Prezident Stratfor Özəl Elmi Korporasiyasının icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Stratfor Özəl Elmi Korporasiyasının yaradıcısı, icraçı direktoru və baş analitiki George Fridmanı qəbul edib. SİA-nın xəbərinə görə, dövlətimizin başçısı George Fridmanın ölkəmizə yenidən səfər etməsindən məmnunluğunu bildirib.
Stratfor Özəl Elmi Korporasiyasının yaradıcısı, icraçı direktoru və baş analitiki George Fridman özünün qlobal dünya siyasətində dəyişikliklərlə bağlı Azərbaycanın regionda aparıcı rolu barədə geniş fikirlərin əks olunduğu "Növbəti onillik" sərlövhəli kitabını dövlətimizin başçısına təqdim edib. George Fridman Azərbaycana səfəri çərçivəsində Naxçıvana gedəcəyini, muxtar respublikada reallaşan sosial-iqtisadi layihələrlə tanış olacağını bildirib.
Naxçıvanın Azərbaycanın ən qədim tarixi bölgələrindən biri olduğunu deyən Prezident İlham Əliyev bütün bu ərazilərin hamısında tarixən azərbaycanlıların məskunlaşdığını, sonradan Zəngəzur mahalının Ermənistana verildiyini və Naxçıvanın Azərbaycandan ayrı düşdüyünü deyib. Prezident İlham Əliyev muxtar respublikaya böyük həcmdə sərmayə yatırıldığını, mühüm sosial və infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib. Dövlətimizin başçısı qonağın tarixi abidələrlə zəngin Naxçıvana səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər, regional məsələlər, geosiyasi vəziyyət, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB