"Bu, Prezidentin ölkə vətəndaşlarına göstərdiyi qayğının bir nümunəsidir" - ÖZƏL MÖVQE

“Aprel ayının 6-da cənab prezident İlham Əliyev tərəfindən növbəti bir humanist addım atılaraq əfv sərəncamı imzalanıb. Əfv sərəncamında əsasən 65 yaşından yuxarı azadlıqdan məhrum olunmuş insanlar əhatə olunub. 11 nəfəri qadın olmaqla həmin şəxslər artıq azadlığa çıxıblar”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, bu addım koronavirus pandemiyasının baş verdiyi ərəfədə cənab Prezientin tapşırığı əsasında həyata keçirilən tədbirlərin növbəti bir mərhələsidir: “65 yaşdan yuxarı şəxslər koronavirusla əlaqədar risk qrupuna daxil olduqlarını nəzərə alaraq Prezidentin bu sərəncamı imzalaması ölkə vətəndaşlarına göstərdiyi qayğının bir nümunəsidir. Bu günə kimi cənab Prezidentimizin rəhbərliyi ilə bu cür əfv sərəncamları imzalanıb və minlərlə şəxs bu əfv sərəncamları ilə öz azadlıqlarına yenidən qovuşublar”.

C.Osmanov bildirib ki, eyni zamanda Azərbaycan Respublikasının birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva da dəfələrlə bu cür təşəbbüslərlə çıxış edib: “Azərbaycan cənab Prezidentin rəhbərliyi ilə koronavirusla mübarizə zəmnində çox ciddi tədbirlər həyata keçirib və bu tədbirlər sayəsində xəstəlik hazırda nəzarətdə saxlanılır. İmzalanan əfv sərəncamı həyata keçirilən bütün tədbirlərin yeni bir mərhələsi idi ki, cənab Prezident məhz Ulu Öndər Heydər Əliyevin humanizm prinsiplərini əldə rəhbər tutaraq bu addımı atıb. Biz də öz növbəmizdə əfv olunan insanları, onların ailələrini təbrik edirik. Pandemiyanın bütün dünya üzərindən qara bulud kimi keçdiyi bir vaxtda həmin ailələrə bu qədər böyük bir sevincin bəxş edilməsi Prezidentimizin bu addımı nəticəsində olub”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə