“Mübarizə tədbirlərini qaralayanların şansları yoxdur" ŞƏRH-ÖZƏL
“Müstəqillik tariximizin ilk video dövlət müşavirəsi bir sıra xarakterik əlamətlərlə fərqləndirilə bilər. Ölkənin daxili və xarici siyasəti, pandemiya ilə mübarizə, davamlı islahatlar, iqtisadi sabitlik, Dağlıq Qarabağ problemi, bəzi beynəlxalq dairələrin Azərbaycana qərəzli yanaşmalarını inadla davam etdirmələri və digərləri ilə bağlı düşündürücü mesajlar sözügedən konfransa geniş marağı təmin edən amillərdir”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, Azərbaycanın yeni daxil olduğu daxili siyasi konfiqurasiyanın əsas əlamətlərinin təqdim olunması baxımından videokonfransın rolu barədə ayrıca danışmağa ehtiyac yaranır: “Prezident İlham Əliyev videokonfrans şəklində keçən müşavirədəki nitqində bu mərhələnin bir neçə əsas xüsusiyyətini göstərdi. Siyasi qüvvələrin mütləq əksəriyyətinin dövlətçilk mövqeyində dayandığını bildirən dövlət başçısı əslində cəmiyyətimizdə real siyasi qüvvələr nisbətinin aydın mənzərəsini çəkdi. Bu mənzərə onu ifadə edir ki, bəzi müxalif dairələrin "böyük-böyük" iddialarına baxmayaraq Azərbaycanda siyasi qüvvələr nisbəti tam şəkildə hakimiyyətin tərəfindədir”.
Ekspert söyləyib ki, Prezident İlham Əliyev müşavirədə yeni konfiqurasiya mərhələsində müxalifətin fərqli perspektivlərə malik müxtəlif qruplaşmalarının da sərhədlərini aydın göstərdi: “Təbii ki, yeni siyasi konfiqurasiyada heç də bütün müxalif sayılan qrupların yeri yoxdur və olmayacaq. Ölkə başçısı aydın şəkildə bildirdi ki, yalnız dövlətçilik mövqeyi olan, siyasi dialoqa gedən, ifrat ittihamçılıqdan uzaq, dövlət idarəçiliyində qanuni üsullarla birbaşa və dolayı iştiraka qadir müxalif qüvvələr yeni konfiqurasiyada təmsil oluna biləcəklər. İllərdən bəri ardıcıl boykot bəyanatları verən, siyasi proseslərdən özünü kənarda qoyan, siyasi proseslərdə iştirakın ancaq küçə-meydan aksiyaları formasını məqbul sayanların təbii ki, yeni konfiqurasiyada təmsilçilik şansları olmayacaq. Dövlətin bu günlərdə koronavirusla ağır mübarizəsinin özünü də qaralamaq istəyən opponentlərin siyasi müxalifət adı altında yeni konfiqurasiyaya düşmək şansları necə ola bilər ki?!”.
A.Quliyev vurğulayıb ki, normal məntiqin hökmünə görə, bu ağır günlərdə özlərini hətta barışmaz radikal sayanlar da müxalifətçilik fəaliyyətinə ara verərək ümumi bəla ilə dövlət mübarizə tədbirlərinə dəstək verməli, ya heç olmasa maneçilik etməməli idilər: “Əvəzində ifrat ittihamçılıq hətta pandemiya əleyhinə dövlət tədbirlərinin özünün də qaralanmasına qədər dərinləşdirildi. Koronavirusla Mübarizə Fonduna “1 manat” kömək etməyi özünə borc bilməyən müxalif qruplaşmanın Azərbaycanın yeni siyasi konfiqurasiyasinda necə iştirak etmək şansı qala bilər?! Hər bir dövlətin tarixində elə məqamlar olur ki, hər bir siyasi qüvvə düşmən kimi deyil, ya tərəfdaş, ya da sağlam və qərəzsiz opponent olmağı bacarmalıdır. Yoluxan və ölənlərin statistikası üstündə siyasət qurmaq taktikasını xalq da düşmənçilik kimi qəbul edir və belə taktika ilə gedənlər nəinki yeni siyasi düzəndə təmsil olunmaq şansını itirir, ümumiyyətlə sivil siyasi sistemin ekementi kimi yox olub gedir”.
Ölkə başçısının sivil siyasi müxalifətin həqiqi güc göstəricilərinin nələrdən ibarət olduğunu təhlil etdiyini xatırladan baş redaktor qeyd edib ki, Prezident göstərdi ki, müxalifətin güc anlayışı heç də qanunsuz aksiyalarda, seçki boykotlarında, hər şeyi pisləməkdə, hər şeyi qara görməkdə, başqasının uğurlarını danmaqda deyil: “Müxalifətin gücü odur ki, hakimiyyətin səhv və ya görmədiklərini sağlam şəkildə görsün, proqram və təlimatlar, qrafiklər və qanun layihələri təqdim etsin, dövlət idarəçiliyində iştirak üçün sağlam kadrlar yetişdirsin, dövlətçilik məsələlərində isə açıq mövqe göstərməyi özünə yersiz şəkildə ayıb bilməsin. Beləliklə, yeni siyasi düzən şəraitində perspektivdə iki taleyi olan müxalifət görmək mümkündür. Özünü xalqdan və siyasi sistemdən kənarda qoyaraq tam iflas olmaq yolunu tutmuş radikal müxalifət və güclü sivil qüvvəyə çevrilmək şansına malik müxalifət. Kimin yolunun üzun olacağı artıq hər qüvvənin özündən asılı olduğu dövr başlayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB