"Xalqımızın, cəmiyyətimizin borcu qaydalara riayət etməkdir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qəbul etdiyi bütün qərarlar Azərbaycan xalqının təhlükəsizliyinə xidmət edir". Bunu SİA-ya Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Mərkəz sədrinin sözlərinə görə, bu qərarlar bizim koronovirus bəlasından uzaq qalmağımız, pandemiyadan xalqımızın az itki ilə çıxması üçün qəbul edilir: "Təbii ki, hər bir vətəndaşın da borcu bu qərarlara əməl etməkdir. Ümumiyyətlə biz azadlığa meyilli xalqıq. Şairlərimiz, yaradıcı insanlarımız uzun illər aya, ulduza, səmaya baxıb şeirlər yazıblar, mahnılar qoşublar. Amma biz hələki bu yaşam tərzindən imtina etməliyik. Öz sağlamlığımız naminə azadlığımızı qurban verməliyik. İnsanın sağlamlığı onun hüquqlarından, azadlığından öndə gəlir. Hətta bəzən dostlarım evdə qala bilməməsi ilə bağlı mənə şikayət edəndə onlara lazımi məsləhətlərimi verirəm. Biz seçim etməliyik. Ya 50 kvadrat metrlik evlərimizdə 1-2 ay qalmalıyıq, ya da gedib 2 merlik qəbirə çıxmalıyıq. Hesab edirəm ki, vəziyyət bu qədər təhlükəlidir. Bu pandemiyaya yoluxan adam həm də 40-50 nəfəri bu bəlaya düçar edir. Bu gün Azərbaycanda kifayət qədər təsirli tədbirlər görülür. Azərbaycan xalqının, cəmiyyətin borcu bu qaydalara riayət etməkdir. Hətta mən cəzaların bir qədər də sərtləşdirilməsinin tərəfdarıyam. Heç kimin ixtiyarı yoxdur ki, məsuliyyətsizlik edib ətrafdakı insanları da yoluxdursun".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə