"Azərbaycanda düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarətdə saxlanıldı" ŞƏRH-ÖZƏL

"Azərbaycanda düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarətdə saxlanıldı" ŞƏRH-ÖZƏL

“COVİD-19 pandemiyası və onun iqtisadi nəticələri proqnozlaşdırılması mümkün olan, yaxud klassik xarakter daşıyan humanitar və ya iqtisadi böhran deyil. Məhz bu səbəbdən dünyanın super maliyyə və ultra iqtisadi gücləri faktiki olaraq virusun əsirinə çevriliblər. Koronavirus təbii olaraq Azərbaycanın iqtisadi inkişafına da öz təsirini göstərdi. Lakin bu günə qədər görünən odur ki, dövlət ay yarımdan az bir müddətdə koronovirusu cilovlayaraq Azərbaycanda onun epidemiya halına çevrilməsinin qarşısını ala bildi. Düzdür, yekun qənaətə gəlmək hələ tezdir. Lakin son bir həftənin tendensiyası belə nikbin düşünməyə kifayət qədər əsas verir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Dövlət strukturlarının fəaliyyətində ajiotaj və axsamanın olmadığını deyən deputat söyləyib ki, əksinə ölkəmizdə baş verənlərə çevik, proporsional və harmonik reaksiyalar verildi, özündə alternativlik ehtiva edən qərarlar qəbul edildi: “Əhali arasında təşviş müşahidə olunmadı, əksinə, dövlət orqanlarının sistemli fəaliyyəti vətəndaşda hətta lazım olandan artıq formada arxayınlıq yaratdı. Sadalanan bu nüansların konkret və əsaslı səbəbləri var. Prezident İlham Əliyevin sədrliyi ilə ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans formatlı müşavirədə bu məqamların hamısı aydınlığa qovuşdu”.

B.Məhərrəmov qeyd edib ki, insan hüquqlarının nəzəri əsaslarına görə, iqtisadi və sosial hüquqların əsas xüsusiyyəti kimi, pozitivlik, yəni dövlətin bu sahədə aktiv fəaliyyəti götürülür: “Bu anlamda həmin hüquqların realizəsi üçün əvvəlcədən planlaşdırılmış, habelə təşkil olunmuş fəaliyyət nəzəri olaraq dövlətin əsas öhdəliyi kimi müəyyən edilir. Azərbaycan Respublikasının da böhran meyillərinə davamlılığının ilk səbəbi ötən il hökumətin uğurlu fəaliyyəti, habelə, Azərbaycanda islahatların davam etdirilməsi iradəsinin mövcudluğu ilə bağlı oldu. Həmçinin dövlət başçısının müşavirədə dediyi kimi, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət tam nəzarət altına alındı”.

O bildirib ki, atılan addımlar, görülən tədbirlər faydasız olsaydı, iqtisadi imkanları bizdən qat-qat artıq olan İtaliya, İspaniya, ABŞ kimi dövlətlərdə müşahidə olunan virus infeksiyasının yayılma və təsir tendensiyası Azərbaycanda da təkrarlanmalı və cənab İlham Əliyevin dediyi kimi, qurbanların sayı on minlərlə olmalı idi: “Lakin olmadı. Heç bir siyasi məna vermədən, əlimizi vicdanımıza qoyaraq bu sualı özümüzə verək, niyə? Vətəndaşlarımızın lazımı məsuliyyət və intizam göstərdiyinə görəmi? Aydındır ki, xeyr, cəmiyyətimiz nə qədər yekdil, vətənə, dövlətə bağlı olsa da, epidemiya təhlükəsinə, sağlamlığına bir o qədər laqeydlik göstərən bir qafqaz mentallıqlı bir toplumuq. Deməli, ən az itkilərlə xilasımızın yeganə səbəbi, müşavirədə qeyd edildiyi kimi, dövlətin planlı, düşünülmüş və çevik fəaliyyətidir. Dövlət başçısı da bu məsələyə toxunaraq vurğuladı ki, Azərbaycan karantin rejiminin antihuman xarakterinin qarşısını almaq üçün düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirdi. Cəmiyyətimiz birdən-birə intizama dəvət edilmədi, əvvəlcə marrifləndirmə, daha sonra məsuliyyətlilik, ən nəhayət isə intizamlılıq prinsiplərinin ardıcıllığı ilə toplum xüsusi rejimə adaptasiya edildi. Habelə, nə qədər mürəkkəb olsa da, idarəetmədə alternativ və gözlənilməz tezliklə ərsəyə gətirilən elektron xidmət və elektron idarəçilik tendensiyalarının payı artdı”.

Xüsusi karantin rejiminin hər anının iqtisadiyyat üçün zərbə olduğunu qeyd edən deputat söyləyib ki, lakin, Prezident İlham Əliyev ötən gün keçirilən müşavirədə bir daha bəyan etdi ki, dövlətin bu sahədə siyasi kursu bəllidir: "Ölkə başçısı söylədi ki, hər kəs karantin rejiminə tezliklə son qoyulmasını və vətəndaşların öz normal həyatına qayıtmasını istəyir. Ancaq Azərbaycan hakimiyyəti üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Prezident İlham Əliyevin də dediyi kimi, hazırda dünya ciddi iqtisadi böhranla üz-üzə olmasına baxmayaraq, Azərbaycan dövləti ümumilikdə 3 milyard manata yaxın vəsait ayıraraq əsasən sosial məqsədlərə yönəltdi, dövlət və özəl sektorda işçi ixtisarının qarşısı alındı, aztəminatlı və qayğıya ehtiyacı olan təbəqə himayəyə götürüldü, sosial proqramlar maliyyələşdirildi”.

B. Məhərrəmov vurğulayıb ki, hazırda dünya birliyinin mütləq əksəriyyəti yardıma ehtiyac duyur və 150-dən çox ölkə Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına yardım üçün müraciət edib: “Azərbaycanın isə xarici yardıma ehtiyacı yoxdur. Mən bir alim kimi tənqidi yanaşmanın tərəfdarıyam, mövcud hakimiyyətin, onun ayrı-ayrı fiqurlarının, idarəçilik formaları və yanaşma tərzlərinin sağlam, qərəzsiz, inkişafa hesablanan formada tənqidini daim alqışlamışam və zaman-zaman Milli Məclisin tribunasından tərəfimdən də bu tənqid səsləndirilir. Lakin, dünyanın böhranla üzləşdiyi bir vaxtda, Azərbaycanın öz gücünə ayaqda qala bilməsi, Sizcə uğur hekayəsi deyilmi? Ümumiyyətlə bu qənaətdəyəm ki, Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədəki çıxışı cəmiyyətə ehtiyac duyulan elə bir sosial ismarıc oldu ki, səsləndirilməsi ilə bir neçə problem və prosesi aydınlaşdırmış oldu”.

Fikirlərinin sonunda daha bir məqama toxunan millət vəkili Azərbaycanda dünyanı ağuşuna almış koronovirus epidemiyasını hakimiyyətin məhsulu kimi sırımaq, virusun pandemiyaya çevrilməsində Azərbaycan hakimiyyətini suçlamaq, daha ağır nəticələri arzu etmək, cəmiyyəti buna fokuslamaq meyllərinin olduğuna təəssüf edib: “Bu meylləri ifadə edən insanlar və qruplarla, beynəlxalq arenada Azərbaycana aşkar qərəzli davranan beynəlxalq təşkilat və dövlətlərin mövqeyi demək olar ki, üst-üstə düşür. Mən bitərəf deputat kimi ölkənin vətəndaşlarından ibarət heç bir siyasi qüvvənin 5-ci kalon hesab edilməsinin tərəfdarı deyiləm. Lakin, yuxarıda sadaladığım, acı məyusluq doğuran əməllərdə bulunan siyasi mövcudiyyətə başqa ad tapmaqda da çətinlik çəkirəm”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə