"Dağlıq Qarbağda keçiriləcək qondarma seçkilər publikaya hesablanıb" - AÇIQLAMA

"Ermənistan birinci dəfə deyil ki, Dağlıq Qarabağda saxta seçkilər keçirir. Orada əvvəllər də saxta parlament, bələdiyyə seçkiləri keçirilib. Ermənistan hazırda çox çıxılmaz vəziyyətdədir. Ölkədə koronavirusa yoluxanların sayı artıq 500 nəfərə yaxınlaşır. Ermənistanın da nə səhiyyəsinin, nə maliyyə ehtiyyatlarının koronavirusa qarşı mübarizənin qarşısının alınmasında hər hansı gücü yoxdur". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, digər dövlətlərin də bu məsələ ilə əlaqədar başı öz ölkələrinə qarışdığından ermənilərə kömək etmək istəmirlər: "Bu cür çətin vəziyyətdə Paşinyan çox aşağı olan reytinqlərini bu yolla qaldırmağa çalışır. Keçiriləcək qondarma seçkilər publikaya hesablanmış bir hadisədir. Çünki bizə çatan məlumatlara görə, erməni mətbuatı artıq yazır ki, Dağlıq Qarabağ ərazisində artıq koronavirus yayılıb, amma bu məsələni gündəmə gətirmək istəmirlər. Hətta bəzi saytlar yazır ki, Dağlıq Qarabağda koronavirusa yoluxanlar Azərbaycan müraciət etmək istəyirlər. Azərbaycan belə olan halda təbii ki, onlara sahib çıxacaq, çünki onlar bizim vətəndaşlarımızdır. Keçiriləcək seçkilərlə əlaqədar Dağlıq Qarabağdan bu xəbərlərin yayılmaması üçün çalışırlar. Lakin ingilis dilli bir sıra saytlar belə bu barədə artıq yazmağa başlayıblar".

Politoloq bildirib ki, bu sabah Dağlıq Qarabağda nəzərdə tutulan prezident seçkiləri də növbəti qondarma seçkilərdən biridir: "Əvvəla bununla əlaqədar ATƏT-in Misk Qrupu bəyanat verməlidir, lakin onlar yenə də öz səssizlikləri qoruyaraq, hər zamanki kimi lal mövqedə dayanıblar. Qondarma seçkilərlə əlaqədar Xarici İşlər Nazirliyi artıq bəyanat verib və Azərbaycanın müvafiq qurumları öz münasibətlərini bildiriblər. Yaxşı olar ki, Azərbaycanda olan müxalif siyasi partiyalar da bəyanatlarla çıxış etsinlər. Bundan əlavə Azərbaycanın xaricdə kifayət qədər diaspora təşkilatları var. Onlardan dövlət marağını güdənlər də, güdməyənlər də var. Lakin Qarabağ bizim elə yaramızdır ki, bu məsələdə artıq iqtidar-müxalifət anlayışı yoxdur. Azərbaycana hörmət edən istənilən şəxs mütləq bu tip bəyanatlarla çıxış etməlidir".

C.Nuriyev vurğulayıb ki, onlar dünyanın müxtəlif dövlətlərindədirlər və onların əllərində bunun üçün kifayət qədər imkanlar var: "Buna görə də bu məsələdə öz dəstəklərini göstərməlidirlər. Əgər göstərmirlərsə, onlar patriotizmdən, millətçilikdən, dövlətçilikdən danışmasınlar. Dövlət milli birlik və həmrəylik üçün lazım olan zamanda dövlətin maraqlarının yanında deyillərsə, bu o deməkdir ki, bu insanlar birmənalı şəkildə sifarişlə işləyirlər. Bütün hallarda biz keçiriləcək qondarma seçkilərə hər zamankı kimi öz münasibətimizi bildirməliyik. Azərbaycan mediası, dövlət qurumları buna öz münasibətlərini bildiriblər. Yaxşı olar ki, yeni seçilmiş Milli Məclis də bu məsələ ilə əlaqədar bir bəyanatla çıxış etsin. Ümumilikdə bütün hallarda Azərbaycan dövlət səviyyəsində nə lazımdırsa edib və edəcək".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə