“Dövlət öz insanını, öz vətəndaşını qorumaq üçün bütün addımları atır” NAZİR

“Dövlət öz insanını, öz vətəndaşını qorumaq üçün bütün addımları atır” NAZİR

“Cənab Prezidentin vurğuladığı kimi Azərbaycan hökuməti, Azərbaycan dövləti bu gün çox düşünülmüş, soyuqqanlı addımlar atır”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan dövlət televiziyasındakı çıxışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev xüsusi karantin dövründə dövlətin həyata keçirdiyi və gələcəkdə nəzərdə tutulan tədbirlər haqda danışarkən deyib. Onun sözlərinə görə, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün aparılan işlər karantin dövründə davam etdirilməkdədir.

“Dövlət öz insanını, öz vətəndaşını qorumaq üçün bütün addımları atır”, deyə qeyd edən nazir onu da bildirib ki, pandemiya ilə soyuqqanlı şəkildə mübarizə aparılır: “Biz bu gün artıq virusa yoluxma ilə bağlı müsbət dinamikanı görürük. Bəzi günlərdə yoluxma sayı sağalma sayından aşağı olur, ümumi xəstələrin sayı tədricən aşağı düşür”.

Sahil Babayev həmçinin bildirib ki, bu dövrdə Azərbaycan iqtisadiyyatının, əhalisinin müdafiə olunması üçün çevik addımlar atıldı və qısa müddət ərzində tədbirlər planı hazırlandı: “Vətəndaşların məşğulluğuna pandemiyanın yaratdığı çətinliklərin aradan qaldırılması üçün bir sıra tədbirlər görüldü. Tədbirlər planında nəzərdə tutulan bu paketin həcmi 2,5 milyon insanımızı əhatə edir. Məşğulluq və sosial rifah tədbirləri üçün hazırlanmış paketin həcmi 600 milyon manata çatır. Dövlət sektorunda 910 min insanın məşğulluğu tam şəkildə təmin edilib. Baxmayaraq ki, onların böyük əksəriyyəti bu gün işləmirlər”.

Nazirin sözlərinə görə, həyati vacib qurumlardan və orqanlardan başqa qurumlar çox məhdud sayda işçi ilə işləyirlər və onların əməkdaşları məzuniyyətə buraxılıb, lakin həmin şəxslərin əmək haqqları ödənir.

“Onların işə çağırılıb-çağırılmamalarından asılı olmayaraq əmək haqqları növbəti aylarda da ödəniləcək”, deyə o qeyd edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə