"Koronavirus bəlasından heç kim sığortalanmayıb" ÖZƏL-MÖVQE

"Çox təəssüflər olsun ki, biz hələ də koronovirus (COVİD-19) infeksiyasının ciddiliyini qəbul etmirik. Bəlkə də insanlarımız dərk etmir ki, nə qədər dəhşətli bir bəla ilə bəşəriyyət üz-üzədir. Artıq Elmi-Tədqiqat İnstitutları, ayrı-ayrı strateji mərkəzlər, ayrı-ayrı bu kimi halları öyrənən mərkəzlər ən yaxşı halda belə olan ölüm faizini açıqlayırlar". Bunu SİA-ya millət vəkili İlham Məmmədov deyib.

"Məsələn, ABŞ hesab edir ki, əgər 200 min insanın tələfatı ilə bundan yaxa qurtarsalar yaxşı haldır. Bu gün görün ki, dəhşətli bəlaya qarşı nə kimi proqnozlar verirlər. Yəni bunu başa düşmək lazımdır. Bu qurbanların içərisində hər birimiz ola bilərik. Ona görə də mən xalqımıza, vətəndaşlarımız müraciət edərək bildirirəm ki, siz bu məsələnin ciddiliyini başa düşün. Bu gün Azərbaycan dövləti əlavə vəsait xərc edərək küçələrdə lüzumsuz yerə bu xəstəliyi, bəlanı nəzərə almadan digərlərini yoluxdurmağa cəhd edən insanların qarşısını alır. Əziz vətəndaşlarımız onu başa düşün ki, ona çəkilən əlavə vəsait və xərc bu gün həmin bəlaya qarşı düşən mübarizəyə yönəlməlidir. Təbii ki, ölkəmiz, dövlətimiz, cənab Prezidentimiz artıq dəfələrlə insanlarımız müraciət edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz müraciətində qeyd edir ki, bu bizim gözləmədiyimiz və təsəvvürümüzə gətirə bilmədiyimiz bir bəla ilə üzləşmişik. Bu bəlanın qarşısında heç kim sığortalanmayıb. Ona görə də hesab edirəm ki, insanlarımız bunun mahiyyətini başa düşməlidir"-deyə, İ.Məmmədov fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə