"İndiyədək xarici ölkələrdə olan 15 mindən çox vətəndaşımız Azərbaycana gətirilib" - Hikmət Hacıyev

Xaricdəki Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. İndiyədək xarici ölkələrdə olan 15 minə yaxın vətəndaşımızın müxtəlif xətlərlə, o cümlədən dövlət hesabına həyata keçirilən çarter reyslərlə Azərbaycana gətirilməsi təmin olunub. Həmin vətəndaşlar xüsusi karantin zonalarında yerləşdirilir.

SİA xəbər verir ki, bunu aprelin 8-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, aprelin 20-nə qədər Azərbaycana beynəlxalq hava yolları və quru yollarla, sərhəd-keçid məntəqələri vasitəsilə giriş-çıxış dayandırılıb. Bu hal yükdaşımalara şamil edilmir. Sərhədlər bağlansa da, müstəsna hallar qeydə alınır.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, xaricdəki diplomatik nümayəndəliklər vətəndaşlarımızla təmasdadırlar. Xüsusi ehtiyacı olan vətəndaşlara diplomatik nümayəndəliklər, aidiyyəti dövlət qurumları dəstək göstərirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə