Musa Urud, millət vəkili

(Üçüncü məqalə)

Koronavirusla mübarizə dövrünün sosial-psixoloji aspektləri

Ayinəsi işdir kişinin lafa baxılmaz,

Şəxsin bilinir rütbeyi-əqli əsərindən

Ziya Paşa

Ölkəmiz iki aydan çoxdur ki, bütün qüvvələri səfərbər edərək, dünyanı cənginə almış, bəşəriyyəti iflas və ölüm qorxusu ilə təhdid edən gözə görünməz düşmənlə - koronavirus pandemiyası ilə mübarizə aparır. Fikrimcə, proses bu templə və uğurla davam edərsə, yaxın günlərdə mübarizənin müsbət sonluqla bitəcəyi yekun mərhələsinə qədəm qoyacağıq. Keçilən mərhələlər, görülən işlər, əldə edilən məlumatlar və təcrübə müəyyən təhlillər aparmağa və nəticəyə gəlməyə kifayət qədər imkan və material verməkdədir.

Koronavirusla mübarizənin ilk günlərindən dövlətin, cəmiyyətin, müxtəlif sosial təbəqələrin problemə baxışı fərqli olmuşdur və şərait dəyişdikcə münasibətlərin də dəyişdiyini müşahidə edə bilirik.

Dövlətin münasibəti və davranışı

Koronavirusla mübarizədə dönməz və təmkinli, daha çox ardıcıllığı və strateji xarakteri ilə diqqəti cəlb edən, proseslərin önündə gedən münasibət başında cənab prezident İlham Əliyevin dayandığı Azərbaycan dövlətinin münasibətidir. Hələ ötən ilin sonlarında Çindən sürətlə yayılan və ölümlə nəticələnə bilən yeni virus infeksiyasının baş qaldırması barədə xəbərlər gəlməyə başlayan andan cənab Prezident müvafiq tibbi-profilaktik tədbirlər görülməsi, lazımi diaqnostik və müalicəvi ləvazimatların alınması üçün göstərişlər vermiş, fevral ayının sonlarından başlayaraq qonşu İranla, daha sonra digər dövlətlərlə sərhəd- gömrük rejiminin epidemiya əleyhinə tədbirlər səviyyəsinə keçirilməsi, xaricdə yaşayan vətəndaşlarımızın ölkəyə gətirilməsi və karantin rejimində saxlanılası kimi təcili tədbirlər görülməsi barədə tapşırıq verdi. Prosesin inkişaf istiqamətini düzgün müəyyən edən Azərbaycan dövlətinin başçısı bir çox mədəni- kütləvi tədbirlərin, o cümlədən xalqımızın ən sevimli bayramı olan “Novruz” şənliklərinin dayandırılması barədə vaxtında və çox düzgün qərar qəbul etdi. Bu barədə cənab Prezident xalqa özünün əmənəvi “Novruz” müraciətində deyirdi: "Bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan hərəkətlər etsinlər. Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir."

Ölkə başçısının sonrakı qərarları da reallığa tam adekvat və prosesləri qabaqlayıcı xarakter daşıyırdı:

- Koronavirusla mübarizənin kompleks və bir mərkəzdən idarə edilməsi məqsədi ilə Baş Nazirin rəhbərliyi ilə Operativ Qərargahın və Koronavirusla mübarizəyə dəstək Fondunun yaradılması;

-pandemiyanın sosial- iqrisadi fəsadlarının azaldılması və postpandemiya dövrünə hazırlıq məqsədi ilə görüləcək tədbirlərin maliyyələşdirilməsi üçün büdcədən 1 milyard manat vəsait ayrılması;

- Ölkənin ən yaxşı otellərində karantin şəraitində olan 15000- dən çox xaricdən təxliyə olunan vətəndaşımızın tam dövlət hesabına saxlanılması;

- "Yeni Klinika"da daxil olmaqla müxtəlif bölgələri əhatə edən 20- dən artıq klinikanın koranoviruslu xəstələrin müalicəsi üçün səfərbər edilməsi;

- Cəmi iki həftə ərzində ölkə daxilində dezinfeksiya edici vasitələrin və tibbi maska istehsalının təşkil edilməsi;

- Koronavirus infeksiyasina tutulmuş xəstələrin ixtisaslı müalicəsi üçün 6-sı dövlət, 4-ü özəl olmaqla10 yeni xəstəxananın tikilməsinə qərar verməsi və bu məqsədlə 14.8 milyon manat, tibb avadanlığının alınması üçün 97 milyon manat ayrılması barədə Prezident sərancamının imzalanması;

- Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqələrin yaradılması və pandemiya ilə mübarizəyə Azərbaycan dövlətinin dəstəyi olaraq 5 milyon manat vəsaitin BMT- yə ianə edilməsi;

- Koronavirusla mübarizəyə həsr olunmuş Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi və s. kimi tədbirləri koronavirusla mübarizədə dövlərin öncül, təşkilatçı və lider qismində münasibətinin ifadəsi kimi görürük.

Cənab Prezidentin 19 mart 2020- ci il tarixdə imzaladığı koronavirus pandemiyasının ölkənin sosial- iqtisadi həyatına mənfi təsirlərinin azaldılmasını və postpandemiya dövrünün inkişaf perspektivlərini nəzərdə tutan "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamın olduqca böyük əhəmiyyəti vardır.

Cəmiyyətin münasibəti və davranışı

Cəmiyyətin davranışı və koronavirus təhlükəsinə reaksiyası toplumun özü kimi çoxqütblü, rəngarəng və şəraitə uyğun olaraq dəyişkəndir. Əgər epidemiya barədə ilk xəbərlər gələrkən ümumən ictimaiyyətdə biganə, “bizdən ötər”, yaxud “bizim ölkəmizə gəlməz” kimi fikirlər dolaşmaqda idisə, fevralın axırında İranla, martın ortalarında isə Gürcüstan, Rysiya və Türkiyə ilə gediş- gəlisin dayandırılması, əvvəl uşaq bağçalarının, məktəblərin universitetlərin, daha sonra isə digər sosial, ictimai obyektlərin fəaliyyətlərinin dayandırılması, qonşu İrandan günbəgün artan yoluxma və ölüm barədə xəbərlərin gəlməsi, təxliyyə olunanların karantinə götürülməsi və s. hadisələr cəmiyyətin biganə kəsimi üçün bir "naşatır qoxusu" effekti yaratdı.

Cənab prezident İlham Əliyevin və 1-ci vitse- prezident Mehriban xanım Əliyevanın xalqa müraciətələrindəki çağırışlar cəmiyyətin koronavirusla mübarizədə toparlanmasında böyük rol oynadı.

Daha sonra içtimai maariflənmə, sosial təcrid şərtlərinə, sanitar- gigiyenik qaydalara əməl etmənin vacibliyi, dezinfeksiya edici və qoruyucu vasitələrdən istifadənin zəruriliyi barədə müxtəlif, bəzən bir-birini təkzib edən fikir və baxışlar KİV- lər vasitəsi ilə cəmiyyətə ötürülməyə başladı. Əsasən xoş niyyətlə edilən bu təklif və məsləhətlərin bir çoxu faydasız, hətta zərərli olsa belə ( soğan, sarımsaq, zəncəfil yemək, buruna duzlu su, hidrogen peroksid tökmək, spirtli içkilər qəbul etmək, tez-tez buxarla nəfəs almaq və s.) cəmiyyətin koronavirus epidemiyasına diqqəninin cəlb edilməsi baxımdan müəyyən əhəmiyyət daşıyırdı.

Cəmiyyətin üst qatını təşkil edən (elitar) ziyalı, maarifçi və sosial məsuliyyət hissi yüksək olan təbəqəsi - alimlər, fikir və düşüncə adamları, içtimai- siyasi fəal şəxslər, KİV nümayəndələri, mədəniyyət və incəsənət xadimləri ictimai davranışın şəraitə və hökumətin addımlarına uyğunlaşdırılmasında mühüm rol oynadı.

Bu prosesdə də ölkənin aparıcı siyasi qüvvəsi olan, siyasi iqlimi müəyyən edən Yeni Azərbaycan Partiyası yenə də önə çıxdı, təşəbbüsü öz əlinə aldı, dəstəkləyici humanitar fəallığı ilə ölkədəki digər ictimai-siyasi kəsimə nümunə göstərmiş oldu. YAP üzvləri öz liderlərinin təşəbbüsünə ürəkdən qoşularaq Koronavirisla Mübarizəyə Dəstək Fonduna qısa müddət ərzində 200 min manatdan çox vəsait ianə etdi. Gənc YAP- çılar böyük həvəslə könüllü olaraq tənha ahıllara sosial dəstək aksiyasına qoşuldular, partiyanın rayon təşkilatları öz təşəbbüsləri ilə ehtiyacı olan şəxslərə ərzaq, dezinfeksiyaedici və tibbi- qoruyucu vasitələr yardımı aksiyaları təşkil etdilər.

Cənab prezidentin " Biz birlikdə güclüyük" çağırış da məhz bu məqsədə xidmət edir. Amma, çox təəssüf ki, karantin rejiminə əməl etməyən, zərurət və qoruyucu vasitələr olmadan evdən çıxan, şəxsi və içtimai məsulliyyətini dərk etməyən vətəndaşlarımız da az deyil. Hər kəs başa düşməlidir ki, koronavirusla mübarizədə biz karantin rejiminə nə qədər ciddi əməl etsək, o qədər də tez və effektli nəticə əldə etmiş olacağıq.

Müxalifətun davranışı və münasıbəti

Bir çox nüfuzlu siyasi ekspertlər, dağıdıcı humanitar, sosial, iqtisadi nəticələrinə, törədəcəyi itkilərin və digər fəsadların miqyasına görə koronavirus pandemiyasını üçüncü dünya müharibəsi adlandırırlar və obrazlı görünsə də, bu müqayisədə həqiqət payı heç də az deyil. Müharubə şəraitində bütün dövrlərdə və dövlətlərdə milli və dövlət maraqları önə çıxır və siyasi, sosial, içtimai mənsubiyyətindən asılı olmayaraq bütün qüvvələr bir məqsədə səfərbər edilir. Şəxsi, qrup və korporativ maraqlar milli maraqlara tabe edilir və ona xidmətə yönəlir.

Koronavirusla mübarizədə milli birlik nümayişi üçün xoş məram və həmrəylik təşəbbüsü yenə də cənab Prezidentdən gəldi. Ölkə başçısının tapşırığı ilə Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bütün siyasi partiyaları dialoq görüşünə dəvət etdi. Bunun ardınca cənab prezident İlham Əliyev Novruz bayramı münasibəti ilə ölkə müxalifətini təbrik etdi. Cənab Prezidentin xoş məramı demək olar ki, həm parlamentdəki müxalif siyasi partiyalar, həm də parlamentdə təmsil olunmayan əksər müxalif siyasi düşüncə daşıyıcıları tərəfindən ən azı siyasi etika çərçivəsində anlayış və adekvat davranışla qarşılandı.

Yalnız sosial şəbəkələrdə özlərini klaviatura və mikrofon qəhrəmanları kimi hiss edən beşinci kalon təmsilçiləri yenə də milli xəyanət yolu tutaraq siyasi ağalarının antiazərbaycan tapşırıqlarını yerinə yetirməkdə davam etdilər. Bu isanlar hər gün az qala qışqırmaq istəyirlər ki, niyə Azərbaycanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı çox deyil. Açıq-aydın insanları təhrik edirlər ki, niyə evinizdə oturmusunuz, niyə küçələrə tökülüb xəstəliyə yoluxmursunuz ki, Azərbaycan iqtidarı çətin vəziyyətə düşsün, biz də sevinək, ağalarımızı da sevindirək!

Bir dəfə də olsun söyləməyiblər ki, xaricdən təxliyə olunan 15 minə yaxın insan 2-3 həftə karantində qaldı, ölüm- itim olmadan karantin rejimindən çıxıb sağ- salamat ailəsinə qovuşdu. Əksinə, içlərində kədərlənirlər ki, dövlət niyə belə qabaqlayıcı tədbirləri görərək şeytanı sevinmək imkanından məhrum elədi.

Avropada, Amerikada virusa yoluxmaq qorxusundan öz xarabalarından bayıra çıxmayan yaramazlar, nə haqla mənim vətəndaşlarıma "evdə oturma",- çağırışı edirsiniz?

Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 sent də olsun ianə etdinizmi?

Avropa Birliyinin Azərbaycana az məbləğdə vəsait ayırdığından az qala sevinc hissi keçirirkən, heç düşündünüzmü ki, daha çox vəsait daha çox insanımızın yardımına çatardı.

Bir gəfə Amerikadakı, Avropadakı ağalarınıza dedinizmi ki, bir az da mənim ölkəmə siz kömək edin.

Hərçənd ki, bizim, Allaha şükür , heç kəsin yardımına ehtiyacımız yoxdur, inşallah, bundan sonra da olmaz.

Əmək müqaviləsi olmadan özəl sektorda çalışan, yəni qeyri- leqal işləyənlərin karantin dövründə sosial müdafiəsini təmin etmək üçün dövlətimiz onlara yaşayış minimumu səviyyəsində iki ay müddətində 190 manat məbləğində müavinət təyin edib və artıq müavinətlərin qeydiyyatı və ödənişinə başlanılıb. Necə deyərlər, karvan gedir. Bu müavinət 190 kiloluq daş olub düşüb başınıza. Az olacaq, yenə verəcəyik, ehtiyacı olanlar aşkarlandıqca müavinət alanların əhatə dairəsini genişləndirəcəyik. Elə xalq və dövlət dərdi çəkənsinizsə, niyə demirsiniz ki, bi müavinətlə yanaşı, koronavirusa görə karantin dövrü üçün hökumətin daha 10 istiqamətdə sosial yardım proqramı fəaliyyət göstərəcək?!

Nə isə, deyəsən mətləbdən bir az uzaq düşdük, zatən bu yazıda məqsədimiz heç də beşinci kalona münasibət deyil. Beşinci kalonun mahiyyəti, çirkin xisləti, xalqa zidd, düşmən mövqeyi cənab Prezident İlham Əliyevin xalqa müraciətində ifşa edilmişdir: "Təəssüflər ki, məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur. Eyni zamanda, biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik".

Xalq kimin kim olduğunu yaxşı bilir və beşinci kalona da münasibətini 2018-ci il prezident seçkilərində, 2019-cu ildə bələdiyyə seçkilərində, 2020-ci il parlament seçkilərində birmənalı ifadə etmişdir. Bir də ki, Ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə söylədiyi kimi:-"Həyatda şərəflə, şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir".

Təəssüf ki, müxalifətin normal, konstruktiv kəsimi beşinci kalona münasibətdə hələ də susqunluq və loyallıq göstətirlər.

Pandemiyanın sosial aspektləri və görülən sosial müdafiə tədbirləri

Koronavirus pandemiyası özü ilə bir çox tibbi, iqtisadi, sosial, psixoloji problemlər gətirdi. Uzun illər formalaşan və təmərgüzləsən iqtisadu münasibətlər kiçik bir zaman kəsiyində qırıldı, qloballaşan, az qala vahid bir sistem halında yaşamağa öyrəşən bəşəriyyət bir anın içində sosial özünü təcrid proqramına yükləndi, nəinki ölkələrarası və xalqlar arası, hətta fərdlər arası sosial əlaqələr minimuma endirildi. İş yerlərinin bağlanması, mədəni tədbirlərin, turizmin, istirahət, alış- veriş, kafe-restoran ziyarətlərinin kəsilməsi, toy- nişan, yas mərasimlərinin az qala qadağan olunması , "evdə qal" çağırışları və s.kimi karantin tədbirləri cəmiyyətdə sosial-psixoloji gərginliyi artırmış oldu.

Bəşəriyyət ciddi iqtisadi- sosial kollaps ərəfəsindədir. Bu proses ölkəmizdə də özünü sosial izolyasiya şərtləri çərçivəsində getdikcə daha qabarıq şəkildə göstərməkdədir. İnsan ictimai varlıqdır və hər bir fərdin öz sosial ehtiyacları, sosial maraqları, sosial tələbatları var. Bu maraqlar və tələbatlar insanın həyatı boyu formalaşır və onun sosial statusunu, davranışını , hədəflərini müəyyən edir. Kimi özünü dostları ilə, kimi iş yoldaşları ilə , kimi yaxın qohumları ilə sıx ünsiyyətdə xöşbəxt hiss edir. İndi bu əlaqələr qırılmışdır, əksinə individumlar uzun müddət ailə üzvləri ilə, qapalı şəraitdə bəzən darısqal mənzildə vaxt keçirmək məcburiyyətindədirlər.

Ailənin bütün üzvlərinin bir yerdə olması bir tərəfdən arzu ediləndirsə, digər tərəfdən günlərlə davam edən yeknəsəqlik insanları darıxdırır, ailənin müxtəlif yaş qrupuna və dünya görüşünə malik üzvləri arasında emosional gərginlik yaradır. Öz vərdiş etdiyi peşəsi ilə məşğul olmaq imkanını itirən, səhər işə gedib, axşam evə qayıdan kəsim üçün sosial təcrid psixoloji gərginlik mənbəyinə çevrilir. Müvəqqəti də olsa, işsiz qalmış, sosial əlaqələri və işgüzar münasibətləri zəifləmiş, qazancı azalmış, bəzi hallarda (əmək müqaviləsi olmayan, günəmuzd işləyənlər) isə qazancdan məhrum olmuş insanların köməyinə yenə dövlət gəlir. Dövlətin sosial müdafiə tədbirləri nə qədər vaxtında və ünvanlı olaraq göstərilirsə, böhran dövründə vətəndaş özünü o qədər güvəncli və inamlı hiss edir. Daxili siyasətində vətəndaşlarının sosial müdafiəsini və sosial rifahını prioritet istiqamət kimi müəyyən edən Azərbaycan dövləti hər zamankı kimi bu çətin vaxtda da xalqın yanında olduğunu oz əməli fəaliyyəti ilə bir daha təsdiq etdi.

Cənab prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşların həyat səviyyəsinə mənfi təsirlətinin azaldılması ilə bağlı 10 mart 2020- il tarixli sərəncamının icrası olaraq Nazirlər Kabineti tədbirlər planı hazırladı. Tədbirlər planında nəzərdə tutulan maliyə - iqtisadi tənzimləmə tədbirlərindən danışmaq bu yazının məqsədi olmadığından diqqəti daha çox hökumətin həyata keçirdiyi məşğulluq və sosial müdafiə tədbirlərinə yönəltmək istəyirəm. Hər şeydən öncə bildirim ki, koronaviriusla mübarizə çərçivəsində həyata keçirilən tədbirlər çoxşaxəlidir, 4 istiqaməti, 2.300.000 insanı əhatə edir, maliyyə tutumu 394 milyon manat təşkil edir.

Məlum olduğu kimi, sosial müdafiə tədbirləri əsasən 3 istiqamətdə həyata keçirilir: sosial təminat, sosial yardım və sosial dəstək. Azərbaycan hökuməti hər 3 istiqamətdə sosial müdafiə tədbirlərini zamanında, operativ, bütün ehtiyatlar səfərbər edilməklə, karantin rejimində aztəminatlı insanların xidmətlərə əlçatanlığı nəzərə alınmaqla həyata kecirir.

Sosial təminat – 1

Iki milyondan artıq insanı əhatə edən pensiya, müavinət, təqaüdlərin verilməsində nəinki ləngimə olmadı, əksinə, təyinatlar və ödənişlərin vaxtından əvvəl həyata keçirilməsi təmin olundu. Pensiya və digər ödənişlərin yalnız müvəkkil bankomatdan deyil, ən yaxında yerləşən istənilən bankomatdan əlavə xidmət haqqı ödənilmədən alınması imkanları yaradıldı.

Sosial yardım- 65 yaşdan yuxarı, tənha insanların evdən çıxmaması üçün onlara göstərilən bütün sosial və məişət xidmətlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz üzərinə götürdü və bu xidmətlər gündəlik olaraq sosial işçilər və könüllülər tərəfindən ləyaqətlə həyata keçirilir, 330 min nəfərə ünvanlı dövlət sosial yardımı verilir və sosial təcrid rejimi ilə əlaqədar ünvanlı sosial yardım verilməsi sadələşdiriləcək, yardım almaq müddəti isə heç bir diaqnostika aparılmadan avtomatik olaraq uzadılacaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər sosial tərəfdaşları ilə birlikdə 45 min ailəyə ərzaq yardımı göstərilməsi proqramını həyata keçirir. Sevindirici haldır ki, bu xoşməramlı təşəbbüsə ölkənin geniş içtimaiyyəti - iş adamları, deputatlar, qeyri- hökumət təşkilatları, müxtəlif icra hakimiyyəti qurumlarının təmsilçiləri də həvəslə qoşulmuşlar.

Sosial dəstək- Cənab Prezident İlham Əliyevin sərəncamı ilə koronavirus pandemiyasının fəsadlarının azaldılması məqsədi ilə hökumətə büdcədən ayrılmış 1 milyard manat vəsaitin xeyli hissəsi vətəndaşlarımızın iş yerlərinin qorunub saxlanılmasına, ixtisar hallarına yol verilməməsinə, əmək haqlarının karantin şəraitində də verilməsinə yönəldilmişdir. Bu tədbirlər sayəsində 300 min iş yeri saxlanılır, dövlət büdcəsindən maaş alan 910 min, özəl sektorda çalışan 664 min işçinin orta aylıq əmək haqqı saxlanılır. Dövlət büdcəsindən ayrılan vəsaitə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına 203 milyon manat, İşsizlikdən Sığorta Fondunun vəsaitindən 91 milyon manat vəsait də əlavə olunmaqla sosial müdafiə tədbirlərinə 394 milyon manat vəsait sərf olunacaqdır.

Eyni zamanda işsiz və iş axtaran vətəndaşlar, xüsusi ilə qeyri- leqal, əmək müqaviləsi olmadan çalışan karantin dövründə isə işsiz qalan şəxslərin sosial müdafəsini təmin etmək üçün aylıq əmək haqqı 250 manat olmaqla 50 min sosial iş yeri açmış, 200 min şəxsə isə yaşayış minimumu (190 manat) məbləğində iki aylıq müavinət verilməsinə başlanılmışdır. Artıq işsizliyə görə müavinətin ödənilməsinə başlanılmış və 40 minə yaxın işsiz vətəndaş bu müavinətlə təmin olunmuşdir.

Sosial dəstəyin başqa bir forması isə özünəməşğulluq proqramı çərçivəsində həyata keçirilir ki, bu il bu prorqram 11min ailəni əhatə edəcəkdir. 20 min nəfərə işsizlikdən sığorta müavinəti veriləcək, həmçinin, 2 min nəfər peşə hazırlığı kurslarının müdavimlərinə iki aylıq ödəniş həyata keçiriləcəkdir.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan 17 min tələbələnin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulmuşdur.

Sosial müdafiə sisteminin iş yükü olduqca artmışdır, əməkdaşlar istər onlayn, istər adi rejimdə seytnot vəziyyətində çalışırlar. Aprelin ilk on günlüyündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e- sosial.az saytına 17 milyondan çox baxış olmuşdur. Aprelin 1-dən 142-Çağrı Mərkəzi tərəfindən 65 551 vətəndaş müraciəti cavablandırılmış, çağrı mərkəzinin işçi heyəti 3 dəfə artırılmış, mərkəz 24 saatlıq iş rejiminə keçmişdir.

Koronavirus pandemiyasının psixoloji aspektləri

Artıq xeyli müddətdir ki, koronavirusun bəşəriyyətlə səssiz müharibəsi davam edir, günbəgün daha çox insan kütləsi qorxulu xəstəliyin ölüm təhdidi ilə üz -üzə qalır, bir çox insanlar xof və ümidsizlik içərisindədir. Koronavirus pandemiyası dünyanın düzənini pozmuş, bəşəriyyəti iqtisadi, tibbi, sosial sarsıntılara məruz qoymaqla yanaşı, həm də psixoloji baxımdan sınağa çəkməkdədir.

İnsanlarda bütün ekstremal vəziyyətlərdə olduğu kimi, müalicəsi və vaksini mövcud olmayan bu dəhşətli xəstəlik qarşısında bir xof, qorxu, ümidsizlik, panika, depressiya və apatiya halları yaranmışdır və bu psixo-emosional gərginlik müxtəlif dövlətlərdə fərqli diapazonda və intensivlikdə müşahidə olunmaqdadır. Koronavirusun geniş yayıldığı inkişaf etmiş ölkələrdə belə iqtisadi böhran və ümidsizlik xofu insanları marketlərə hücum çəkməyə və bir neçə saatın içində bütün rəfləri silib - süpürməyə sövq etdi.

Amma Azərbaycanda bu xof və panika baş vermədi. Baxmayaraq ki, beşinci kalonun Avropada və Amerikada oturan satqın nümayəndələri sosial şəbəkələrdə panika yayır, ciddi-cəhdlə xalqı ərzaq üsyanına təhrik edirdilər. Ona görə bu panika Azərbaycanda baş vermədi ki, xalq öz güclü Liderinə inanır, güvənir, onun göstərdiyi yolun ən doğru yol olduğunu bilir. Məhz xalqın cənab Prezident İlham Əliyevə inamı koronavirus qorxusunu adlada bildi.

İlk koronavirus xəstəsinin aşkar edildiyi 28 fevral tarixindən bu günə qədər koronavirusla mübarizə sahəsində Cənab Prezidentin apardığı tədbirlər xalqda öz liderinə inamı möhkəmləndirdi.

Koronavirusla mübarizə dövründə xalqımızın milli- mənəvi dəyərləri, humanistliyi, yardımsevərliyi bir daha önə çıxdı və bu ümumbəşəri bəla ilə mübarizədə bizə mənəvi- psixoloji dəstək oldu.

Ölkəmizin birinci vitde- prezidenti Mehriban xanım Əliyeva xalqımıza müraciətində çox haqlı olaraq qeyd edir: “Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik”.

İnandırıcı, maarifləndirici tədbirlərlə yanaşı məhdudlaşdırıcı tədbirlərin, o cümlədən, qaydaları pozmağa götə cəzaların sərtləşdirilməsi, Milli Məclis tərəfindən yubanmadan müvafiq qanunlara dəyişiklik edilməsi cəmiyyətin pandemiya ilə mübarizədə səfərbər olunmasına daha ciddi təminat yaratdı.

Bu gün Azərbaycan cəmiyyətində koronavirusla bağlı qorxu və təşviş yoxdur, əksinə, bir qədər biganəlik və arxayınçılıq var ki, bu hər birimizi düşündürməlidir.

Cənab president İlham Əliyev Bakıda "Yeni Klinika"nın açılışında bu barədə söyləmişdir: - Hesab edirəm ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir. Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz”.

Koronavirusla bağlı karantin rejiminin uzanması, insanların vərdiş etmədiyi sutka boyu evdə qalmaq rejimi, məşguliyyətin və maraqların təmin olunmaması, emosiyaların idarə olunmasında gərginliklərin meydana çıxması bəzi hallarda ailədaxili münasibətlərin kəskinləşməsi, ailə üzvləri arasında münaqişələrin yaranması kimi psixoloji problemlər doğurmaqdadır. Digər hallarda isə əksinə, tək yaşayan, ahıl və xəstə insanların özünü təcrid şəraitində depressiv və ipoxondrik reaksiyaları baş verə bilir ki, bütün bu hallarda ixtisaslı psixoloji yardımın təşkil edilməsi zərurəti yaranacaqdır.

Fikrimcə, ləngimədən karantin və postpandemiya dövrü üçün psixoloji xidmətin təşkil edilməsi, ehtimad telefonu çağrı mərkəzi yaratmaq barədə tədbirlər görməliyik. Eyni zamanda, koronavirusla mübarizənin ön cərgəsində olan, yoluxmaq təhlükəsi yüksək risk qrupuna aid edilən peşə sahiblərinin - tibb işçilərinin, polislərin və sosial xibmət işçilərinin psixoloji durumları da nəzarət altında saxlanılmalı, onlara dövlət hesabına ixtisaslı psixoloji yardımın göstərilməsi təmin edilməlidir.

Birlik harada- dirilik orada

Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın uğurlarını şərtləndirən amillərdən biri də cənab Prezidentin bu sahədə beynəlxalq əməkdaşlığa ciddi önəm verməsi, mövcud beynəlxalq təcrübənin, xüsusi ilə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrini nəzərə alaraq bu bəşəri bəla ilə mübarizə strategiyasını düzgün müəyyən etməsi oldu. Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Bu ilin 9-13 mart tarixlərində ÜST- ün aparıcı mütəxəssislərindən ibarət heyət ölkəmizdə səfərdə olmuşdur. Onlar ölkəmizdə vəziyyətlə tanış olaraq, görülmüş işlərə müsbət qiymət vermiş, Azərbaycanı pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişlər.

Cənab Prezident çox dogru olaraq vurğulayır ki, COVİD 19 global təhlükə olduğu üçün qlobal da cavab tələb edir. Heç də təsadüfi deyildir ki, məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə həsr edilib. Bu da əlamərdardır ki, Zirvə görüşündə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus da iştirak etmiş, pandemiya ilə mübarizədə Azərbaycanın uğurlarını qeyd etmiş, ölkəmizin dünya birliyinə töhfəsini yüksək qiymətləndirmişdir.

Zirvə görüşü bir daha göstərdi ki, bütün çətin anlarda Azərbaycan Prezidenti öz birləşdirici və səfərbər edici təşəbbüsü ilə önə çıxır, təkcə öz doğma xalqının deyil, bütün türk dünyasinin təəssübkeşi kimi çıxış edir, bu tarixi milli birliyi daha da möhkımlətmək üçün yorulmadan çalışır.

Artıq koronovirusla mübarizədə Azərbaycan təcrübəsi öyrənilməkdədir. Bu təcrübənin ən böyük örnəyi isə Lider- Xalq birliyidir. O birlik ki, çox çətin sınaqlardan çıxmış, daha da möhkəmlənmiş, mətinləşmişdir!

Məhz bu birliyin sayəsində biz koronavirus pandemiyasına da qalib gələcəyik, torpaqlarımızı da işğaldan azad edəcəyik, ərazi bütövlüyümüzü də bərpa edəcəyik, tarixi yurdlarımıza da qayıdacağıq, qələbə nəğməmizin nəqaratı olaraq əsgər marşı kimi, dua kimi, gələcək nəsillərə çatacaq qədər uca səslə oxuyacağıq: - BİZ BİR YERDƏ GÜCLÜYÜK!

Bütün xəbərlər Facebook səhifəmizdə