"Bu, seperatçılar üçün qara tarix olacaq" ÖZƏL - AÇIQLAMA

"Demək olar ki, bütün beynəlxalq qurumlar NATO, Avropa Şurası, ATƏT-in Minsk qrupu hamılıqla bu qondarma seçki prosesini tanımadıqlarını bəyan etdilər. Bu da onu göstərir ki, qondarma seçkilərdə yalnız ermənilər özləri çalıb, özləri oynayırlar". Bu sözləri SİA-ya açıqlamasında hərbi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Dağlıq Qarabağda keçirilən qondarma sçkilərin nəticələri və beynəlxalq təşkilatların bu məsələdə qəti etiraz mövqeyindən danışarkən deyib.

Üzeyir Cəfərov xüsusilə vurğulayıb ki, bütün bu proseslər fonunda bir daha bu qondarma seçkilərdə yalnız ermənilərin çalıb-oynadığını göstərir: "Demək olar ki, bütün beynəlxalq qurumlar NATO, Avropa Şurası, ATƏT-in Minsk qrupu hamılıqla bu qondarma seçki prosesini tanımadıqlarını bəyan etdilər. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də Azərbaycanın bu məsələdəki mövqeyini ifadə etdi. Düşünürəm ki, bu ermənilər üçün Dağlıq Qarabağda keçirilən sonuncu qondarma prezident seçkiləridir. Bu, seperatçılar üçün qara tarix olacaq. Azərbaycan bundan sonra danışıqları sırf danışıqlar xatirinə uzatmayacaq. Ölkəmizin buna fikri yoxdur. Biz bu mövqeyimizi də qəti olaraq bildirmişik. Bəli, koronavirus pandemiyasından dolayı dövlət danışıqlarda bir qədər durğunluq yaşayır. Lakin ölkəmiz hələ ki, gözləmə mövqeyindədir. Belə də sonsuza qədər davam etməyəcək. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etməkdə qətiyyətlidir, bunu ermənilər də bilirlər"

Bu qondarma seçkilərin nəticəsini isə sadəcə bir şou olaraq dəyərləndirən ekspert seçkilərin nəticəsinin də sadəcə iki-üç separatçı qurum tərəfindən tanına biləcəyini bildirib: "Bu məsələdə yalnız separatçılar özləri deyib özləri də eşidəcəklər. Bildiyiniz kimi Dağlıq Qarbağda da Ermənistanda olduğu kimi koronavirus yayılıb. Təbii ki, onlar seçkidə müəyyən sayda insanın iştirak etdiyini deyəcəklər. Lakin bunlar hamısı bir şoudur. Əvvəla, beynəlxalq qurumlardan bu qondarma seçkilərdə heç kəs iştirak etməyib. İkincisi də, bir qrup insanı ora gətirməklə sadəcə şou yaratmaq istəyirlər. Bu da mənasız bir addımdır və prinsip etibarilə mətbuat olaraq buna önəm belə verməməliyik. Çünki, Dağlıq Qarabağda separatçı rejim indiyə qədər keçirdiyi seçkilərdə nəyə nail olub, axı? Beynəlxalq aləm onların bu aktlarını tanımayıb və tanımayacaq. Azərbaycanın siyasi hərbi rəhbərliyi bu məsələdə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb edir və bu məsələ mütləq şəkildə öz həlini tapacaq"

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...