"Qondarma Dağlıq Qarabağ Respublikası heç bir dövlət tərəfindən tanınmayıb. Ermənistanın bu istiqamətdə etdiyi siyasi cəhdlərin hamısı da uğursuz olub". Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə ekspert Qabil Hüseynli Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"in ayrı-ayrı dövlətlər və təşkilatlar tərəfindən tanınmaması məsələsindən danışarkən deyib.
O bildirib ki, dünyanın əksər dövlətləri bu seçkilərin nəticəsini tanımayıb və üstəlik onların bir çoxu əvvəlcədən seçkilərin qeyri-qanuni olduğunu da bəyan ediblər: "Beləliklə, bu seçkilərin qeyri-legitim olduğu və hüquqa zidd olduğu həm beynəlxalq təşkilatlar, xüsusilə də BMT tərəfindən vurğulandı, həm də ayrı-ayrı aparıcı dövlətlər tərəfindən qınanıldı. Belə bir şəraitdə tanınmayan bir məkanda həmin məkanın yerləşdiyi dövlətin qanunlarına zidd olaraq keçirilən seçkilərin heç bir siyasi perspektivinin olmayacağını yəqin ki, ermənilərin özləri də bilirlər".
Məsələ ilə bağlı Ermənistanın bundan sonra atacağı addımlardan da danışan ekspert əlavə edib ki, onlar erməni lobbisinə və müəyyən ermənipərəst qüvvələrə güvənərək bu məsələdə irəliləyişlər olmasına nail olmağa çalışacaqlar və heç olmasa bir-iki dövlət tərəfindən bu qondarma "seçkilər"in tanınmasına nail olmağa çalışacaqlar: "Bu seçkilərin nəticələrinin ancaq Rusiyanın işğal mərkəzində yaranmış Obxaziya və Cənubi Osetiya tərəfindən tanınmasına nail ola bilərlər və bu da təbiidir. Çünki, postsovet məkanında olan bu qurumların hamısı daxil olduqları suverən respublikalara qarşı qiyam qaldırmış və onların tərkibindən çıxmış dövlətlərdir ya da Rusiyanın köməyi ilə Rusiyanın işğalı nəticəsində dırnaqarası müstəqillik qazanmış respublikalardır. Yəni, faktiki olaraq bunların hamısı postsovet dövründə yaranmış etnik münaqişələr və onun bəlli bir dövlət tərəfindən qızışdırılması nəticəsində yaranmış mini məkanlardır.
Qondarma Dağlıq Qarabağ Respublikası heç bir dövlət tərəfindən tanınmayıb. Ermənistanın bu istiqamətdə etdiyi siyasi cəhdlərin hamısı da uğursuz olub. Çünki, Azərbaycan Respublikasının ərazisində baş verən bu proseslər beynəlxalq təşkilatların nəzarəti altındadır. Məsələni danışıqlar yolu ilə ATƏT-in Minsk qrupu çərçivəsində nizama salmağa çalışırlar. Amma hələ ki, bir nəticə olmadığından mövcud status kvonun dəyişməməsi üzündən hələ ki, sülh danışıqlarında da irəliləyişlər yoxdur. Bu səbəbdən Ermənistanın hər hansı bir cəhdi uğursuz nəticələnəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB