“Yoluxmanın azalması insanlarda arxayınlıq yaratmamalıdır” RƏY-ÖZƏL

“Dünyada qlobal pandemiya ilə bağlı məlumatlar dünya mediasının diqqət mərkəzindədir. Etiraf edək ki, bu gün hər birimizin ən çox gözlədiyi məlumatlar koronavirusla bağlı ayrı-ayrı ölkələrin statistikası və ümumilikdə prosesin necə getməsi ilə bağlıdır. Öz ölkəmizdə bununla bağlı gedən prosesləri izləməyimiz də təbii prosesdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən ötən gün koronavirusa yoluxanlarla bağlı açıqlanan rəqəmlərin ondan öncəki günlərlə müqayisədə az olması heç də bizi arxayınlaşdırmamalıdır: “Bu, vaxtında atılan addımların nəticəsidir. Mart ayının 3-dən ölkəmizdə təhsil müəssiələrinin fəaliyyətinin dayandırılması, ayın 14-dən kütləvi tədbirlərin, toy və digər şənlik mərasimlərinin qadağan olunması, martın 24-dən sərt karantin tədbirlərinin həyata keçirilməsi, aprel ayının 5-dən isə hərəkət məhdudluğu kimi müvafiq addımların atılması ölkəmizdə koronovirusa yoluxma ilə bağlı tendensiyanın azalmasına kömək olub”.

Deputat vurğulayıb ki, Azərbaycanda koronavirusla bağlı mübarizə istiqamətində tədbirlər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilir: “Eyni zamanda “Evdə qal” aksiyası çərçivəsində insanlarımızın sosial problemlərin həlli, bu pandemiyadan zərərçəkməsi gözlənilən, risk qrupuna aid olan ayrı-ayrı sahibkarlıq subyektlərinin diqqətdən kənarda qalmaması, ölkənin makroiqtisadi sabitliyi istiqamətində atılan addımlar vətəndaşlarımızda bir rahatlıq yaradıb”.

İ. Məmmədov söyləyib ki, görülən tədbirlərə baxmayaraq tətbiq olunan qərarlara məsuliyyətsiz yanaşan, üzərilərinə düşən vəzifəni yerinə yetirməyən insanlar da var: “Hesab edirəm ki, əgər biz sosial məsuliyyəti dərk edib karantin tədbirlərinə ciddi əməl etsək, daha çox xoş xəbərlər almağa köklənə bilərik. Düşünürəm ki, ötəngünkü rəqəmlərdən arxayınlaşıb, koronavorusla bağlı aparılan mübarizəni zəiflətməməliyik. Əskinə əhali bu sevincli xəbərləri əsas götürərək mübarizənin aparılması istiqamətində dəstəyini daha da artırmalıdır”.

Millət vəkili qeyd edib ki, ötəöngünkü statistik rəqəmlər bir daha sübut edir ki, ölkəmiz tərəfindən atılan addımlar öz müsbət nəticəsini verməyə başlayıb: “Lakin hələki sağalma faizi yoluxanların azdır. Nə zaman ki, sağalanların sayı yoluxanların sayını üstələcəyək o zaman biraz arxayınlaşa, pandemiyanın zəncirini qırdığımızı düşünə bilərik. Bu baxımdan vətəndaşlarımız sosial məsuliyyətlərini dərk edərək, karantin rejimi tədbirlərinə əməl etməli, lüzumsuz şəkildə evdən çıxmamalıdırlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə