onu da qeyd etmək yerinə düşərdi ki, belə bir şərait özü bir daha təsdiq etdi ki, güclü olmaq üçün bir yerdə olmaq çox vacibdir. Bir növ ölkə başçısı birlik fəlsəfəsini əməli şəkildə yenidən xatırlatdı və birliyin vacibliyini bir daha isbat etdi. Təbii ki, pandemiya deyilən bu bəla da, bu qara buludlar da çəkilib gedəcək və ən diqqətəlayiq məqam odur ki, birliyin bəlalardan xilas olmaq üçün ən təsirli vasitə olması bir örnək kimi yaddaşlarda qalacaq. Yadda qalacaq ki, ümumi düşmənə qarşı mübarizədə birlik qələbə qazanmaq üçün əvəzolunmazdır və bu ənənə, bu bu birlik tendensiyası bizə möhtəşəm qələbələr qazanmaqda çox lazım olacaq.

Bir müddətdir hamımız “evdə qal” çağırışı ilə hər yerdə rastlaşırıq və hətta bu bir tələb kimi vətəndaşlarımızın qarşısına qoyulub ki, nəticə etibarı ilə belə bir addım cəmiyyətimizin sağlamlığı, özümüzü, yaxınlarımızı, ümumilikdə ətrafımızı qorumaq üçün ən doğru seçimdir. Nəzərə alsaq ki, bununla biz özümüzü, yaxınlarımızı, ümumilikdə ətrafımızı qoruyuruq, deməli nəticədə bütövlükdə vətənimizi bu bəladan qorumuş oluruq. Hər birimizin bu tələbə riayət etməyimizin, nəticədə vətənimizi qorumağımızın bir adı da vətənpərvərlikdir ki, biz bunu da örnək kimi ölkə başçısından gördük. Cənab Prezident özü əyani olaraq vətənpərvərliyin nədən başladığını əməldə də göstərdi desək yanılmarıq. İndi hər birimizdən karantin rejiminə riayət etmək, evdə qalmaq, insanların sıx olduğu yerlərə çıxmamaq tələbi vətənimizin bu bəladan xilas olması naminədir ki, bu ölkə başçısının vətənpərvərlik hissinin hər şeydən üstün olduğunu isbatlayır. Bunu vətəndaşlar da çox yaxşı başa düşür və ölkə başçısına ünvanlanan minnətdarlıq məktublarında “Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir” kimi ifadələr də bu baxımdan əbəs yerə deyil.

Sərkərdələr güclü olduğu zaman məmləkətin də basılmaz olduğunun tarix özü şahididir. “Sərkərdə güclü olsa, verməz ordu bada” zərb məsəli də bu reallığı özündə ehtiva edir. Əsrlər boyu da belə olub, indi də belədir və hər bir dövlətin, hər bir cəmiyyətin, ölkə vətəndaşlarının nəinki müharibələrə, düşmənə, hətta çətinliklərə belə sinə gərməsi, qalib gəlməsi üçün güclü liderə ehtiyacı var. Heç şübhəsiz ki, Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, çətin anlarda köməyinə güclü lider yetişir. Bir zamanlar ölkənin dağılmaq, ən azından vətəndaş müharibəsi ilə üz-üzə qalmaq ərəfəsində güclü bir Lider olan Ulu Öndər xalqı xilas etdiyi kimi, indi də onun layiqli davamçısı Cənab Prezident İlham Əliyev bu bəladan vətəndaşlarımızı, xalqımızı xilas etməkdədir. Doğru və qətiyyətli qərarlar qəbul edən, eləcə də vətəndaşları düşünərək onları qoruyan, qayğısına qalan, mühafizə edən ölkə başçısı Cənab Prezidentin timsalında əsl sərkərdə, qüdrətli Liderdir. Təsadüfi deyil ki, Prezidentə ünvanlanan minnətdarlıq məktublarında “Azərbaycan xalqı sizinlə güclüdür. Biz sizə güvənirik və Sizin yanınızdayıq”, fikirləri, ifadələri yer alır və bu Azərbaycan Prezidentinin gücünün, güvənliyinin etirafıdır.
Cənab Prezidentə ünvanlanan minnətdarlıq məktublarında bir çox məqamlar, ələlxüsus, vətəndaş məmnunluğu, ölkə başçısına inam, etibar, güvən öz əksini tapır və bunları sadalamaqla bitən də deyil. Bütün bu deyilənlərin fonunda isə Azərbaycan vətəndaşının ölkə başçısına sevgisi, məhəbbəti özünü birusə verir. Çünki, görülən tədbirlər, Cənab Prezident İlham Əliyevin rəhbərliyi və qayğısı ilə atılan addımlar təsdiq edir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır, Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır və ölkə başçısı Azərbaycan vətəndaşının keşiyindədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə