“Uşaq mətbuatı bu gün: problemlər, perspektivlər” mövzusunda mətbuat konfransı keçirilib

“Uşaq mətbuatı bu gün: problemlər, perspektivlər” mövzusunda mətbuat konfransı keçirilib
Bu gün Azərbaycan Qadın Jurnalistlər Assosiasiyası (AJQA) "Uşaq mətbuatı bu gün: problemlər, perspektivlər" mövzusunda mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, konfransda AJQA-nın prezidenti Sevil Yusifova, millət vəkili Gülər Əhmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və başqaları iştirak ediblər.

İlk olaraq çıxış edən S. Yusifova bildirib ki, konfransın keçirilməsində məqsəd uşaq mətbuatının durumuna nəzər yetirmək, bu sahədə mövcud olan problemləri aradan qaldırmaq yönümündə müzakirələr aparmaqdır.

AJQA-nın prezidenti onu da qeyd edib ki, uşaqlara yönəlik müxtəlif proqramların həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitə və hökumətin göstərdiyi dəstəyə baxmayaraq yaradıcılıq sahəsində, əsasən də uşaq mətbuatı və uşaq ədəbiyyatının nəşri və yayılmasında hələ də problemlər mövcuddur.
Sevil Yusifova çıxışının sonunda vurğulayıb ki, bu gün uşaq mətbuatının durumunun təhlili onu göstərir ki, ölkədə uşaq telekanalının yaradılmasına ehtiyac var: "Bu sahədə boşluğu yalnız uşaq televiziya kanalının açılması ilə doldurmaq olar".

Millət vəkili Gülər Əhmədova uşaqlara həsr olunan kanalın açılması təklifini yüksək qiymətləndirib: "Ancaq onu qeyd edim ki, bir çox televiziya kanallarımız uşaq hüquqlarını pozan filmlər nümayiş etdirirlər ki, bunun qarşısını almaq lazımdır. Çünki Avropa ölkələrində axşam saat 9-a qədər bu kimi filmlərin yayımlanmamasına xüsusi diqqət ayırır".

Bütün xəbərlər Facebook səhifəmizdə