"Dövlətimiz ilk gündən virusla mübarizədə qabaqlayıcı kompeks tədbirlər gördü” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan dünyanın bir parçasıdır və qlobal xarici şoklar bütün ölkələr kimi Azərbaycan iqtisadiyyatına da öz neqativ təsirlərini göstərməkdədir. Pandemiyanın yayıldığı ilk gündən başlayaraq Azərbaycan dövləti bu faciə ilə mübarizədə qabaqlayıcı kompeks tədbirlər görməyə başladı”. Bunu SİA-ya YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin birbaşa nəzarətində olan bu məsələ ilə bağlı müxtəlif önləyici addımlar atıldı, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması, təhlükəsizliyinin və sosial rifahının təmin edilməsi istiqamətində səmərəli və təsirli tədbirlər görüldü: “Bununla yanaşı, hökumət komandası pandemiya iqtisadi inkişafına vurduğu zərbənin təsirlərini qiymətləndirmək üçün iqtisadiyyatın dərin və əhatəli diaqnostikasını apardı. Nəzərə alsaq ki, yeni qlobal böhranın 2008-2009-cu illərin böhranından daha da ağır olacağı proqnozlaşdırılır, pandemiya beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirlərini daha da artırmaqdadır. Bbelə bir vəziyyətdə Azərbaycan hökumətinin xüsusi qabaqlayıcı antiböhran paketi hazırlayaraq qəbul etməsi labüdləşdi. “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da məhz qlobal resessiyaların ölkəmizin iqtisadiyyatına təsirlərini qarşılamaq kimi strateji məqsədi daşıyır. Dövlət başçısının imzaladığı həmin Sərəncamdan irəli gələn məsələlərin həlli məqsədilə müvafiq dövlət qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradıldı. İşçi qrupunun və özəl sektorun, biznes icmasının birgə apardığı qiymətləndirmələrə əsasən, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı geniş antiböhran paketi- dəstək proqramları hazıranıbdır. Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş bütün sahələrin dərin diaqnostikası aparılaraq iqtisadi və sosial sektorlarda ən çox, əhəmiyyətli və minimum ziyan çəkən sahələr müəyyən edilibdir.

Hökumətin dəstək paketi zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Dəstək proqramlarıının əsas hədəfi biznes sektorunun, istehsal, xidmət müəssisələrinin, rentabelli təşkilatların dayanıqlılığını təmin etməkdir. Biznesin üzləşdiyi sosial-iqtisadi təsirlərin qısa bir zamanda aradan qaldırılması, qabaqlayıcı tədbirlərin görülməsi ümumi iqtisadi sabitliyin, dayanıqlılığın təmin edilməsində daha əhəmiyyətli rol oynayır. Bu isə birbaşa bu məsələdə dövlətin ədalətliliyini və humanizmini nümayiş etdirir. Bu proqramların maliyyə tutumu 2,5 milyard manatdır və Azərbaycanın ÜDM-nin 3,1%-ni təşkil edir. İqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə regionda bu həcmdə dəstək paketi nəzərdə tutulmayıb. Müqayisə üçün bildirim ki, bir çox region ölkələri də koronavirusla mübarizəni nəzərdə tutan dəstək proqramları hazırlayıb. Məsələn, Gürcüstanda bu göstərici ÜDM-in 2 faizi, Rusiyada ÜDM-nin 0,3 faizi, Türkiyədə ÜDM-in 2 faizi, Qırğızıstanda ÜDM-in 1 faizi, Özbəkistanda ÜDM-in 1,5 faizi həcmindədir. Azərbaycan hökumətinin pandemiyanın zərələrini qarşılmaq üçün gerçəkləşdirdiyi dəstək proqramı digər ölkələrlə müqayisədə həm maliyyə tutumuna görə, daha böyük, eyni zamanda, sektorların dəstəklənməsinə görə, genişmiqyaslıdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə