"Sizin daim yanımızda olmağınızdan qürur və şərəf duyuruq" MİNNƏTDARLIQ

"Sizin daim yanımızda olmağınızdan qürur və şərəf duyuruq" MİNNƏTDARLIQ

“Möhtərəm Cənab Prezidentimiz, dünyanı ağuşuna alan “COVID-19” pandemiyası hər birimizin təhlükə mənbəyinə çevrilib. Hazırda bütün dünya bu bəladan əziyyət çəkir. Beynəlxalq təşkilatlar və dünya ölkələri bütün gücünü və imkanlarını bu bəlaya qarşı mübarizəyə səfərbər edib. Dünyanın inkişaf etmiş ölkələri nə qədər çalışsalar da, həm yoluxmanın, həm də itkilərin qarşısını almaqda aciz qalıblar. Sizin rəhbərliyinizlə görünən qabaqlayıcı tədbirlər nəticəsində pandemiyanın ölkəmizdə geniş şəkil də yayılmasının qarşısı alındı. İnanırıq ki, məhz Sizin yorulmaz fəaliyyətiniz xalqımızı bu bəladan qoruyacaq və dövlətimiz qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacaq”. SİA xəbər verir ki, bu minnətdarlıq məktubu ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edib.

“Siz hər bir vətəndaşın sağlam qalması, ölkəmizin bu vəziyyətdən minimal itki ilə xilas olması üçün bütün imkanları səfərbər edirsiniz”, deyə qeyd edilən müraciətdə bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan bu xəstəlikdən ölüm sayına və yoluxma sayına görə, dünya ölkələri sonuncu pillələrdədir: “Azərbaycan xalqı Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə bütün səhiyyə ocaqlarında yaradılmış şəraitdən, tibb işçilərimizin xidmətlərindən razıdır və Sizə dərin minnətdarlıq ifadə edir”.

Səkinə Babayeva onu da bildirib ki, dünyanın hansı bölgəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürur duyuruq ki, insanların sağlamlığını və təhlükəsizliyini özünün başlıca amalı hesab edən Liderimiz var: “Bütün dünya koronavirus pandemiyasının mövcudluğu səbəbindən iqtisadi problemlərlə, sosial çətinliklərlə üzləşir. Azərbaycanın öz iqtisadi inkişaf strategiyasını düzgün və əsaslı şəkildə qurması iqtisadi problemlərin yaranmamasına səbəb olub. Ölkəmiz hər bir çətinlikdən uğurla çıxaraq öz inkişaf modelinin nümunəviliyini dünyaya nümayiş etdirir. Düşünülmüş düzgün və məqsədyönlü siyasətiniz nəticəsində Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən sabit və təhlükəsiz bir məkana çevrilib. Azərbaycanda formalaşan davamlı və dayanıqlı iqtisadi inkişaf modelinin əsas gücü ondadır ki, xalq onu bəyənir və dəstəkləyir. Bu modelin reallaşdırılması nəticəsində ölkəmiz güclü dövlətə çevrilib. Bunun nəticəsində Azərbaycan beynəlxalq kürsülərdə öz sözünü deyir, müstəqil siyasət aparır və maraqlarını qoruyur”.

Sahibkar xanım ölkə başçısına ünvanladığı minnətdarlığı əsnasında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etmədsində söhbət açıb və bildirib ki, açılış zamanı Cənab Prezidentlə görüşü onun hafizəsindən heç zaman silinməyəcək izlər buraxıb: “Dünyada bəlaya çevrilən koronavirus pandemiyası səbəbindən tibbi maskaya tələbat kəskin şəkildə artıb. Bu da qıtlığın yaranmasına gətirib çıxarıb. Ölkəmizdə maska istehsalına zərurət yaranmışdı. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə “Bakı Tekstil Fabriki” MMC-də quraşdırılıb. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi, ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Bütün bunlara görə, Cənab Prezident Sizə minnətdarlıq edirəm. Biz hər zaman Sizin qayğınızı hiss edirik. Cənab Prezident, Sizin daim yanımızda olmağınızdan qürur və şərəf duyuruq, Tanrı Sizi, dövlətimizi və xalqımızı qorusun!”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə