"Hər şey vətəndaşların rifahı, xoşbəxt gələcəyi üçündür" QHT RƏHBƏRLƏRİ - SORĞU
Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın bütün guşələrindən Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. QHT rəhbərləri SİA-ya verdikləri açıqlamada ölkə başçısının ünvanına gələn məktubları belə şərh ediblər:

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf: “Azərbaycan dövləti xalqın sağlamlığını, bu pandemiyanın yayılmasının qarşısını almaq üçün vaxtında, çevik işə başladığının şahidi olduq. Ölkə başçısının tez zamanda məsələyə müdaxilə etməsi, Nazirlər Kabineti yanında Operativ Qərargahın, Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondununun, yaxın günlərdə yüksək standartlara cavab verən xəstəxananın, maska istehsalını nəzərdə tutan zavodun yaradılması bunun göstəricisidir. Bilirik ki, koronavirus infeksiyasının yayılması fonunda ölkələr özlərini təcrid vəziyyətinə salırlar, iqtisadi əlaqələr pozulur və nəticə etibarilə iqtisadi fəallığın zəifləməsi məşğulluğa mənfi təsir göstərir. Buna görə də fondun yaradılması ilə Azərbaycanda fəsadlardan əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərəcək, sahibkarların işçiləri ixtisar etməməsinin qarşısını alacaq, makroiqtisadi sabitliyin təmin edilməsinə nail olacaqdır. Artıq sahibkarlara dövlət dəstəyinin göstərilməsi üçün 9 proqram hazırlanıb. Şəffaf işləyən sahibkarlar dövlət dəstəyi proqramından faydalana biləcək. 300 mindən çox işçinin əmək haqqının bir hissəsini dövlət ödəyəcək.
Dövlət tərəfindən atılan addımlara xalqımız evdə qalmaqla dəstək olmalıdır. Bu gün bütün dünyada, o cümlədən də Azərbaycanda koronavirus infeksiyasının yayılmasına yol verməməyin, xəstəliyə yoluxmamağın ən etibarlı yolu evdə qalmaqdır. Evdə qalmaqla insanlar həm özlərini, həm də ailə üzvlərini qorumuş olur, özləri infeksiyaya yoluxmur və digərləri üçün təhlükə yaratmırlar. Biz özümüz yaxınlarımızı ətrafımızı məsuliyyətlə davranmağa, qəbul edilmiş qaydaları pozmamamağa dəvət etməli, sosial şəbəkələr vasitəsilə evdə qalmağın mühüm əhəmiyyətini təbliğ etməlik. Evdə qalmağı isə heç də mənfi alqılamamalı, əksinə ailəmizin, evimizin zövqünu daha çox almaq şansı kimi qəbul etməliyik. Yalnız bu üsulla biz dövlətlə ölkəmizin üçün, bizim hər birimiz üçün asan olmayan bir durumda vətəndaş cəmiyyətinin əhəmiyyətini vurğulamaq vacibdir”.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev: “Hər birimizin borcudur ki, dövlətin qəbul etdiyi qərarlara əməl edək. Çünki bu, sağlamlığımız, xoşbəxt gələcəyimiz deməkdir. Prezident İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva vətəndaşlara bir neçə dəfə çağırış ediblər. Mən həmin çağırışları oxuyanda bir daha əmin oldum ki, doğrudan da Azərbaycan dövləti hər bir vətəndaşının yanındadır. Görün, ölkəmizin rəhbərliyi hər birimiz üçün nə qədər narahatlıq hissi keçirir. Əlbəttə, bu, sevginin, qayğının, mərhəmətin böyük nümunəsidir.
Təməli Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən siyasətin, dövlət xalq, xalq-dövlət birliyi və həmrəyliyinin böyük nümunəsi məhz budur. Koronovirusla bağlı həyata keçirilən tədbirlər, atılan addımlar da bunun bariz göstəricisidir. Ümumiyyətlə, mütləq qeyd etməliyəm ki, Azərbaycan dövləti təkcə son zamanlar yaşadığımız bu çətin günlərdə yox, bütün dövrlərdə öz siyasətini insan amili üzərində qurub. Hər şey məhz insan amilindən başlayır. Hər şey xalq üçündür. Hər şey vətəndaşların rifahı, qayğısız, xoşbəxt gələcəyi üçündür. Dövlətimiz ömrünü sənətə, teatra həsr edən insanlara münasibətdə də eyni qayğıkeşliyi göstərib və göstərir”.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli: “Koronovius (COVİD-19) pandemiya bütün dünyanın hər tərəfində böyük problemlər yaradıb. Dünyanın ən güclü dövlətləri və inkişaf etmiş ölkələri – ABŞ, İtaliya, İspaniya, Almaniya, Fransa belə bu koronovirusun qarşısında çox aciz qalıblar və böyük problemlər yaşayırlar. Vətəndaşlarımız dünyada gedən prosesləri çox yaxından izləyirlər. Onlar cənab Prezidentin vaxtında çox doğru qərarlar aldığını və insan sağlamlığını hər şeydən üstün tutmasını alqışlayırlar və minnətdarlıqlarını ifadə edirlər.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eləcə də Koronovirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, yeni xəstəxanaların, tibbi maska istehsal edən müəssisənin açılışı və s. ondan öncəki illərdə isə apardığı doğru iqtisadi siyasət onu göstərir ki, Azərbaycan dövləti ölkə başçımızın müdrik, çevik siyasəti nəticəsində bu cür proseslərə hazırlıqlıdır. Hələ vaxtilə Azərbaycanda sel daşqınları, zəlzələ, təbii fəlakətlər baş verərkən də cənab Prezident heç kim müraciət etmədən özünün daxili imkanları hesabına bu problemləri həll etmişdir. 1 milyona yaxın qaçqın və məcburi köçkünün mənzil probleminin həlli istiqamətində Azərbaycan dövləti heç bir beynəlxalq qurumlardan yardım almadan öz imkanları hesabına bu məsələləri həll edir. Bu prosesləri vətəndaşlarımız çox yaxından izləyirlər. Onlar Azərbaycan Prezidentin apardığı qətiyyətli, məqsədyönlü siyasətə görə ölkə başçısına minnətdardırlar. Ona görə də vətəndaşlarımız cənab Prezidentin bu siyasətini dəstəkləyirlər".

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru, İlqar Orucov: “Son günlərdə sadə vətəndaşlarımız tərəfindən cənab Prezidentə minnətdarlıq məktubları gəlməkdə davam edir. İnsanlar öz Prezidentlərinə, dövlətin başında duran insana təşəkkürlərini, öz səmimi hisslərini ifadə edirlər. Fikirləşirəm ki, vətəndaşlarımız tərəfindən Prezidentə göndərilən minnətdarlıq məktubları onların səmimi hisslərinin ifadəsidir. Ölkə vətəndaşları fərqindədirlər ki, onların seçdiyi dövlət rəhbəri çətin dövrlərdə, günlərdə hər zaman öz xalqına ləyaqətlə xidmət etməyi bacardı və hazırda da bu xidməti cənab Prezident davam etdirir. Dövlət başçımız çətin günlərdə ölkənin bu qədər iqtisadi itkiləri olduğu halda bütün dünyanı cənginə alan pandemiya ilə mübarizə tədbirlərində yalnız və yalnız Azərbaycan insanının sağlamlığını, rifahını düşündü. Azərbaycan insanının bu proseslərdən itkisi çıxması və zərər görməməsi üçün öz iradəsini, bacarığını ortaya qoydu. Pandemiya ərəfəsində ölkə başçımızın insanlarla görüşlərində, təmaslarında, müxtəlif KİV-lərə müsahibələrində, müxtəlif açılışlarda, müraciətlərində yalnız və yalnız ana xətti o təşkil etdi ki, dövlət vətəndaşın, insanların yanındadır. Hər bir Azərbaycan vətəndaşı öz arxasında güclü, qüdrətli Azərbaycan dövlətini görə biləcək. İnsanlardan yalnız bir xahiş oldu ki, evdə qalsınlar və karantin rejiminin tələblərinə əməl etsinlər.
Növbəti günlərdə də ölkə başçısı, Nazirlər Kabineti, dövlətin aidiyyatı qurumları tərəfindən insanlara yönəlik xeyli sayda sosial addımlara atıldı, sosial paketlər ortaya qoyuldu. Cənab Prezident yaşa görə təqaüd alan insanların qayğısını təmin etdi, işsizlərə münasibətini ortaya qoydu. Həmçinin sosial təqaüd alanlara, ailə başçılarını itirmiş ailələrə, əlillərə, fiziki qüsurunu itirmiş insanlara qarşı münasibətini ortaya qoydu. Yəni cəmiyyətin elə bir təbəqəsi olmadı ki, Prezidentimiz orada insanları düşünməsin. Xüsusilə pandemiya dövründə gərgin şəraitdə çalışan, sağlamlıqlarını təhlükəyə qoyaraq insanların keşiyində dayanan həkimlərin əməyini stimullaşdırmaq istiqamətində işləri ortaya qoydu. Bütün bunları Azərbaycan insanı görür və dəyərləndirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB