Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır Ağalar Vəliyev

"2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev deyib.

A. Vəliyev bildirib ki, döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. Millət vəkilinin sözlərinə görə, Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini göstərdi.

"Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırdı: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri göstərdi ki, bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda ölümə getməyə hazırdırlar".

Bu döyüşlərdə goranboylular da böyük əzm və şücaətlər göstərmişdir. Ordumuzun xüsusi təyinatlısı Bəxtiyar Hüseynov fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış, neçə-neçə Goranboylu gənclər Aprel qazisi kimi şərəfli adı qazanmışlar.

İstər 2016-cı ilin aprel döyüşləri, istər Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr edilən paradlar, istərsə də genişmiqyaslı təlimlər təsdiqlədi ki, Ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyətlə bildirib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına heç zaman imkan verməyəcəkdir. 2016-cı ilin apreli bu qətiyyətin başlanğıcı oldu. Bu, ordu ilə xalqın birliyinin qələbəsi kimi tarixləşdi. Bu qələbə ermənilərin illərlə formalaşdırmaq istədiyi rəyin puç olduğunu da təsdiqlədi. Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmriylə başlanğıcı 2016-cı ilin aprel döyüşləri olan Böyük Qələbəni qazanmağa qadirdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar, Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalır.
2020-ci ilin fevral ayında Almaniyanın Münhen şəhərində keçirilən 56-cı Təhlükəsizlik konfransında Prezidentimiz cənab İlham Əliyevin, heç bir siyasi nüfuzu və idarəçilik təcrübəsi olmayan, küçə hərəkatından hakimiyyətə gəlmiş ermənistanın baş naziri paşinyanla siyasi debatında, onu necə çıxılmaz və məğlub duruma salması bütün dünya mediasının əsas xəbərinə çevrildi".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...