"Ermənistanın yeganə pəncərəsi İran idi" ÖZƏL - AÇIQLAMA

"İrəvanda düşünürlər ki, İsrailin müəyyən qədər Qərbə, həmçinin ABŞ-a çıxışları var və bu çıxışlar onları belə bir mürəkkəb vəziyyətdən çıxara bilər. Lakin, bütün bunlar tamamilə əsassız iddialardır". Bu sözləri SİA-ya açıqlamasında Qərbi Kaspi Universitetinin "Siyasi Elmlər" kafedrasının professoru, politoloq Fikrət Sadıxov Ermənistanın xarici siyasətindən və əsassız iddialarından danışarkən deyib.

Politoloq bildirib ki, Ermənistan hal-hazırda təcrid olunmuş bir vəziyyətdədir və bunun səbəbi hər kəsə məlumdur: "Ermənistanın təcrid olunma səbəbləri hər kəsə məlumdur. Bu ölkənin həm Azərbaycanla, həm də Türkiyə ilə sərhədləri bağlıdır. Ermənistan ölkəmizlə münaqişə şəraitini davam etdirir. Ermənistanın yeganə pəncərəsi İran İslam Respublikası idi. İran isə hal-hazırda sanksiyalar altındadır və demək olar ki, İranın iqtisadiyyatı da çökmək ərəfəsindədir. Burada koronavirusla bağlı vəziyyət olduqca mürəkkəb və gərgindir".

Onun sözlərinə görə Ermənistan hazırda çıxış yolu axtarmağa çalışır və buna görə də İsraillə əlaqələr qurmağı hədəfləyir: "Çıxış yolu axtarışında olan Ermənistan çalışır ki, əsas aparıcı ölkələrlə əlaqə saxlasın. Hazırda, ermənilərin düşündükləri qədərilə İsrail əlçatandır. Amma bu heç də o demək deyil ki, İsrail qarşılıqlı şəkildə bu münasibətləri genişləndirməyə hazırdır. Təbii ki, Ermənistanla düşmənçilik etmək fikrində deyil. Lakin, İsrail dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Heç vaxt Dağlıq Qarabağı müstəqil bir dövlət qurumu kimi tanımayıb. Bu birmənalıdır. İsrailin Azərbaycanla artıq dərəcədə geniş əlaqələri mövcuddur. Bir çox sahədə, o cümlədən hərbi-texniki sahədə əlaqələrin olması mühüm bir məqamdır. Təbii ki, İrəvanda düşünürlər ki, İsrailin müəyyən qədər qərbə, həmçinin ABŞ-a çıxışları var və bu çıxışlar onları belə bir mürəkkəb vəziyyətdən çıxara bilər. Lakin, bütün bunlar tamamilə əsassız iddialardır. Həm coğrafi baxımdan, həm geosiyasi baxımdan İsraillə Ermənistanın münasibətləri heç vaxt genişmiqyaslı şəkildə inkişaf edə bilməz".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...