Azərbaycanlıların soyqırımına beynəlxalq ictimaiyyət lazımi qiymət verməyib BMTM

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) açıqlama yayıb.

SİA-nın məlumatına görə, açıqlamada deyilir:

"Hər il 31 mart tarixi Azərbaycan Respublikasında və bütün dünya azərbaycanlıları tərəfindən xalqımızın soyqırımı günü kimi qeyd olunur. 1918-ci il mart-aprel tarixləri Bakı, Şamaxı, Quba, və digər ərazilərdə azərbaycanlıların Bakı Soveti və erməni silahlı dəstələri tərəfindən kütləvi şəkildə öldürülməsi, öz yurd-yuvalarından sürgün edilərək repressiyalara tuş gəlməsi kimi qanlı hadisələrlə yaddaşlara həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyət zəminində qətlə yetirilmiş, bu ərazilərdə yerləşən azərbaycanlılara məxsus evlər yandırılmış, məktəblər, xəstəxanalar, məscid və digər infrastruktur və mədəni abidələr məhv edilmişdir. 1918-ci ilin mart qırğınları "Böyük Ermənistan" xülyası ilə yaşayan ermənilərin azərbaycanlılara qarşı kütləvi qırğınının davamı idi.

Azərbaycan Demokratik Respublikası (ADR) yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılması üçün Nazirlər Şurası tərəfindən Fövqəladə İstintaq Komissiyası yaradılmışdır. Lakin ADR-in süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin tam olaraq təhqiq edilməsi və ona müvafiq siyasi-hüquqi qiymət verilməsi mümkün olmamışdır. Bu qanlı hadisələrə müstəqil Azərbaycan Respublikasının yaranmasından sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında adekvat siyasi qiymət verilmiş və həmin gün "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir.

Lakin təəssüflər olsun ki, azərbaycanlıların milli-etnik mənsubiyyət zəminində məruz qaldıqları bu qətliamlar beynəlxalq ictimaiyyət tərəfindən hələ də öz lazımi siyasi-hüquqi qiymətini almamışdır. 1918-ci ilin hadisələri ermənilər tərəfindən azərbaycanlılara qarşı davamlı və sistemli şəkildə bu gün də törədilən cinayətlərin əsasında dayanaraq müasir tarixin ən qanlı və qara səhifələrindən birini təşkil etmişdir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...